Gürcüstanda 'Hepatit C' xəstəliyinin müalicəsi tam pulsuz oldu

Gürcüstanda 'Hepatit C' xəstəliyinin müalicəsi tam pulsuz oldu
5 Avqust 2019
Mətni dəyiş

Gürcüstanda Hepatit C-nin müalicəsi proqramına daxil olmaq tamamilə pulsuz oldu. 

Gürcüstanda Hepatit C-nin aradan qaldırılması üzrə dövlət proqramına daxil olmaq üçün diaqnostik müayinələr tamamilə pulsuz olub. Bunu baş nazir Mamuka Baxtadze bu gün hökumət iclası başlamazdan əvvəl açıqlayıb.

'News Georgia' saytının məlumatına görə, baş nazir bildirib ki, indiyə qədər vətəndaşlar proqrama daxil edilməmişdən əvvəl araşdırmalar üçün 140 laridən 360 lariyə (47-122 dollar arası) qədər pul ödəməli idilər.

"Gürcüstan bu istiqamətdə ən çox uğur qazanmış ölkədir və bizim Hepatit C-nin tam ləğvini həyata keçirə biləcək bir dövlət olmaq şansımız var. Bu proqram bütün dünyada keçirilən bir təcrübədir. Təbii ki, biz bu proqramda müəyyən dəyişikliklər edirik", - Baxtadze bildirib.

Hepatit C-nin pulsuz müalicə proqramı Gürcüstanda 2016-cı ildən tətbiq edilir. Proqram çərçivəsində ölkəni bu qaraciyər xəstəliyinin müalicəsi üçün lazım olan bahalı dərmanlarla təmin edən Amerikanın "Gilead Sciences" şirkəti ilə 10 illik müqavilə imzalanıb. Benefisiarlar (ianədən yararlanan şəxslər) “Sovaldi” dərman preparatı ilə təmin olunur.

2015-ci ildə aparılmış araşdırma Gürcüstan əhalisinin təxminən 8%-nin Hepatit C daşıyıcısı olduğunu göstərib. 150 min insanın müalicəyə ehtiyac duyması ölkəni çətin bir problemlə üzləşdirmişdi. 2015-ci ilə qədər Gürcüstanda Hepatit C-nin müalicəsi çox az sayda insan üçün əlçatan idi.

Ən son rəsmi məlumatlara görə, proqram çərçivəsində Gürcüstanın ümumi əhalisinin təxminən 48%-i (1.7 milyon adam) Hepatit C müayinəsindən keçirilib. 58 mindən çox insan bu xəstəlikdən müalicə almağa başlayıb. Təxminən 54 min benefisiar müalicəni uğurla başa vurub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun