Kinorejissorlar "Connect TV"ni müəllif haqları tələbiylə məhkəməyə verib

Kinorejissorlar "Connect TV"ni müəllif haqları tələbiylə məhkəməyə verib
29 Avqust 2019
Mətni dəyiş

Azərbaycan Professional Kinorejissorlar Gildiyası “Connect TV” kabel televiziyasına qarşı əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı iddia qaldırıb. Bakı Apellasiya Məhkəməsində işin icrası ilə bağlı məhkəmə prosesi keçirilib. 

Hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə tərəflər dinlənilib. Gildiyanın üzvləri olan Azərbaycanın tanınmış kinorejissorları məhkəmə qarşısında çıxış edərək, öz haqlarını tələb ediblər. Ədalətin bərqərar olunmasını istəyən mədəniyyət nümayəndələri çəkdikləri filmlərin göstərilməsinin qarşılığında qonorar ödənilməsini tələb ediblər.

Maraqlıdır ki, “Connect TV” nə müəyyən olunmuş qonorar məbləğini ödəmək, nə də Kinorejissorlar Gildiyası ilə müqavilə bağlamaq niyyətindədir.

Məhkəmədə bildirilib ki, bundan əvvəl mübahisəyə Ali Məhkəmədə baxılıb və ədalətsiz qərar çıxarılıb.

Gildiyanın sədri Hüseyn Mehdiyev modern.az-a açıqlamasında bildirib ki, “Müəllif Hüquqları və əlaqəli hüquqlar haqqında” qanuna və Nazirlər Kabinetinin 20 oktyabr 2017 ci il 466 nömrəli qərarına əsasən,  Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, rentranslasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayımlanmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər.

Həmin qərarda ödəniləcək qonorarın məbləği də göstərilib: gəlirin 0.5%-i. Buna görə “Connect TV” kabel operatoru Kinorejissorlar Gildiyası ilə müqavilə bağlayaraq müəlliflərə qonorar ödəməlidir.

Məhkəmə prosesində üçüncü tərəf kimi Əqli Mülkiyyət Agentliyinin əməkdaşları iştirak edib. Həmin mütəxəssislər agentliyin adından  çıxış edərək, Gildiyanın haqlı tərəf olduğunu əsaslandırıblar.

Hakimin qərarı ilə həhkəmə prosesi sentyabr ayının 18-ə təxirə salınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun