‘Huawei’ şirkəti müxalif fəalların izlənilməsində ittiham olunur

Çinin texnologiya nəhəngi ‘Huawei’ şirkəti Uqanda və Zambiya hökümətləri ilə əməkdaşlıq edərək onlara siyasi rəqiblərini təqib etməkdə yardımçı olub.

Bu haqda “The Wall Street Journal” nəşri xəbər yayıb. Qəzetin məlumatına görə, ‘Huawei’ Afrika ölkələrinə rəqəmsal izləmə və senzura məqsədli texnologiyalar satıb.

Bu haqda məlumatı Afrika ölkələrinin xüsusi xidmət orqanlarında çalışanlar və ‘Huawei’ şirkətiylə əməkdaşlıq edənlər qəzetə bildirib.

Bundan əlavə ən az iki halda Çin kompaniyasının əməkdaşları siyasi simalara qarşı casusluq işində Afrika ölkələri hökümətlərinə kömək ediblər. Söhbət sosial şəbəkələrdə şifrələnmiş mesajların çözülməsindən və telefonlardakı məlumatların köməyilə siyasi fəalların yerinin müəyyən edilməsindən gedir.

Qəzet həmçinin məlumat verir ki, Uqanda xüsusi xidmət orqanları ‘Huawei’ şirkətinin əməşdaşlarının köməyilə 2018-ci ildə musiqiçi və deputat Robert Kyaqulaninin yazışmalarını ələ keçirib. Bundan sonra müxalifətçi deputat özü də həbs olunub. Həmçinin adıçəkilən yazışmaların köməyilə Uqanda höküməti  etiraz aksiyasının da qarşısını ala bilib.

‘Huawei’ Çinin maraqları üçün casus və xaker fəaliyyəti ilə məşğul olmaqla bağlı ABŞ-ın ittihamlarını dəfələrlə rədd edib. ABŞ ‘Huawei’-ni bu ölkənin texnoloji naliyyətlərini oğurlamaqda, casusluqda və amerikan cihazlarını sanksiyalara baxmayaraq İrana satmaqda ittiham edir.

Bir müddət əvvəl ABŞ federal reyestri bu ölkənin şirkətlərinə ‘Huawei’ və başqa Çin şirkətlərinin istehsal etdiyi cihazları almağı qadağan etmişdi. ABŞ Ticarət Nazirliyi isə ‘Huawei’-ni milli təhlükəsizliyə təhdid yaratdığı üçün qara siyahıya salıb. Bundan sonra ABŞ şirkətləri Çin texnologiya nəhəngi ilə əməkdaşlığı dayandırıb.