Böyük oğurluq - Hacı Səfərov

Böyük oğurluq - Hacı Səfərov
13 Avqust 2019
Mətni dəyiş

İnternet birdən həyatımıza daxil oldu və bütün vərdişlərimizi, həyat tərzimizi dəyişdirdi. Biz ona adaptasiya olduq, o da bizə adaptasiya oldu. Hər gün minlərlə xəbər, informasiya, bilik almağa başladıq. İnternetin dünyanın bütün insanlarını birləşdirəcək, kommunikasiyanı gücləndirəcək imkana sahib olduğunu düşündük. Lakin aradan ötən zaman ərzində gördük ki, hər yaxşı vasitəni mütləq pis niyətlər üçün istifadə edən şəxslər var. Bu gün həmin cəhdlərdən birindən bəhs edən “Böyük oğurluq” (The Great Hack) sənədli filmindən söhbət açacam.

Hər gün informasiya axınına məruz qaldığımız kimi, biz də müəyyən qədər məlumatlarımızı bölüşür, başqalarını özümüz barədə informasiyalara məruz qoyuruq. Başqa insanlar bizim harada olduğumuzu, nə yediyimizi, nə içdiyimizi görür, xəbərdar olurlar. Bəs həmin məlumatların sonrakı taleyi necə olur? Yoxa çıxırlar, yoxsa bir küncdə qalır, bizim kimliyimizi yaradırlar? Bəs həmin yaranan kimliyimizi öyrənən şəxslər bizi manipulyasiya etməyə və qərarlarımızı dəyişməyə çalışırlarsa necə olsun? “Böyük oğurluq” məhz bundan, daha dəqiqi “Cambridge Analytica” (Kembric Analitika) skandalından bəhs edir.

Kembric Analitika 2013-cü ildə İngiltərədə qurulan və müxtəlif siyasi partiyalara məsləhət verən şirkətdir. Məsləhətlərini isə əsasən insanların internet üzərində buraxdığı informasiyaları toplayaraq, insanların siyasi yönünü taparaq verir. Bizim datalarımızı toplayır, bəyəndiyimiz, oxuduğumuz, kliklədiyimiz hər bir şeyi analiz edir və bizim hansı siyasi yönümlü olduğumuzu təxmin edirlər.

Beləliklə, biz datalarımız nəticəsində siyasi partiyaların hədəfinə çevrilir, manipulyasiya edilirik. “Böyük oğurluq” sənədli filmi şahidlər, faktlar və gedən məhkəmə proseslərini cəmləyərək ümumi bir portret çıxarır, Kembric Analitikanın fəaliyyətini aydınlaşdırmağa çalışır. Detektiv ab-havasında başlayan film vaxt ötdükcə şəxslərin psixologiyasına fokuslanır. Fərdlərin şəxsi ədavətləri, gələcəyə dair planları və etdikləri şeyin yaxşı ya da pis olduğu barədə heç bir təsəvvürü olmadığı göstərilir.

Film temp səngiyib marağını itirəcəyi anda başqa bir problemi ortaya atır və həllini tapmağa çalışır. Bütövlükdə filmin ortaya qoyduğu ən əsas məsələ isə data təhlükəsizliyinin insan hüquqlarından biri olub-olmadığıdır. Doğrudan da, feysbuk, tvitter və digər sosial şəbəkələr bizim haqqımızda olan məlumatları qorumalıdır, yoxsa hamı istədiyi kimi bunu əldə edə bilərmi?

Kembric Analitika skandalının ən böyük zərbə vurduğu şirkətlərdən biri “Facebook” idi. Buna əsas səbəb isə şirkətin insanların məlumatlarını digər qurumlarla, şirkətlərlə bölüşməsi, daha doğrusu satmasıdır. Skandal ortaya çıxandan sonra isə şirkətin səhmləri milyonlarla dəyər itirir, rəhbər Mark Zukerberq isə məhkəməyə ifadə verməli olur. “Böyük oğurluq”da məhz bu kimi nüanslar da yer alıb. Lakin əsl müəmma Kembric Analitikanın insanları hansı üsullarla manipulyasiya etməsi və insanlar haqqında hansı dərəcədə biliyə sahib olmasıdır.

Şirkət məsləhətlərinə kiçik ölkələrdə başlayır. Trinidad və Tabaqoda iki əsas partiyadan birinə xidmət göstərirlər. Bu xidmətdə əsas hədəf gənclər olur və məqsəd isə ilk dəfə səs verəcək şəxsləri apolitik etməkdir. Rəqib partiyanın potensial seçicilərini müxtəlif kontentlərlə, məhsullarla apolitikliyə sürükləyirlər. “Kembric Analitika”nın etməyə çalışdığı şey davranış dəyişikliyidir və bunu da bacarırlar.  Seçkidə 6 faiz səs fərqi ilə “Kembric Analitika”nın xidmət göstərdiyi “Birləşmiş Milli Konqres” siyasi partiyası qələbə qazanır.

Şirkət Malaziya, Litva, Kenya, Rumıniya kimi demokratiya ənənəsi zəif bir çox ölkədə manipulyasiyalar etdikdən sonra əsl sınaq meydanı olan Britaniyaya və ABŞ-a öz təsirlərini yoxlamaq qərarına gəlirlər. “Brexit” prosesi və 2016 ABŞ prezident seçkiləri iki əsas siyasi meydan olur. Hərçənd şirkətin rəhbəri “Brexit” prosesinə heç bir müdaxilələri olmadığını söyləyir, lakin videogörüntülərin birində şirkətin məsul şəxslərindən birinin kampaniya üçün yaradılan saytın təqdimatında görüldüyü məlumdur.

Ən əhəmiyyətli təsirləri isə Donald Trampın qalibiyyəti ilə bitən ABŞ prezident seçkiləridir. Həmin prosesə təsirləri və ondan sonrakı proseslərə keçməmişdən qabaq bunu bildirməkdə fayda var ki, filmin tənqidçiləri əsəri obyektivlikdən uzaq olmaqda və hadisələri təktərəfli şəkildə göstərməkdə günahlandırırlar. Bundan başqa, Kembric Analitika şirkətinin işçisinə görə, liberal media sağ populizmə uduzduqları üçün günah keçisi axtarırdılar və həmin səbəbkarı (Kembric Analitika şirkətini) tapdıqları üçün hər gün haqqında yüzlərlə xəbər, məqalə çıxırdı.

Kembric Analitikanın Amerika prezident seçkilərinə “müdaxiləsi” Respublikaçılardan olan Ted Kruzun səs faizlərini artırmaqla başlayır. Şirkət istifadə etdiyi xüsusi sorğularla insanların kimliyini, şəxsiyyətini müəyyən edir, daha sonra isə həmin şəxsin siyasi profilinə uyğun şəkildə informasiya bombardımanına məruz qoyurlar. Beləliklə, Ted Kruzun kiçik görsənən səs faizi artır. Şirkətdə işləyən etirafçılardan biri deyir ki, onlar bütün hər kəsi öz təsirləri altına almırdılar. Analiz edilən seçicilər arasında yalnızca tərəddüd edən şəxslər seçilir və onlara uyğun məlumatlar verilərək manipulyasiya etməyə çalışırdıq. Uğurlarının sirri də burada yatırdı.

Kembric Analitikanın uğuru Donald Trampa gedən yolları da açır. Beləliklə, öz məsləhətləri və manipulyasiya üsulları ilə minlərlər müxtəlif kontent yaradaraq tərəddüd edən seçicilərin fikirlərini dəyişməyə başladılar. İrqçi, rasist və ksenofob informasiyalarla seçicilərin həssas nöqtələrinə toxunmağa çalışır, əks qütbə nifrət edərək seçkidə öz tərəfini seçməyə məcbur etdilər.

Haşiyəyə çıxıb deyək ki, Hillari Klintonun seçki kampaniyası zamanı “facebook”da istifadə edilən vizual reklamların sayı 66 min olduğu halda, bu rəqəm Trampda 5.9 milyondur. Təxminən 100 dəfə daha çox reklam yerləşdirilməsi və insanları hədəf seçməkləri qələbənin təsadüfi olmadığını göstərir.

Datanın neftdən daha baha olduğu faktı filmin əsas xəttidir. Elə bu dəyər və qiymətə görə də həyatımızın istər-istəməz bir hissəsinə çevrilir. Ziyalılar bizi bu barədə xəbərdar etməyə çalışır. Etdiyimiz hər bir hərəkətə diqqət etməliyik. İşbazlar bizim məlumatlarımızdan istifadə edərək var-dövlət qazanırlar və bizim həyatımızı öz istəklərini uyğun şəkildə formalaşdırırlar. Texnologiyanın həyatımızın əsas yönvericisi olduğu uzaq distopyalar artıq çox da “uzaq” deyil.

Kembric Analitika insanların məlumatlarını toplarkən hətta akademiklərdən də istifadə edib. Qələbəyə gedən yolda hər şey mübahdır fikrini əsas arqumentə çeviriblər.  Bir tərəfdə bunun sadəcə düzgün analiz olduğunu vurğulayan və özünü günahsız görən “Kembric Analitika” rəsmiləri, digər tərəfdə isə edilənlərin demokratiyaya ziyan verdiyini, hiyləyə əl atdıqlarını vurğulayan ziyalılar. Bu ziyalıların içində jurnalistlər, hüquqşünaslar və başqa şəxslər də var. Bu şəxslər bizim gələcəyimiz barədə əndişələnirlər.

Narahatlıq keçirən şəxslərdən biri də Devid Kəroldur. O, Kembric Analitikadan öz datasını istəyib, lakin ala bilmədikdə hüquqi yollara əl atıb. Hekayənin onun üzərindən başlaması və məlumatlarını əldə etmək arzusu böyük qalmaqallara gətirib çıxarır. Kembric Analitika Devidin datalarını vermədiyini və günahkar olduğunu qəbul edir. Devid isə belə deyir: “Yəqin məlumatlarımı əsla ala bilməyəcəm. Qızım 18 yaşına çatana qədər onun haqqında 70 min məlumat nöqtəsi olacaq, amma qızım bu məlumatlara nəzarət edə bilməyəcək.” Devidin mübarizəsi isə data təhlükəsizliyinin insan haqlarından biri kimi tanınmasıdır.

Yaşamaq, vicdan və din azadlığı, ailə qurmaq kimi hüquqlar insanların keçdiyi yolların nəticəsidir. İnsanlar bu və başqa hüquqları uzun müddətli mübarizə nəticəsində qazanıb. Mədəni və sivil dünyamız müxtəlif hüquqlardan, haqqlardan ibarətdir.

[caption id="attachment_78215" align="alignleft" width="1050"] Hacı Səfərov[/caption]

İndi isə yeni üsullar və texnologiyalar həyatımıza daxil olduqca hüquqlarımız genişləyir. Şəxsi məlumatlarımızın, datalarımızın təhlükəsizliyi birbaşa bizim də təhlükəsizliyimizdir. Əgər bütün məlumatlarımızı əldə edib bizi istədikləri kimi yönləndirəcəklərsə, onda bizi digər varlıqlardan fərqləndirən heç bir xüsusiyyətimiz qalmayacaq. Yavaş-yavaş həyatımızda avtoritar rejimlər hökmranlıq edəcək və bizim onu dəyişmək üsulumuz olan “demokratiya” da əlimizdən çıxacaq.

Məhz bu səbəbdən jurnalistlər, hüquqşünaslar mübarizə aparır ki, mövzu barəsində insanların məlumatı olsun. Filmin dolayı yolla etməyə çalışdığı da budur və təbii ki, mənim bu yazını yazmaq məqsədim də eynidir.

Filmin sonunda verilən sualı təkrarlamaq və oxuyucuları  da bu barədə düşünməyə səsləyirəm: “Bu dağıntının və öldürücü bölünmənin başlanğıc nöqtəsi bir insanın manipulyasiyasıdır. Sonra başqasının və başqasının. Buna görə də mütləq özümdən soruşuram: Məni də manipulyasiya edə bilərlər? Bəs səni necə?”

Hacı Səfərov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun