Putin meşə yanğınları ilə mübarizəyə ordunu göndərir [infoqrafika]

Rusiya prezidenti Vladimir artıq bir neçə gündür ki, Sibirin geniş ərazilərində tüğyan edən meşə yanğınları ilə mübarizəyə ölkənin silahlı qüvvələrini cəlb edib.

Hava hərarətinin 30 dərəcədən yüksək olduğu şəraitdə ildırımlara görə törənmiş yanğınları güclü küləklər daha geniş əraziyə yayır.

Azadlıq Radiosunun məlumatına görə, Rusiyanın beş regionunda fövqəladə vəziyyət elan edilib.

Ekspertlər bildirirlər ki, Sibirdəki meşə yanğınlarının miqyası qlobal istiləşməni artıra və ətraf mühitdəki insanların və canlı aləmin həyatına dərhal təsir edə bilər.

Hakimiyyət orqanlarının iyulun 31-də verdiyi məlumata görə Rusiyanın mərkəzi və şərqi rayonlarında 3 milyon hektaradək ərazi yanğın içindədir.

Yanğınlardan qalxan tüstü hava nəqliyyatını pozub və Qərbi Sibir, habelə Altay regionlarının Çelyabinsk və Yekaterinburq da daxil bir çox şəhərlərini kül basıb.

Kremlin mətbuat xidməti Rusiya mediasına bildirib ki, fövqəladə hallar nazirinin məruzəsi ilə tanış olduqdan sonra prezident Putin Müdafiə Nazirliyinə yanğınlarla mübarizəyə qoşulmağı əmr edib.

İndiyədək meşə yanğınları ilə mübarizəyə 2700 yanğınsöndürən cəlb edilib.

Xəbər verilir ki, yanğınların ən çox təsirləndirdiyi Krasnoyaarsk regionuna 10 təyyarə və 10 helikopter göndərilib.

Kremlin mətbuat xidməti bildirir ki, İrkutsk regionundaki hərbi hissələr həyəcan vəziyyətinə gətirilib.

İyulun 31-də Krasnoyarsk şəhərinə səfər etmiş baş nazir Dmitry Medvedev deyib ki, Rusiya yanğınla mübarizə problemləri ilə bağlı Birləşmiş Ştatlar və başqa Qərb ölkələrindən “məsləhət” istəyə bilər.

Medvedev deyib ki, ABŞ-ın Alyaska ştatı və Avropa ölkələri də meşə yanğınları problemi ilə üzləşirlər.

Greenpeace təşkilatı bildirir ki, bu il Rusiya ərazisində 12 milyon hektar meşə yanaraq karbon qazının emissiyasını əhəmiyyətli şəkildə artırıb və meşələr bu həcmdə karbon qazının öhdəsindən gəlməyə bilər.