Siyasi məhbusun ailəsi BDU-da onlara ayrı-seçkilik edildiyini deyir

Siyasi məhbusun ailəsi BDU-da onlara ayrı-seçkilik edildiyini deyir
27 Avqust 2019
Mətni dəyiş

Həbs edilmiş AXCP fəalı Babək Həsənovun oğlu Əhəd Həsənov bu il geologiya fakültəsinə qəbul olduğu Bakı Dövlət Universitetində ayrı-seçkiliyə məruz qoyulduğu deyilir.

Babək Həsənovun həyat yoldaşının verdiyi məlumata görə, Əhəd Qarabağ müharibəsi əlilinin oğlu kimi pulsuz təhsil almaq hüququna malikdir.

"Lakin BDU-da bizdən çoxlu sənəd istədilər. Universitetin hüquqşünası dedi ki, əlillik barədə arayışı, veteran vəsiqəsini və hərbi komissarlıqdan məhz BDU üçün verilən kağızı gətirmək lazımdır. Amma Babək Həsənovun veteran vəsiqəsi onun evində axtarış zamanı hüquq-mühafizə orqanları tərəfindən müsadirə edilib".

İlahə Həsənovanın sözlərinə görə, Babək Həsənova 2012-ci ildə əlillik haqqında müddətsiz arayış verilib, amma universitetdə onu qəbul etmirlər.

"Universitetin hüquqşünası bizə dedi ki, 2015-ci ildə əlillik barədə arayışın forması dəyişib və arayış məhz bu formada təqdim edilməlidir. Babək bəy həbsdə olduğuna görə arayışı və hərbi komissarlıqdan kağızı gətirə bilmirik. Ona görə məcbur olub bir illik təhsil haqqını ödədik. Bizə qarşı ayrı-seçkilik edilir".

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov öz növbəsində qeyd edib ki, Azərbaycan prezidentinin 2014-cü il mart tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Babək Həsənova gəlincə, o, ötən ilin mayında AXCP-nin "qanunsuz" maliyyələşdirilməsi işi üzrə həbs edilib. Məhkəmə onu üç il müddətinə azadlıqdan məhrum edib.

Hüquqmüdafiəçiləri və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun