Qadınlar da artıq ofsaydı bilir – Rəşad Müseyibzadə

Qadınlar da artıq ofsaydı bilir, həm də kişilərdən daha yaxşı. Dünən UEFA super kuboku “Liverpul” – “Çelsi” oyununu qadınlardan ibarət briqada idarə etdi.

Bu bir ilk idi. İlk dəfə kişilər arasında UEFA bayrağı altında keçirilən rəsmi bir oyunu qadınlar idarə etdi. Həm də necə.

Oyunda bir neçə kritik ofsayd qərarı oldu ki, bunlardan ikisində “Çelsi” qol vurmuşdu. VAR-a (köməkçi video hakim) ehtiyac duyulmadan xanım hakimlər doğru olaraq bayrağı qaldırdı.

Bu da ona işarə idi ki, artıq qadınlar da ofsaydı bilir. Baş hakim yetərincə sərt görünürdü. Hiss olunurdu ki, oyunçular da ona hörmət edir.

Düzdü hansısa oyunçu sırf qadın olduğuna vurğu edərək hakimə bir söz desəydi, məlum idi ki, həmin futbolçunun karyerası bitəcəkdi. Ona görə futbolçular da bu işi yetərincə ciddiyə almış, sadəcə oyunlarını oynamağa çalışdılar.

Türklərdə qadınlara yönəlik “elinin hamuru ile erkek işine karışma” deyə bir deyim var. Dünən qadınlar əllərinin xəmiri ilə elə Türkiyədə, dünyanın ən gözəl şəhərlərindən biri olan İstanbulda, eyni zamanda son zamanlar cinsi ayrı-seçkiliyin həddən artıq yaşandığı, qadın cinayətlərinin çoxaldığı Türkiyədə kişi işinə qarışdılar və bunu çox yaxşı da bacardılar.

Dünənki oyun həm də cinsiyyətçi toplumlara bir dərs, əyani vəsait oldu. Bu hadisə Azərbaycan cəmiyyətinə də bir dərs olmalıdı, qadınlara şans verildikdə, onların necə mükəmməl işlər ortaya çıxardıqlarını görməlidirlər.

Anlayıram ki, bir çox kişinin də qorxusu budur, ona görə qadınlara yuxarıdan aşağı baxır, əzməyə çalışır, inkişaflarının qarşısını alır. Erkən yaşda nigahlar və ya 6-7-ci sinifdən qız uşaqlarının məktəbdən çıxardılıb, evə qapadılması və ən əsası qız uşaqlarını abort edənlərə qarşı bir dərs oldu.

Düşünürəm ki, dünənki oyundan sonra “sən qadınsan bilməzsən”, “qadının yeri mətbəxdi”, “qız nədi oxumaq nədi?” deyənlərin sayı azalacaq.

Avropanın bir yaxşı əməli daha, bunu götürün, qulağınıza sırğa edin. Cinsiyyət ayrı seçkiliyinin olduğu, qadınlığın təhqir olaraq göründüyü dövran artıq bizdə də dəyişəcək, dəyişməlidir.

Bunun da öncüsü xanımlar olmalıdı, onlar daha çox mübarizə aparmalı, biz kişilər də onların mübarizəsinə hörmət edərək dəstək olmalıyıq.

Dünənki hakimlərə bir daha təşəkkür edirəm. Təşəkkürlər Stephanie Frappart, Manuela Nicolosi, Michelle O’Neill!!!

Rəşad Müseyibzadə