Azərbaycanda şəxsi həyata qanunsuz müdaxilə təcrübəsi geniş yayılıb [araşdırma]

Demokratik Təşəbbüslər İnstitutunun araşdırma qrupu Azərbaycanda şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların istifadəsi sahəsində qanunvericiliyin və təcrübənin təhlilini aparıb. Təhlil beynəlxalq hüquq normalarına uyğunluq nöqteyi-nəzərdən aparılıb.

Mənbə kimi sosial şəbəkələrdən (Facebook, Google və YouTube) və onlayn mətbuatdan istifadə olunub. Araşdırma obyekti fərdi məlumatların müdafiəsi üzrə öhdəlikləri olan dövlət orqanları və ticari qurumlar olub.

Araşdırmada qeyd edilir ki, Azərbaycanda insan hüquqları sahəsində əsas problemlərdən biri şəxsi həyatın toxunulmazlığı ilə bağlı pozuntulardır. Bu, şəxsin şəxsi həyatı haqqında məlumatların qanunsuz olaraq toplanmasında, onun şərəf və ləyaqətinin və işgüzar nüfuzunun alçaldılmasında, ifadə və cinsi meyl azadlığının pozulmasında özünü göstərir. Pozuntuların sayı çox olduğuna görə dəqiq statistika aparmaq çətindir.

Araşdırmada DTX və DİN tərəfindən ictimai fəalların telefon danışıqlarının dinlənilməsi və internet yazışmalarının izlənilməsi təcrübəsi qeyd edilir. Qanunvericilikdəki boşluqlar dövlət orqanlarının və hüquqi şəxslərin məsuliyyətdən yayınmasına imkan verir.

Digər tərəfdən, qanunvericiliyə edilmiş dəyişikliklər məhkəmə qərarı olmadan mobil rabitə operatorlarında xüsusi avadanlıq yerləşdirməyə və vətəndaşların fərdi məlumatlarını izləməyə, onun harada olduğu və yerdəyişmələri haqqında məlumat toplamağa imkan verir.

Mobil operatorların vətəndaşların yeri haqqında məlumatları ötürməsinin ən parlaq nümunələrindən biri 2019-cu il yanvarın 19-da Bakıda müxalifətin mitinqindən sonra baş verib. Sonrakı günlərdə aksiya iştirakçıları mitinqdə izlənilən mobil telefon nömrələrindən müəyyən edilərək polisə çağırılıblar.

Araşdırmada həmçinin AZAL QSC-nin əməkdaşının sosial şəbəkələrdə transgender şəxsin ələ salınması üçün ona məxsus şəxsiyyət vəsiqəsinin şəklini sosial şəbəkələrdə paylaşması qeyd edilir. Bu, sosial şəbəkələrdə qəzəb doğurub və gender fəalları əməkdaşın cəzalandırılmasını tələb ediblər. Aviaşirkət qanun pozuntusunu etiraf edib və üç əməkdaşı işdən çıxarıb.

Araşdırmanın sonunda tövsiyələr irəli sürülür:

1) Şəxslərin hüquq və mənafelərinin qorunması və beynəlxalq konvensiyaların tələblərinə cavab vermək üçün yerli qanunvericilik daha üstün səviyyəyə gətirilməlidir.

2) Beynəlxalq təşkilatların Azərbaycanda İnsan Hüquqlarının vəziyyətinə dair olan hesabatlarındakı tövsiyələr nəzərə alınmalıdır.

3) Şəffaflığı qorumaq və cəmiyyət qarşısında hesabatlılığı təmin edə bilmək üçün Kütləvi İnformasiya Vasitələrininin asılılığı dayandırılmalı və azad medianın fəaliyyət göstərə bilməsi üçün təzyiqlər aradan qaldırılmalıdır ki, ictimai debata səbəb ola biləcək pozuntu faktlarından vətəndaşlar xəbərdar olsun.

4) Əqidəsindən, siyasi görüşündən və hər hansı siyasi partiyaya mənsub olması səbəbindən şəxslərə diskriminativ münasibət və şəxsi həyatına qanunsuz müdaxilə halları aradan qaldırılmalı və buna yol açan dövlət məmurlarının qanunla nəzərdə tutulan məsuliyyəti real şəkildə icra olunmalıdır.

5) Dövlətin güc strukturlarına güvəni artırmaq üçün istintaq sirrinin pozulması və vətəndaş müraciətlərinin baxılmamış saxlanması halları ilə əlaqədar məsuliyyətlə bağlı qanunvericilikdə mövcud normalar tətbiq edilməlidir.

6) Avropa Məhkəməsinin yanaşmaları Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı rəhbər tutularaq ədalət mühakiməsinin tətbiqi zamanı aktiv şəkildə tətbiq olunmalıdır.

* “Demokratik Təşəbbüslər İnstitutu” (DTİ) QHT 2013-cü il noyabrın 5-də bir qrup hüquqşünas və ictimai fəal tərəfindən Azərbaycanda demokratik təşəbbüslər yolu ilə açıq cəmiyyətin formalaşmasına yardım məqsədilə yaradılıb. DTİ-yə ölkənin Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov rəhbərlik edir. O, çoxsaylı pozuntularla əlaqədar 13 oktyabr 2013-cü il prezident seçkiləri haqqında yekun protokolu imzalamayan yeganə MSK üzvü idi.