Gənc fəal həbsdə təhlükəsizlik orqanlarından əməkdaşlıq təklifi aldığını deyir

Gənc fəal həbsdə təhlükəsizlik orqanlarından əməkdaşlıq təklifi aldığını deyir
2 Avqust 2019
Mətni dəyiş

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elman Quliyev təcridxanada təhlükəsizlik orqanından əməkdaşlıq təklifi aldığını deyir.

Avqustun 2-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb. Şikayət E.Quliyevin 30 sutka inzibati həbsi barədə Nəsimi Rayon Məhkəməsinin iyulun 29-da verdiyi qərardandır.

Həmin gün E.Quliyev şəhərin mərkəzində - Qış Parkı ərazisində bir neçə ictimai-siyasi fəalla birlikdə etiraz aksiyası keçirib. Aksiyada həbsdə olan müsavatçı fəal Azad Həsənova azadlıq tələb olunub.

"Saxlandığım təcridxanaya özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polkovniki kimi təqdim edən bir nəfər gəlmişdi. Əvvəl əməkdaşlıq təklif elədi, razılaşmadım. Onda hədələməyə başladı. Dedi ki, inzibati həbsim bitəndən sonra haqqımda cinayət işi başlanacaq, uzunmüddətli həbsə göndəriləcəyəm", - Quliyevin apellyasiya şikayətindəndir.

E.Quliyev apellyasiya məhkəməsində çıxış edərkən haqqındakı həbs qərarının qanunsuz və əsassız olduğunu bildirib. Deyib ki, Nəsimi rayonu, 21-ci polis bölməsində saxlanılarkən müdafiə hüququ pozulub, vəkillə təmin olunmayıb. Onun sözlərinə görə, bu pozuntu məhkəmədə də davam edib - hakim qarşısına vəkilsiz çıxarılıb:

"Mənə dövlət hesabına vəkil təklif elədilər, razılaşmadım. Öz seçdiyim vəkilin çağrılmasını istədim. Məhkəmə vaxtı bunu təmin eləmədilər".

E.Quliyev həmçinin, Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada hədələnməsi barədə də danışıb.

Vəkili Osman Kazımov məhkəmədən aksiya ilə bağlı videogörüntülərə baxılması barədə vəsatət qaldırıb: "Videoda görünür ki, Elman Quliyev və digər şəxslər qanun pozuntusuna yol vermir. Əksinə, polis əməkdaşları kobud davranır, söyüş söyür".

Hakim Faiq Qasımov videogörüntü ilə bağlı vəsatəti də, ümumiyyətlə, apellyasiya şikayətini də təmin etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun