1937-ci ilin “Şamaxı işi”: totalitarizm öz balalarını necə “uddu”?

Azərbaycanda qanlı 1937-ci il repressiyasının bir parçası da “Şamaxı işi”dir. Bu iş “fəhlə-kəndli inqilabı” kimi süsləndirilmiş bir totalitar rejiminin çox sayda günahsız, ləyaqətli, azadlıqsevər insanla bərabər, “öz balalarını” da necə görməmişliklə, amansızlıqla “udduğunun”, məhv etdiyinin parlaq örnəyidir.

“Şamaxı işi” 1937-ci il oktyabrın 27-də start götürdü. Cəmi beş gün sürdü.

2 noyabradək davam edən prosesdə məhkum edilənlərin sayı isə nə az, nə çox, düz 400 nəfərə çatırdı.

Həbs edilənlərin bir çoxu Azərbaycanın tanınmış bolşevikləri, Cümhuriyyətin devrilməsində və rus-Sovet işğalında xüsusi canfəşanlıq göstərənlər idi.

Onların başında Həmid Sultanov gəlirdi.

“Şamaxı işi” necə başladı?

Başda İosif Stalin olmaqla, SSRİ-nin o vaxtkı rəhbərliyi hesab edirdi ki, “burjuaziyanın agentlərinə, fəhlə və kəndli sinfinin mənfur düşmənlərinə” qarşı mübarizə daha da amansıcasına aparılmalıdır; hətta 1937-ci ilin yayında bu haqda məxfi göstəriş hazırlanmış və bütün müttəfiq respublikalarına göndərilmişdi.

Həmin göstərişdən sonra təqib və təzyiqlərin yeni, amnasız dalğası başlamışdı.

Üstəlik, məlum direktivdə açıq şəkildə fiziki məhvdən söhbət gedirdi. Yəni kimsə sağ buraxılmamalı idi!

Hələ bu göstərişdən bir müddət əvvəl Şamaxı rayonunun Təklə kəndindəki Molotov adına kolxozun sədrinə respublika toplanışında iştirak etmək üçün 70 nəfər qabaqcıl kolxozçunun siyahısını hazırlamaq tapşırılır. Siyahı hazırlanır.

Lakin həmin 70 nəfər respublika toplanışı əvəzinə, Xalq Daxili İşlər Komissarlığının (“NKVD”) zindanına göndərilir. Onların əksəriyyəti – 60 nəfəri o dövr üçün ənənəvi olan ittihamlarla formal məhkəmə edilərək güllələnir; bundan sonra isə cəzalandırmanın, daha doğrusu, hökumət terrorunun yeni pərdəsi açılır.

Bildirilir ki, “Həmid Sultanovun başçılığı ilə Şamaxı rayonunda antisovet, əksinqilabçı, üsyançı , casus-terrorçu və burjua – millətçi təşkilat aşkar edilib” (Füzuli Sabiroğlu, “Dərhal güllələnsin!” adlı araşdırma məqaləsi).

Həmid Sultanov kim idi?

Bu ad Azərbaycan tarixinə bir sıra qanlı hadisənin fəal iştirakçısı kimi düşüb.

Dosye: Sultanov Həmid Həsən oğlu 26 may 1889-cu ildə Qazax qəzasının Şınıx-Ayrım kəndində doğulub. 1909-1913-cü illərdə Almaniyanın Leypsiq Politexnik İnstitutunda təhsil alıb.

Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası (Bakkomuna) dövründə (25 aprel 1918 – 31 iyul 1918) Bakı şəhər və rayonları Hərbi İnqilab Komitəsinin üzvü, Bakı Xalq Komissarları Şurasının qəza müvəkkillərindən biri olub.

1919-da Azərbaycan Cümhuriyyətinə qarşı silahlı üsyanın təşkilatçıları sırasında onun da adı vardı.

Sovetləşmədən sonra Azərbaycan İnqilab Komitəsi üzvü, ASSR-in ilk daxili işlər komissarı, İran KP katibi, sənaye və ticarət komissarı, A Xalq Təsərrüfatı Şurası sədri, Nax.MSSR XKŞ sədri, ZSFSR MİK katibi, ASSR kommunal təsərrüfatı komissarı və s. vəzifələrdə çalışıb.

1920-ci il aprelin 28-dən 1921-ci il iyulun 1-dək Azərbaycan SSR-nin ilk daxili işlər naziri olan H.Sultanov xüsusilə 1920-ci ildə rus-Sovet işğalına qarşı mübarizəmizin şanlı səhifələrindən olan Gəncə üsyanına qarşı “şücaəti” ilə tanınır. Üsyanın yatırılmasında “fövqəladə komissar” sifəti ilə həlledici rollardan birini, bəlkə də, birincisini oynayan Sultanov etirazçılara qarşı dəhşətli amansızlığı ilə də seçilmişdi.

Bütün bunlara baxmayaraq, yeni hökumət ona təşəkkürü lazım bilməmişdi: çünki üsyanın qmiqyası qısa vaxtda xeyli böyümüş, bolşevik ordusu ciddi zərbələr almış, ən əsası isə üsyançıların heç də hamısı ram edilməmişdi, onların bir hissəsi dağlara çəkilmiş və işğalçı rejimə qarşı potensial təjhülkə mənbəyi olaraq qalmışdılar.

Bundan başqa, Azərbaycanın görkəmli aydınlarından olan, ədəbiyyat tarixçiliyimizin banisi sayılan Firudin bəy Köçərlinin güllələnməsi də məhz Həmid Sultanovun adı ilə birbaşa bağlıdır.

İlk Cümhuriyyətimizin elan edildiyi gün – 1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurasının üzvü seçilən və böyük sevinclə, qürurla İstiqlal bəyannaməsini imzalayan Köçərli, 1919-cu il fevralın 1-də Müsavat Partiyasının Qazax şöbəsinə sədr seçilmiş, Sovet işğalına qədər isə maaarifçilik tariximizin parlaq səhifələrindən olan Qazax Müəllimlər Seminariyasına rəhbərlik etmişdi.

1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini Müsavatın yerli təşkilatının digər rəhbərlərini “xalqa xəyanətdə”, “milli nifaq törətməkdə”, “torpaq və mülk zəbt etməkdə” və daha nələrdə ittiham edərək, Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən həbsə atırlar.

Şahidlər dindirilmədən, həbs olunanların ifadələri nəzərə alınmadan güllələnmə haqqında qərar çıxarılır.

Qərarın altında Həmid Sultanovun da imzası vardı.

Həmin qərardan çıxarış: “Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda Müsavat Partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir… Məttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər.

Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.

Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman

Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov“.

Yəqin ki, həmin günlərdə Sultanovun ağlına da gəlməzdi ki, işğalçı rus-sovet hökumətinin möhkəmlənməsi uğrunda gözünü qırpmadan imza atdığı bütün bu qanlı əməllər bir gün bumeranq kimi onun özünə qayıdacaq…

Həmid Sultanovda Köçərli cəsarəti tapılmadı…

“Şamaxı işi” ilə bağlı Həmid Sultanovla yanaşı müttəhimlər kürsüsündə daha 13 nəfər vardı.

Bunlar Şamaxı rayonın yerli partiya rəhbəri Xəlfə Hüseynov, Şamaxı İcraiyyə Komitəsinin keçmiş sədri İsrafil İbrahimov, Şamaxı rayonun yerli partiya təşkilatının ikinci katibi Aram Avalov, rayon prokuroru Əhməd Əmirov, yerli şərabçılıq sovxozunun direktoru Əlisahib Məmmədov, rayon torpaq şöbəsinin müdiri Georgi Yurxanov, rayonun baş baytarı Ağalar Kələntərov, yol şöbəsinin müdiri Məmməd Mirzə Heybalıyev, Molotov adına kolxozun sədri Mirəli Tanrıverdiyev, anbardarı Sirac Cəbiyev, partiya komitəsinin katibi Əli Sadıqov, Təklə kənd sovetinin sədri Babalı Bəkirov və həmin kəndin sakini Məmməd Hüseynov idi.

Bir zamanlar şərlənərək güllələnməsində müstəsna rol oynadığı Firidun bəy Köçərlidən fərqli olaraq, Həmid Sultanov ona qarşı ittihamları asanlıqla boynuna alır. Etiraf edir ki, “əksinqilabi millətçi mərkəzin üzvü” olub, üstəlik, həmin mərkəzin yaradılmasında məqsəd “yerli sovet hökumətini yıxaraq Azərbaycan SSR-ni SSRİ-dən ayırmaq və kapitalist mülkiyyəti bərpa etmək” imiş.

Bundan başqa, sən demə, həmin mərkəz “partiya rəhbərlərinə, hakimiyyətə qarşı terror aktları, xalq təsərrüfatında ziyanvericilik və casusluq etməyə hazırlıqlar” görürmüş.

Sultanov yoldaşlarını ələ verir…

Həmid Sultanov bununla da kifayətlənmir.

O, haqqında danışdığı “əksinqilabi millətçi mərkəzin” mərkəzin rəhbəri kimi başqa bir qatı bolşevik Ruhulla Axundovu, icraçılar kimi isə Şamaxı rayonunun yuxarıda adları çəkilən rəhbərlərini göstərir.

Daha bir maraqlı məqam: Sultanovun yaxalarınnı ələ verdiyi bolşevik yoldaşları arasında Əbdülməcid Əfəndiyev, Qambay Vəzirov, Dadaş Bünyadzadə kimi rus-sovet işğalının tanınmış tərəfdarları ilə yanaşı, başqa bir məşhur şəxs də vardı: bu,  SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasından (ZSFSR) sədri (21 may 1925 — iyun 1937), Azərbaycan SSR Xalq Komissarları Sovetinin 2-ci Sədri (6 may 1922 — 14 mart 1930), Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Sədri (14 mart 1930 — 12 noyabr 1931), ZSFSR Xalq Komissarları Sovetinin Sədri  (28 yanvar 1932 — 5 dekabr 1936) kimi yüksək vəzifələr tutmuş Qəzənfər Musabəyov idi.

Üstəlik, Musabəyov onun qaynı idi.

Köçərlini güllələyən Sultanov özü də güllələnir…

Digər ittiham olunanlar da H.Sultanovla eyni ifadələri verir, məhkəmə başda H.Sultanov olmaqla, ümiumilikdə 9 nəfəri (digərləri: Xəlfə Hüseynov, İsrafil İbrahimov, Əhməd Əmirov, Aram Avalovu, Georgi Yurxanov, Əlisahib Məmmədov, Ağalar Kələntərov və Məmməd Hüseynov) ölüm hökmünə məhkum edirlər.

Beləliklə, Firidun bəy Köçərlinin güllələnmə qərarını “uf” demədən imzalayan H.Sultanov düz 17 il sonra eyni aqibəti yaşamalı olur.

İttiham edilənlərdən digərləri isə 8-20 il müddətinə sürgünə göndərilir.

Yeri gəlmişkən: H.Sultanovun arvadı, Azərbaycanda sovetləşmə uğrunda xeyli tər tökmüş  Ayna Sultanova da 1937-ci ildən sağ çıxmadı.

Qaynı Qəzənfər Musabəyov isə 1938-ci ilin iyulunda güllələnməyə məhkum edildi.

H.Sultanovun yaxasını ələ verdiyi yoldaşları da repressiya dövründən sağ çıxmadılar: 1937-ci ildə Ruhulla Axundov, 1938-ci ilin aprelində Ə.M.Əfəndiyev, elə həmin il Dadaş Bünyadzadə də sevinclə, toy-bayram kimi qarşıladıqları 28 aprel istilasının acı meyvəsini – sovet repressiyasını, “qırmızı terror”u dadmaqdan canlarını qurtara bilmədilər.

Hər nə qədər ilk Cümhuriyyətimizə qarşı dayanmış və rus-sovet işğalı üçün dəridən-qabıqdan çıxmış olsalar da, minlərlə insanın günahsız ölümündə, həyatının zəhərə çevrilməsdində birbaşa və ya dolayısı ilə iştirak etsələr də, hər halda söhbət insan amilindən gedirsə, əlbəttə, onların aqibəti də ağrılıdır, ancaq ağrılı olduğu qədər də ibrətamizdir…

Elnur Astanbəyli

Abzas.org