80 il sonra yanğına sözardı: Tarix təkrarlanırmı? – İlkin Rüstəmzadə

1 sentyabr 1939-cu il səhər saat 8:20. Uzun müddətdir Almaniya və Polşa arasında mübahisə mövzusu olan, I dünya müharibəsindən sonra yaradılan Polşa dövlətinin dənizə çıxış sahibi olması üçün Versalda Almaniyadan qoparılaraq Polşaya verilən “polyak dəhlizinin” ərazisində yerləşən qərbi Prussiyanın qədim liman şəhəri Dansiq səhəri alman kreyserlərinin top atəşiylə açır. Bu atəşin açılmasıyla başlayan proses La-Manşdan Yapon dənizinədək səpələnən 95 milyon cəsədlə müşayiət olunacaqdı.

Nə baş verib? Almaniya Çexoslovakiyanın və Avstriyanın işğalına səssiz qalan müttəfiqlərin – Fransa və İngiltərənin qətiyyətsizliyindən əmindir və heç vaxt müqaviləylə tanımadığı şərq sərhəddini korrektə etmək, şərqi Prussiyayla quru əlaqəsini kəsən Polyak dəhlizini ləğv etmək üçün başlayan danışıqların nəticə verməməyindən istifadə edərək SSRİ ilə gələcək müharibədə (Hitlerin “Mayn Kamf”da bəhs etdiyi “Həyat məkanı”nı əldə etmək niyyətilə) hücum etmək üçün ehtiyacı olan birbaşa quru sərhəddini (Molotov-Ribbentrop paktına uyğun şəkildə) əldə etmək üçün əvvəlcədən SSRİ ilə birlikdə (Stalin Hitlerin sonradan silahı SSRİ-yə çevirmək planına sahib olma ehtimalını, əlbəttə ki, nəzərə almışdı, lakin belə tez hücum gözləmirdi. Stalinin stenoqrafı Dmitri Volkoqonov öz qeydlərində Stalinin Hitlerdən əvvəl preventiv zərbə endirmək üçün plan hazırladığını yazıb; ordunun bu qədər itki verməsinə səbəb olan hücum düzülüşünü bir çox tarixçilər də məhz, bununla izah edir) Polşanın işğalına başlayır. Çexoslovakiyadan sonra bir addım da geri çəkilməməyə israr edən İngiltərə və Fransanın Almaniyaya müharibə elan etməsiylə müharibə Avropa müharibəsinə çevrilir. Ardınca isə Perl Harbor və binqo! Dünya müharibəsi başlanmışdır.

II Dünya Müharibəsi tarixdə ən yaxşı araşdırılmış mövzudur. 2010-cu ilə qədər bu mövzuda yazılan əsər sayı 50.000-i keçib. Müharibənin gedişatı, cəbhə xətləri və strategiyalarla bağlı ətraflı məlumat verən çoxlu mənbələr var. Bu mənbələr Azərbaycan oxucusu üçün əlçatan olduğundan burada yazmağa lüzum görmürəm.

II Dünya Müharibəsinin üzərindən 80 il keçməsinə baxmayaraq bu müharibədən və xususilə müharibəyə qədər gedilən yoldan çıxarılacaq ciddi nəticələr var. Tarix konkret bir zamanda baş vermiş hər hansı bir hadisənin gələcəkdə baş verə biləcəklərə nəzərən dəqiq reseptini verməsə də, analogiyalar üzrə yaxşı öyrədir və diqqətli müşahidəçi baş vermiş hadisələri diqqətlə izləyib lazımi nəticələri çıxara bilir.

II Dünya Müharibəsi gücün dəstəkləmədiyi sülhü kor-koranə təbliğ etməyin dəhşətli fəlakətləri necə yarada bildiyinin əyani dərs vəsaitidir. Birinci Dünya Müharibəsi dövlətləri və xalqları bezdirmişdi. Müharibələrdən bezən və sülh axtaran xalqlar, siyasi liderlər özləri də bilmədən daha böyük fəlakəti inşa etdilər. Və bu gün bu dərslərdən nəticə çıxaran Avropa dövlətləri öz təhlükəsizliklərini təkcə sülhpərvər ideyalarda yox, eyni zamanda həm də NATO-da axtarırlar.

Bu müharibənin bizim bu gün yaşadığımız dövr üçün aktuallığı ona görə mövcuddur ki, hal-hazırda yaşadığımız proseslər iki dünya müharibəsi arasında baş verən proseslərə həddindən artıq çox oxşayır.

Versaldan sonra qurulan dünya nizamı və Soyuq Müharibədən sonra qurulan dünya nizamı nə qədər fərqli konsepsiyalar olsa da (əsasən də iştirakçıların gücü və proporsiyası baxımından), sonra baş verənlərə baxsaq,  çoxlu analogiyalar tapa bilərik. Elan olunan möhtəşəm ideyalar və o ideyaları qorumaqda göstərilən ibrətamiz acizlik. İşğalçının (və ya aqressorun) güya xoş niyyət göstərməklə ram edilə biləcəyinə sadəlövhcəsinə inam və bu inamın fəlakətli nəticələri. Yaradılan beynəlxalq təşkilatlar və o təşkilatların kağız üzərində qalması.

Stanford Universitetinin professoru, soyuq müharibənin son dövrlərində isə ABŞ Dövlət Departamentinin Strateji Planlaşdırma İdarəsinin rəhbəri işləmiş Frensis Fukuyamanın Berlin divarının yıxılmasını və kommunizmə qarşı başlayan demokratik hərəkatları “Tarixin sonu” kimi qiymətləndirməsindən cəmi 30 il sonra, liberal dünya nizamı titrəməkdədir. Azadlıq və demokratik dəyərlər get-gedə daha böyük təhdidlərlə qarşılaşır, xüsusilə şərqi Avropada millətçilik dalğası özünün iki dünya müharibəsi arası dönəmi saymasaq, zirvəsini yaşamaqdadır. Polşa və Macarıstan yavaş-yavaş gənc demokratiyalarını demontaj edirlər. Mərkəzi Avropada bir xeyli siyasətçi işğalçı-aqressor Rusiya ilə xoş danışmaq lazım olduğu mövqeyini müdafiə edirlər. Avropa institutları artıq get-gedə kağız üzərində mövcud olan təşkilatlara çevrilirlər, güclərini və nüfuzlarını itirirlər. ABŞ və Böyük Britaniya XXI əsrdə mümkün ola bilən səviyyədə izolyasionizmə qayıtmaqdadır. Fransa özünə inanmır, işğalçı və potensial aqressor Rusiya isə eynilə Hitler Almaniyası kimi keçmişdəki hansısa incikliklərə apellyasiya edib mövcud nizama qarşı hücum edir. Bütün bunlar tarixdə yaşanmış, haqqında bəhs etdiyim dövrə olduqca çox bənzəyir. İştirakçılar və miqyas fərqli olsa da.

11 noyabr 1918-cu il səhər saat 11-də İngiltərə baş naziri Lloyd Corc çıxış edir: “Bu tarixi sabah səhərində bizim hamımızın ümid etməyə haqqı çatır ki, artıq bütün müharibələr başa çatmışdır”.

Halbuki, bəşəriyyəti daha böyük yanğından vur-tut 20 il ayırırdı. Versal müqaviləsindən sonra Fransa ordusunun və Antanta ordularının birgə komandanlığının baş komandanı marşal Ferdinand Foşun müqavilə haqda dediyi “bu sülh deyil, 20 il müddətinə atəşkəsdir” sözləri hərfi-hərfinə reallaşdı. Avropa qanına qəltan oldu, uzaq Yaponiya İngiltərənin Şərqi Asiyada zəifləməsindən istifadə edib işğallara başladı və bu da öz növbəsində ABŞ-ın birbaşa müharibəyə  girməsinə səbəb olan Perl Harbor hücumuna gətirib çıxardı. Bəşəri yanğının necə başlanması və gedişatı bu gün detallarına qədər məlum olsa da, müharibəyə gedən yol daha maraqlı və qarmaqarışıqdır.

Birinci Dünya Müharibəsinin bitməsinin ardından Versal sarayında toplanan ABŞ, Fransa və Amerika liderləri (İtaliyanı bu siyahıdan çıxmaq lazımdır, çünki İtaliya Ali Şuranın 4 üzvündən biri olsa da, yekun sülh müqaviləsindən çox müqavilə ilə ona vəd olunan torpaqları almaq üçün Versalda iştirak edirdi) tarixdəki ən bərbad müqavilələrdən birini hazırladılar. Vilsonun əvvəlcədən elan etdiyi bir çox prinsiplər elə müqavilədəcə pozuldu. 7,5 milyon insan itkisi (95%-i 18-35 yaş arası gənc əsgərlər) verən və artıq baş verə biləcək ikinci bir müharibəyə dayana bilməyəcəyini başa düşən Fransanın baş naziri Jorj Klemansonun bütov Almaniya istəməməsi, ABŞ-ın izolyasionist mövqeyi və senatın birinci müqaviləni rədd etməsi, İngiltərənin vecsizliyi və bütün dövlətlərin 1 illik blokajı, sonda Almaniyanı təhqir edən müqavilənin ortaya çıxmasıyla nəticələndi. Müqavilə ilə baş verə biləcək bütün sonrakı problemlər, yeni yaradılacaq Millətlər Liqasına həvalə olunurdu.

Demokratiya, xalqların öz müqəddəratını təyin etmə prinsipi və sülhpərvərlik əsas oryentir idi. Versal müqaviləsindən sonrakı Avropaya baxsaq, bircə qeyri-demokratik ölkə qalmamışdı. Hətta demokratiya Qafqaza kimi gəlib çıxmışdı. Bütün xalqlar ümidlə dolu idi və qarşıdakı fəlakətlər az sayda hərbçi və diplomatı çıxmaqla heç kimin təxəyyülünə gəlmirdi.

Cəmi 10 il sonra Qafqaz artıq çoxdan neo-Rus imperiyasına qaytarılmışdı, demokratiyalar bir-bir çökürdü.  İtaliyada Mussolini “duçe” idi, Polşada Pilsudski, Macarıstanda Doroti mütləq hakim idi. Portuqaliyada Salazar avtoritarizmdən mütləq diktaturaya keçid edirdi, Yunanıstanda kral tanrıya çevrilməkdəydi, Yuqoslaviyada parlamentin səlahiyyətləri azaldılmışdı, Almaniyada isə nasistlər get-gedə güclənirdilər. Fransa çırpınırdı, İngiltərə vecə almırdı, ABŞ isə gözünü yummuşdu. Millətlər liqası çarəsiz və gücsüz idi.

Versal müqaviləsinin çox böyük yanlış olduğu tezliklə məlum oldu. İngiltərənin Almaniyanı barışdırma cəhdləri (bu cəhdlər hər dəfə Almaniyanı gücləndirir, Fransanı zəiflədirdi) və Fransanın bu cəhdlər fonunda, gördüyü kabusların affekti ilə atdığı sərt addımlar (məsələn, Almaniyanın kömür mədənlərinin işğalı) bir anda Almaniyanın bir neçə il əvvəl dünya müharibəsi başlatması faktını rəflərə atdı. Almaniya ilə silsilə müqavilələr imzalandı, Almaniya qərb sərhədlərini tanıdı. Şərqlə bağlı isə ondan nəsə soruşan belə olmadı. Şərq məsələsindəki susqunluq de-fakto Almaniyanın gələcəkdə təhdid və ya hərbi güc yolu ilə o torpaqlara yiyələnməsinə sanksiya vermək idi (eynilə Bill Klintonun soyuq müharibədən sonra Rusiyanın “MDB” üzərindəki nəzarətinə və həyata keçirdiyi “parçala, hökm sür” siyasətinə göz yumması və bunun sonrakı nəticələri kimi).

Fransa Rur işğalından sonra təklənmişdi, İngiltərəsiz hərəkət edə bilməzdi. İngiltərə isə Fransadan uzaqlaşmışdı. Və beləcə, Fransa Şərqi Avropada müstəqilliyinə zəmanət verdiyi dövlətləri taleyin ixtiyarına buraxan və eyni zamanda Fransanın işğalını mümkünsüz edəcəyinə hesablanan “Majino” müdafiə xəttini tikməyə başladı. Və dönəmin nəzəri olaraq ən güclü daimi quru ordusu sayılan fransız ordusunun öz sərhədlərindən kənara çıxmayacağını anlayan Şərqi Avropadakı bir çox general və avtokrat mesajı almışdı:  Müharibə vaxt məsələsiydi və Almaniyanın öz əvvəlki gücünü nə vaxt bərpa etməsinə bağlıydı; hərbi rejimlər lazım idi.  Demokratiyalar domino daşları kimi bir-bir çökməyə başladı. Majino xəttinin tikildiyi 10 il ərzində 14 Avropa ölkəsi demokratiyadan imtina etdi.

Majino xəttinin tikintisinin yekunlaşdığı dönəmdə Almaniyada siyasi böhran baş verməkdəydi. Sosial demokratiyalar, əsas güc olsalar da get-gedə dominantlığı itirməkdəydilər və böhranlardan yorulan Almaniya prezidenti Hindenburq Hitleri kansler təyin etdi. Hitler kansler təyin olunandan il yarım sonra artıq ölkəsinin diktatoru idi. Majino xəttinin mövcudluğu Hitleri əmin etmişdi ki, Fransa Hitlerin addımlarına, ən azından təkbaşına cavab verməyəcək. İngiltərəylə isə hələ xeyli oynamaq olardı. Bu siyasətə İngiltərəni inandırmaq üçün Hitleri Avropa sülhünün əsas fiquru hesab edən avantüristlər İngiltərədə yetərincə idi (təxminən indi Almaniya və ya ABŞ-dakı Putinsevərlərin sayı qədər). İngiltərənin vecsizliyinə və Fransanın müdafiəyə meyilli psixologiyasına əmin olan Hitler bir-bir Versalın şərtlərindən imtina etdi və aqressiv siyasət yürütməyə başladı (NATO-nun keçmiş post-sovet və post-kommunist ölkələrini üzv qəbul etməkdəki tərəddüdünün Rusiyanı şirnikləndirməsilə müqayisə edin).

Fransanın Almaniya şərqdə işğallara başlayacağı təqdirdə Almaniyaya təzyiq və təhdid üçün istifadə edə biləcəyi yeganə “kozır” silahsızlandırılmış Reyn bölgəsi idi və Hitler Reyni bir güllə belə atmadan geri aldı. Həmin vaxt günlük əmrdə ordusuna ”fransızlar hərəkətə keçdiyi anda geri qayıdın” yazan Hitler Fransanın susqunluğundan sonra demokratik ölkələrin qətiyyətsizliyinə bir daha əmin oldu. Və marşa başladı. Təhdidlər və işğallar bir-birini əvəz etdi.

Əvvəlcə Sudet böhranı və Çexoslovakiyanın işğalı (Gürcüstanın Abxaziya və Osetiyasına səs çıxarılmaması və ardınca Tiflisə qədər gələn rus tanklarıyla müqayisə edin), ardınca birləşmək adıyla Vyanaya girən alman tankları (Krım, Donbas?) Fransa və İngiltərədə ancaq səs-küyə səbəb oldu. Hitlerin başqa cür düşünməməyə tam haqqı var idi: zorla ilhaq olunan Çexoslovakiyaya səssiz qalanlar, niyə görə alman torpağı olan Dansiqə görə silaha sarılsın ki?

Hitlerin hesabı tutmadı, Fransa və İngiltərə Polşanın işğalına cavab verdilər, lakin Almaniya ilə lokal müharibədən qaçmaq istəyən və bununla işğalçını şirnikləndirdiyini anlamayan İngiltərə və Fransanın da istəyinin gerçəkləşdiyini demək olmaz. Fransa 4 həftə ərzində işğal olundu, İngiltərə isə Almaniya qarşısında yalnız ABŞ-ın dəstəyilə sonadək ayaq üstə qala bildi və dünya hökmranlığını itirdi.

Tarix “filan vaxtı belə belə olsaydı başqa cür olardı” tipli müqayisələri sevməsə də, heç kim dəqiq cavab verə bilməz ki, ilk işğaldaca Hitlerə müqavimət göstərilsəydi, 95 milyon cəsəd olardımı? Bunu biz yalnız təsəvvür edə bilərik, əlimizdə isə fakt olaraq, yalnız Göbbelsin tarixi çıxışı var: ”Nə vaxt ki, biz zəif idik, onlar (İngiltərə və Fransa) bizi qorudular, bütün təhlükəli riflərdən keçirdilər, biz onlardan güclü, qat-qat güclü olanda isə onlar müharibəyə başladılar”.

Soyuq müharibədən sonra Rusiyanın imperiya və işğalçılıq ənənələrini unudan qərb demokratiyaları Rusiyanın bəd niyyətlərinin SSRİ ilə öldüyü fikrinə özlərini inandırdılar (bizim bu günkü faciələrimizin bir çoxunun fundamenti məhz burada qoyuldu).  Əvvəlcə Qafqazda, sonra isə Balkan yarımadasında, lap yaxınlarda isə Ukraynada dünya nizamı və sülhü bu sarsaqlığın qiymətini ödəməkdədir.

Nüvə silahının və apokalipsis ehtimalının mövcudluğu bu gün qlobal müharibəni böyük ölçüdə istisna etsə də, əgər Krım məsələsində Rusiyaya güzəştə gedilsə, bu, “Münhen” olacaq və ardınca daha böyük bir dəhşətin yaşanması qaçılmaz olacaq. Və hər dəfə tarixdə baş vermiş fəlakətlərdən dərs almamağın nəticəsinin həndəsi silsiləylə artdığını da nəzərə alsaq…

İlkin Rüstəmzadə