Gürcüstanla sərhəd danışıqları davam edir

Gürcüstanla sərhəd danışıqları davam edir
20 Avqust 2019
Mətni dəyiş

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası (sərhədin müəyyən edilməsi) və demarkasiyası (sərhədlər müəyyənləşənə qədər ayıran xətt) üzrə birgə komissiyanın növbəti görüşləri keçirilir. Avqustun 19-da artıq bir görüş gerçəkləşib.

Bu barədə "Turan" agentliyinə məlumat verən Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva vurğulayıb ki, görüş ekspertlər səviyyəsində keçirilib. Görüşlərin avqustun 24-nə qədər davam edəcəyi gözlənir.

Nazirliyin sözçüsü əlavə edib ki, görüşlərin nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.

Bu il bu komissiyanın əvvəl də iclası keçirilib.

Azərbaycanla Gürcüstanın sərhədə aid razılaşdığı məsələlər

Mayın 23-24-də Bakıda Azərbaycanla Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası (sərhədin müəyyən edilməsi) və demarkasiyası (sərhədlər müəyyənləşənə qədər ayıran xətt) üzrə komissiyaların 12-ci iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatda qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinə xarici İşlər nazirinin müavini Xələf Xələfov Gürcüstan tərəfindən nümayəndə heyətinə də xarici İşlər nazirinin müavini Laşa Darsaliya başçılıq edib.

Görüşdə həmçinin, ekspertlər və hər iki ölkənin uygun dövlət orqanlarının təmsilçiləri iştirak ediblər.

Azərbaycan XİN bildirib ki, görüşdə dövlət sərhəd xətti məsələləri nəzərdən keçirilib və bütün razılaşdırılmamış qalan hissələrin detallı müzakirəsi aparılıb. Habelə, tərəflər razılaşdırılmamış qalan hissələrə yerində ekspertlər səviyyəsində birgə baxışın keçirilməsini qərara alıblar.

Eləcə də tərəflər dövlət sərhədi xəttinin müəyyən olunması ilə əlaqədar müvafiq normativ-hüquqi sənədlərin və kartoqrafik materialların tədqiq edilməsi, dəyərləndirilməsi haqqında razılığa gəliblər.

Keşikçidağda nə baş verir?

Tərəflər Komissiyaların növbəti iclasının Tbilisi şəhərində keçirilməsini razılaşdırıblar. Tarix diplomatik kanallar üzrə razılaşdırılmalıdır.

10 gün öncə, mayın 14-də də Xələf Xələfovla Laşa Darsaliya bir araya gəlmişdilər. Azərbaycan Xarici İşlər Nazirliyi bildirirdi ki, orada iki ölkə arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə fikir mübadiləsi aparılmışdı.

“Bu proses çərçivəsində 480 km-lik Azərbaycan - Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir” - məlumatda qeyd edilirdi.

Xatırlatma

Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə, bu yaxınlarda bu ölkə ilə Azərbaycan sərhədində yerləşən Keşikçidağ-David Qareci məbəd kompleksində narazılıq yaşanıb.

Gürcüstanla Azərbaycan arasında sərhəd delimitasiyası məsələləri, əsasən, razılaşdırılıb. Ancaq bu kompleksin yerləşdiyi ərazidə sərhədin tam müəyyən edilmədiyi bildirilir. Xüsusilə orada mübahisələr Udabno məbədi ilə bağlıdır. SSRİ zamanından ora Azərbaycanın ərazisi olub.

Azərbaycan prezidentinin sərəncamı ilə 2007-ci ildə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Orda 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var. Qoruq Ağstafa rayonunun mərkəzindən 75 kilometr, rayonunun sonuncu yaşayış məntəqəsindən - Böyük-Kəsik kəndindən isə 28 kilometr uzaqda yerləşir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun