Tarantino: “Mən asanlıqla ‘autsayder’ ola bilərdim” [müsahibə]

Kventin Tarantino

Tanınmış rejissor Kventin Tarantino Moskvaya səfəri zamanı jurnalistlərlə söhbətində Hollivuddakı mövqeyi, uşaqlığı və karyerasının sonu haqqında danışıb.  

İlin ən çox gözlənilən filmlərindən biri – Quentin Tarantinonun “Bir zamanlar Hollivudda…” adlı doqquzuncu, tammetrajlı filmi ekranlara çıxdı.

Filmin ekranlara çıxmasından bir qədər əvvəl Tarantino Moskvaya gəlib. Rejissor səfər çərçivəsində jurnalistlərlə də görüşüb və Lenta.ru saytının müxbirinin suallarını cavablandırıb. Abzas.org olaraq həmin müsahibəni təqdim edirik.

 – Kannda “Bir zamanlar… Hollivudda” filminin premyerası günü siz “Kriminal qiraət”in 25 illiyini qeyd etdiniz. O zaman siz dünya kinosuna istedadlı autsayder kimi daxil olmuşdunuz. Bəs indi necə, özünüzü Hollivudun bir hissəsi hesab edirsinizmi, yoxsa hələ də təkbaşınasınız?

 – Əlbəttə, mən Hollivudun bir hissəsiyəm – Hollivudda yaşayıram, bu sənayenin içərisində işləyirəm və filmlərim üçün buradan pul alıram. Digər tərəfdən, Hollivud çəkiliş üsulu mənə çox da yaxın deyil, 90-cı illərdə isə mən onun əksinə işləyirdim və buna görə də asanlıqla kənarda qala bilərdim.

 – Eyni zamanda sizin filminiz 100 milyon dollar dəyərindədir və filmdə ən üst kateqoriyalı ulduzlar rol alır.

 – Bilirsinizmi, mən ssenarilərimlə yaşayıram. Hazır ssenarini oxuyanda sanki, beynində hələ çəkilməmiş filmə baxırsan. Bu mərhələdə tam olaraq anlayırsan – o, sənin xoşuna gəlir, ya yox. Və mən çox şadam ki, Sony ssenarini bəyəndi, bu filmə inandılar və mənə onu istədiyim şəkildə çəkmək imkanı verdilər.

 – Filmdə baş verənlər 1969-cu ildə cərəyan edir. Onda sizin cəmi altı yaşınız var idi. Cliff isə (Brad Pittin canlandırdığı obraz – red.) sizin ögey atanızın da idarə etdiyi Volkswagen Karmann-Ghia avtomobilini sürür. Filmdə başqa hansı uşaqlıq xatirələrinizi əks etdirmisiniz?

 – Mən uşaq olanda biz Şərqi Los-Ancelesdə yaşayırdıq, amma bəzən Hollivuda gəlirdik. İlk səfərimizdə ögey atam məni əfsanəvi Çin Teatrına aparmışdı, Hollivud Bulvarı və Şöhrət Xiyabanı haqqında danışmışdı. Mən bu yerin tarixçəsini bilirdim. Ancaq ən çox radio xatirimdə qalmışdı. Mən daim onun səsini eşidirdim, o, həmişə hardasa arxa planda səslənirdi. Dayanacaqların və reklam lövhələrinin necə göründüyünü də xatırlayıram. Altı yaşlı uşaq avtomobillə səyahət edərkən məhz belə şeylərə diqqət edir. Bir çox cəhətdən, “Bir zamanlar… Hollivudda” balaca Quentinin dünyagörüşünü əks etdirir.

 – Doqquzuncu filmin çəkilişləri zamanı ən çox nəyi bəyəndiniz?

 – Şübhəsiz ki, Rikin oynadığı bütün bu mini-filmlər (Leonardo Di Kaprionun canlandırdığı obraz – red.). Bu çox əyləncəli idi, mən izaholunmaz bir zövq aldım. Ümumilikdə beş belə fraqment çəkdik. Mən daha birini çəkməyi çox istəyərdim, amma onu çəkmək alınmadı.

 – “Bir zamanlar… Hollivudda” filminin premyerasından sonra bəzi Qərb tənqidçiləri sizi qadın düşmənliyi və irqçilikdə ittiham etdilər. Bu barədə nə deyə bilərsiniz?

 – Bu cəfəngiyatdır! Bəli, mən personajlar yaradıram, amma onlar mən deyiləm. Mənim personajlarım öz zəmanələrində yaşayırlar, onlar dövrün məhsullarıdırlar. Və əgər onlardan biri təhqiramiz ifadələrə yol verirsə – bu, məhz həmin personajın xarakterinin dürüst təsviridir. Zorakılığa gəlincə isə Manson “ailəsi” soyuqqanlı qatillərdir və mənim onlara qarşı heç bir mərhəmət hissim yoxdur. Ona görə də film belə bir sonluqla bitir.

 – Deyirsiniz, ola bilsin ki, “Bir zamanlar… Hollivudda” sizin son filminiz olacaq (Tarantino ümumilikdə on film çəkməyi planlaşdırıb – red.), buna görə də əlinizdən gələnin ən yaxşısını etmisiniz. Bəs gələcək üçün ideya saxlamısınızmı?

 – Doqquzuncu filmim üçün mən həqiqətən də var gücümlə çalışdım və bu mövzuda deyilə biləcək hər şeyi söylədim. Ancaq bu hələ mənim axırıncıdan əvvəlki işimdir. Əslində növbəti film üçün dəqiq bir ideyam yoxdur. Əgər mənim bütün əsərlərimin bir böyük hekayədən bəhs etdiyini və hər birinin ayrı-ayrılıqda bu uzun lokomotivdə kiçik bir vaqon olduğunu təsəvvür etsək, o zaman mən növbəti filmimin elə bir möhtəşəmlikdə olmasını istərdim ki, bütün yaradıcılığımın məntiqini əhatələyə bilsin. Onun zirvəsi olsun.