Azərbaycanda işsizlərin sayı 3,5 dəfə artıb

Yerli məşğulluq idarələri sentyabrın 1-ə 71 min işsiz qeydiyyata alıblar, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Bu, son iyirmi ildə ən yüksək göstəricidir.

Bu ilin əvvəli ilə müqayisədə fəal şəkildə iş axtaran şəxslərin sayı 3,5 dəfə artıb. Bununla belə, həmin rəsmi mənbələrə əsasən, ölkədə işsizliyin səviyyəsi dəyişmir və iqtisadi fəal əhlinin 5% (253 min nəfər) təşkil edir.

“İşsizlərin əsas hissəsi – 29 min nəfər Bakıda qeydiyyatdadır. Rəsmi məlumatlara əsasən, Naxçıvan Muxtar Respublikasında 450 min nəfər yaşayır və bir nəfər də olsun işsiz qeydiyyata alınmayıb. Qeydiyyatda olanların sayının çoxluğuna baxmayaraq, işsizlərin yalnız kiçik kontingenti müvafiq müavinət alır. DSK-nin məlumatına görə, sentyabrın 1-ə 638 işsizə müavinət verilir. Bu ilin yanvar ayında bu göstərici 1100 nəfəri ötürdü. İşsizliyə görə müavinət ayda 233,5 manat təşkil edir”, – agentlik yazıb.