AŞPA məruzəçisi vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb

AŞPA məruzəçisi vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb
6 Sentyabr 2019
Mətni dəyiş

Bakıda səfərdə olan AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottir sentyabrın 5-də bir qrup hüquq müdafiəçiləri ilə görüşüb.

Görüşün iştirakçısı, Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin sədri Oqtay Gülalıyevin Turan-a verdiyi məlumata görə, məruzəçi ona Azərbaycanda məhkəmə korpusunun 75% yeniləndiyi, vəkillərin sayının artdığı barədə məlumat verildiyini qeyd edib.

"Amma biz AŞPA nümayəndəsinin diqqətinə çatdırdıq ki, hakim korpusunun yenilənməsi və vəkillərin sayının artması məhkəmə hakimiyyətinin müstəqilliyinin göstəricisi ola bilməz. Bu yeniliklər Azərbaycanda siyasi məhbuslar probleminin həllinə xidmət etmir. Bir qrup siyasi məhbus azad edilir, onların yerinə yeniləri həbs edilir", deyə Gülalıyev qeyd edib.

Onun sözlərinə görə, Evarsdottir deyib ki, üç günlük səfəri çərçivəsində həbsxanalarda bəzi siyasi məhbuslarla görüşməyi və obyektiv məruzə hazırlamağı planlaşdırır.

"İnanıram ki, məruzəçi Azərbaycanda siyasi məhbus problemi haqqında obyektiv hesabat hazırlayacaq və bu hesabat siyasi motivlərlə həbs edilmiş təqsirsiz şəxslərin azad edilməsinə yardım edəcək", deyə Gülalıyev qeyd edib.

Bundan başqa, görüşdə vaxtilə özləri də siyasi məhbus olan fəallar və jurnalistlər - İntiqam Əliyev, Xədicə İsmayıl, Rəsul Cəfərov, Mehman Hüseynov və bu yaxınlarda azadlığa çıxmış Seymur Həzi də iştirak edib.

Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi institutu 2018-ci ilin iyununda, AŞPA-nın xüsusi ekspert qrupunun assambleyada lobbiçilik fəaliyyəti ilə bağlı araşdırma hazırlamasından sonra bərpa edilib. Qeyd edilən lobbiçilik fəaliyyəti nəticəsində 2013-cü ildə keçmiş məruzəçi Kristof Ştrasserin hesabatı qəbul edilməyib. Evardsottir yeni məruzəçi təyin edilib.

Onun iyunun əvvəllərində Bakıya səfəri planlaşdırılırdı, amma Azərbaycan tərəfi görüş təxirə salınıb. 5-7 sentyabr tarixləri arasında o, Azərbaycana ilk dəfə səfər edir.

Bu günlərdə "Azərbaycan Siyasi Məhbuslarına Azadlıq" İttifaqı və vahid siyasi məhbus siyahısının hazırlanması üzrə İşçi Qrup yenilənmiş siyahılarını elan edib, siyahılara müvafiq olaraq 117 və 119 nəfərin adı daxil edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun