Britaniya parlamenti Boris Consonun 'əlini-qolunu bağladı'

Britaniya parlamenti Boris Consonun 'əlini-qolunu bağladı'
5 Sentyabr 2019
Mətni dəyiş

Britaniya parlamenti baş nazir Boris Consunun ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsi planını bloklayan qanunu qəbul edib.

Müxalifət və onun mövqeyini dəstəkləyən hakim mühafizəkar millət vəkilləri sentyabrın 4-də bu qanun layihəsinin İcmalar Palatasından keçməsini təmin ediblər.

Üçüncü və sonuncu oxunuşda qanun layihəsinin leyhinə 327, əleyhinə 299 millət vəkili səs verib.

Qanun layihəsinə görə, İngiltərə hökuməti 19 oktyabra qədər AB ilə Breksit müqaviləsi üzrə razılaşma əldə edə bilməsə, Avropa Birliyindən Breksit üçün 3 aylıq əlavə vaxt istəyəcək.

Əgər tam mətni təsdiq olunarsa, onda bu qanun baş nazir Boris Consonun Brüsseldən Avropa İttifaqından ayrılma prosesinin yanvarın 31-dək uzadılmasını xahiş etməsini tələb edəcək.

Məlumata görə, qanuna Boris Consunun Avropa İttifaqına göndərəcəyi xahişnamənin mətni də daxil edilib.

Conson bundan əvvəl demişdi ki, Britaniya “sazişli və ya sazişsiz” ittifaqı oktyabrın 31-dək tərk edəcək.

O səsvermədən əvvəl erkən seçki çağıracağı və müxalifəti dəstəkləyən mühafizəkarların partiyadan xaric olunacaqları ilə hədələmişdi.

Baş nazir deyib ki, sazişsiz Breksitin bloklanması yeni razılaşmaya dair danışıqları pozacaq və təşəbbüsü tamamilə Avropa İttifaqına verəcək.

Bu səsvermədən sonra Boris Conson təcili seçki keçirilməsi barədə təklif verib. Ancaq parlament təklifi qəbul etməyib.

Boris Conson bunu da deyib ki, sözü gedən qanun layihəsi 2016-cı il referendumunun nəticələrini “alt-üst” etməyə hesablanıb.

Baş nazir millət vəkillərinin Breksit prosesinə müdaxiləsinin qarşısını almaq üçün keçən həftə 9 sentyabrdan 14 oktyabra qədər parlamentin fəaliyyətinin müvəqqəti dayandırılması üçün kraliçaya müraciət etmişdi.

Bundan sonra müxalifət partiyaları və iqtidar partiyasından olan 21 müxalf deputatın dəstəyi ilə parlament gündəliyini müəyyənləşdirmə səlahiyyətini hökumətdən parlamentə, yəni öz əllərinə almışdılar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun