'Sona Vəliyeva dedi ki, 'Paşabank'da pulumuz olsa, deyəcəklər, Heydər Əliyev Fonduna da pul köçürün'

'Sona Vəliyeva dedi ki, 'Paşabank'da pulumuz olsa, deyəcəklər, Heydər Əliyev Fonduna da pul köçürün'
27 İyul 2019
Mətni dəyiş

Prezidentin köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsus “Kaspi” liseyinin Bakıxanov qəsəbəsində yerləşən filialında yarım milyondan çox mənimsəmə iddiası üzrə məhkəmə prosesi davam edir.

Ödənilən təhsil haqlarının 565 min manatını mənimsəməkdə ittiham olunan baş mühasib Tural Məmmədovmühasib Fərahim Mehbalıyevin məhkəməsində liseyin direktoru Elnur Əliyev ifadə verib. O, şahid qismində dindirilib.

E.Əliyev bildirib ki, 2018-ci ilin martından liseyin direktorudur. Baş mühasib Tural Məmmədovun işindən narazı olduğunu deyən direktorun sözlərinə görə, hesabatları vaxtında hazırlamırdı, maliyyə sənədləri qaydasında deyildi. Ondan bir neçə dəfə liseyin təsisçisi Sona Vəliyevaya da şikayət etdiyini bildirir:

"Sona Vəliyeva Turalı hədsiz müdafiə edirdi"

“Keçən yay vaxt verdim ki, mən məzuniyyətdən qayıdana qədər hesabatları hazırlasın. Qayıdanda gördüm ki, hazır deyil. Təsisçi qarşısında onun işdən çıxarılması məsələsini qaldırdım. Dedim ki, adi hesabatı tərtib edib, mənə təhvil vermirlər. Təsisçi xüsusən Turalı hədsiz müdafiə edirdi. Bunların işdən çıxmamasında israr edirdi ki, ailələri var. Dedim, narahat olmayın, ofisdə işlə təmin edərik. Turalın özünə də dedim ki, kassanı təhvil ver, bundan sonra ofisdə işləyəcəksən".

Direktorun sözlərinə görə, kassanı təhvilalma prosesində birinci gün 400 minə yaxın məbləğ az gəlib, hələ xərc kimi göstərdikləri məbləğləri olduğu kimi qəbul eləməklə.

"Özlərini elə göstərdilər ki, guya şokdadılar. Dedilər təhsilhaqqının bir hissəsini ödəyənləri də ola bilsin tam ödəniş kimi sistemə vurmuşuq. Mənə inandırıcı gəldi. Başladıq qəbzlərlə tutuşdurmağa. Qəbzləri yoxlayanda rəqəm daha çox çıxdı".

Yoxlamadan sonra 565 min manatın mənimsənildiyi ortaya çıxıb

Elnur Əliyev məhkəmədə deyib ki, təqsirləndirilən şəxslərin hər ikisinə münasibət eyni olmamalıdır. Onun sözlərinə görə, Fərahim nisbətən daha məsuliyyətli davranırdı, işlərin çoxunu o görürdü, yəqin cavanlıq səhvi edib, qoşulub Turala.

Direktorun sözlərinə görə, böyü bir məbləğin yoxluğu ortaya çıxandan sonra, o, komissiya təşkil edib, liseydə yoxlama aparılıb və 565 min manatlıq mənimsəmə aşkarlanıb.

Onun sözlərinə görə, bu məsələnin üstü açılandan sonra baş mühasib onun yanında təsisçi Sona Vəliyeva ilə görüşüb, bu məbləği mənimsədiyini etiraf edib və qaytaracağına söz verib:

"Direktor yalan danışır, etiraf ərizəsini S.Vəliyeva məcburi yazdırıb, həm də aldadıb"

“Təsisçi ilə tək görüşmək istəyirdi, amma mən də iştirak etdim. Dedi, götürmüşəm, iş qurmaq istəyirdim. Sonra otaqdan çıxdı, bir kağızla gəldi. Yazmışdı ki, bu qədər pulu mən götürmüşəm, qaytaracam. Fərahimi çağırdım, dedim, nə bilirsən, de. Cavabında bildirdi ki, Tural özü desin”.

Təqsirləndirilən T.Məmmədov bildirib ki, direktor yalan danışır, etiraf ərizəsini S.Vəliyeva ona məcburi yazdırıb, həm də aldadıb:

“Elnur Əliyev yalan deyir, 560 mini öz istəyimlə yazmamışam. Mənə Sona xanım dedi ki, belə yaz, polis çağırmayım. Yoxsa ərimə - Əli Həsənova demişəm, polis çağıracaq. Mən də razılaşdım. Burdan mənə ərizəni yardırdı, o biri tərəfdən iş otağıma gedəndən az sonra, axşamüstü 5 radələrində “banditizm”in işçiləri gəlib bizi apardılar”.

"15 gün 'Bandotdel'də qanunsuz saxlanılmışıq"

T.Məmmədov bildirir ki, oktyabrın 16-dan 30-na qədər onlar DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində qanunsuz saxlanılıblar. Orada qaldıqları 14 günlük müddət heç yerdə qeydiyyata alınmayıb.

Onun sözlərinə görə, saxlandığı gün – oktyabrın 16-da 20 min manat nağd pul verib ki, ziyandan ödənilsin. Dərhal maşınının üzərinə həbs qoyulub, 35 min manatlıq qiymətləndirilərək götürülüb. Amma bu 55 min ziyandan çıxılmayıb. Direktor dindirilərkən ona liseydəki qeyri-rəsmi əməkhaqqılar haqda da suallar verilib.

"Liseydə işçilərin əməkhaqlarının 90 faizi nağd ödənilib, 10 faizi kartla. Niyə?" – sualına cavab verən E.Əliyev bundan xəbərsiz olduğunu, liseydə direktor olduğu müddətdə mühasibatlıqdakı problemlərə nəzarət etdiyini söyləyib.

"Vergidən yayınmaq məqsədilə Sona Vəliyevadan belə göstəriş gəlmişdi"

Direktor əlavə edib ki, əgər baş mühasib kimi T.Məmmədovun dövründə əməkhaqqının verilməsində düzgün olmayan formadan istifadə olunubsa, onun günahıdır.

T.Məmmədov etiraz edib. Bildirib ki, maaşları vergidən yayınmaq məqsədilə bu formada vermək göstərişi Sona Vəliyevadan və Elnur Əliyevdən gəlmişdi:

"Mən özbaşına bir manatla bağlı da qərar verə bilməzdim. Aylıq əməkhaqqı gəlib 80 minə çıxırdı. Göstəriş vardı ki, 5000 manatdan yuxarı bütün xərclər Elnur Əliyevə deyilsin. Necə yəni xəbəri olmayıb? 80 min manatdan söhbət gedir. Bunun da 22 mini rəsmi ödənilirdi, kartla, qalanı qeyri-rəsmi, nağd şəkildə".

"Məqsəd vergidən yayınmaq idi"

T.Məmmədov onu da bildirib ki, hər bir gündən bir kassadan pulları götürüb S.Vəliyevaya verirdi: “Dəfələrlə onun otağında Elnur Əliyev də gəlib, pulları birlikdə sayıb vermişik”.

Direktor ifadəsində onu da bildirib ki, komissiya araşdırma apararkən kassa mədaxil qəbzlərindəki rəqəmlərlə əldə olan vəsaiti, xərcləri müqayisə edib, mənimsənilən rəqəmi müəyyənləşdirib. T.Məmmədov isə deyir ki, onlarda kassa mədaxil qəbzlərindən istifadə olunmurdu, hamısı liseyin özünün hazırladığı qəbzlər idi. Məqsəd də real rəqəmi gizlədib, vergidən yayınmaq idi.

T.Məmmədov direktordan soruşub ki, o, ifadəsində bəhs etdiyi 714 kassa mədaxil qəbzini görübmü? E.Əliyev suala konkret cavab verməyib.

"Sona Vəliyeva dedi ki, "Paşabank"da pulumuz olsa..."

"Görə də bilməzdi. Yox idi. Göstəriş verilmişdi ki, liseydaxili qəbzlər hazırlanıb, ödənişə görə valideynlərə verilsin. Prezidentin fərmanı oldu ki, nağd pul alınmasın. Onda təsisçi bizə tapşırıq verdi ki, işləmək üçün uyğun bankları müəyyənləşdirək. Beş bank müəyyənləşdirdik: “Yapıkredibank”, “Paşabank”, “Bank Respublika”, “Ekspressbank” və Beynəlxalq Bank.

İclas keçirildi, orada bu bankları sadaladıq ki, bunlarla işləmək sərfəlidir. Sona Vəliyeva dedi ki, “Paşabank”da pulumuz olsa, deyəcəklər ki, Heydər Əliyev Fonduna pul köçürün, bizə də məcbur olub köçürəcəyik, lazım deyil. Bank məsələsi də belə qaldı".

Buna cavab olaraq, E.Əliyev bir daha təkrarlayıb ki, təsisçi həmişə T.Məmmədovu müdafiə edib:

"Vergi orqanı ilə qaydasına salırıq"

"Nəinki sən, hətta nəslin də güzəşt alıb təsisçidən... Mühasibatlıqda bunların sayəsində səhvimiz olubsa belə, vergi orqanı ilə qaydasına salırıq. Öz oğurluqlarını gizlətmək üçün başqa məsələləri ortaya atırlar".

T.Məmmədov direktora belə cavab verib: "Oğru sizsiniz ki, vergidən yayınıb, dövlətin pulunu yeyib, sonra gəlib burada üzə durursuz..."

Məhkəmədə dindirilmiş müəllimlərin ifadələrini direktora xatırladıblar. Təxminən iki həftə öncə məhkəmədə ifadə verən müəllimlər indi də maaşın kiçik bir hissəsini kartla, qalanını nağd aldıqlarını bildirmişdilər.

Məhkəmə prosesi avqustun 2-də davam edəcək. T.Məmmədov və F.Mehbalıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham olunur.

T.Məmmədov özünü qismən təqsirli bilir, kassadakı pullardan 300 mindən bir qədər artıq vəsait götürüb iş qurmağa sərf etdiyini deyir. F.Mehbalıyev isə özünü təqsirli bilmir. T.Məmmədov da onun günahsız olduğunu deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun