Kağız ev və ya ispan arzuları - Hacı Səfərov

Kağız ev və ya ispan arzuları - Hacı Səfərov
26 İyul 2019
Mətni dəyiş

“Kağız ev” (La casa de papel) serialının üçüncü sezonu “Netflix” video-axın şəbəkəsində geri qayıtdı. Bu serialın digərlərindən əsas fərqli xüsusiyyəti indiyə qədər adıçəkilən şəbəkədə ən çox izlənilən qeyri-ingilisdilli əsər olmasıdır. Bu yazımda da serialın niyə bu qədər çox izləndiyinə və üçüncü sezonuna aid bəzi düşüncələrimi bölüşəcəm.

Serialın çıxış nöqtəsi İspaniya telekanallarından biridir. İnsanların marağını çəkdiyi üçün “Netflix” aldı, 15 seriyalıq əsəri bölüb iki sezon elədi və yayımladı. Hətta serialın qazandığı uğur o qədər böyük oldu ki, “bitmiş” işi uzatmaq qərarına gəldilər. Necə deyərlər, bazar bunu tələb edirdi. Ona görə bitmiş deyirəm ki, onsuz da ilk seriyadan uzunmüddətli ekran işi olmayacağı aydın idi. Buna əsas səbəb isə mövzunun məhdudluğu, cəmi bir oğurluğu əhatə etməsidir. Fikir olaraq iki saatlıq filmlərdə gördüyümüz bank soyğunlarına bənzəyirdi. Elə bu iki saatlıq fikirdən 15 seriya çəkmək cəhdi gözləntiləri aşağı salmaq üçün kifayətdir. Əldəki materialın məhdud olması məntiqi xətalara, uzatmaq üçün edilən gedişlərə gətirib çıxarırdı. Bu səbəblərdən dolayı üçüncü sezona dair gözləntilər yüksək deyildi.

İzləyicilərin bəlkə də etdikləri ən böyük irad serialın daxilində sistemə qarşı mübarizə, kapitalizmi içəridən məhv etmək kimi mesajlar olduğu halda, yaradıcılarının pul naminə seriala davam etməkləri idi. Lakin bu davam gözləniləndən daha yaxşı şəkildə öz həllini tapıb. Bu barədə daha sonra...

İndi isə sevilməsindən söz açmaq istəyirəm. Bütün dünyada sağın yüksəldiyi dövrdə təbii ki, bu cür düşünməyən insanlar özlərinə ikon axtarışındadılar. Serialların kütləviləşdiyi dövrdə daxilində sosialist mesajları olan “Kağız ev” diqqətdən kənarda qala bilməzdi. Ən azından ona görə ki, fərqli və alternativ düşüncə ortaya atırdı. Pul istehsal edilir, kapitalizmin çarxı fırlanır. Həmin çarxın hansısa hissəsini parçalamaq əvəzinə ürəyini ələ keçirmək fikir olaraq kifayət qədər həyəcanvericidir. Üstəlik bunu etmək üçün yığışan insanlar cəmiyyətin marjinallaşdırdığı, özgələşdirdiyi “uğursuz” şəxslərdir. Narkotiv alverçisindən tut keçmiş hərbi qulluqçuya, insanlarla əlaqə qura bilməyən yeniyetmə proqramçıdan tut uğursuz bir oğurluq cəhdində atasını itirən dahiyə qədər müxtəlif növ insanlar var. Hekayədən əlavə, ssenarinin düzgün formada, tempi və həyəcanı izləyiciyə ötürəcək şəkildə yazılması daim marağı saxlayır.

“Professor” nəzəriyyəni danışır, şəhərlər isə (serialda obrazlar şərti olaraq şəhər adları daşıyırlar) həmin nəzəriyyəni gerçəkləşdirməyə çalışırlar. Bu nəzəriyyə-reallıq tandemi serial boyunca davam edir. Hadisəni tam vaxtında bölüb digər hadisəyə keçmək, izləyicini tətikdə saxlamaq və intizar yaratmaq uğurlu alınır. Həm sosial mövzularda, həm də kinematoqrafik kriteriyalarda potensial izləyicidən müsbət reaksiya alır. Arada pafoslu, bəlağətli danışıqlar, dünya problemlərinə dair əksərən haqlı analizlər filmi daha da sevdirir. Gözəl mənzərəli adada, dünyanın turizm cənnətlərindən bəzilərində dincələn “oğrular”ın yaşamları insanların arzularını göstərir. Vəd olunan cənnəti ələ keçirən obrazların xoşbəxtliyi və rahatlığı izləyicidə onlara həsəd yaratmağa kömək edir. Amma yuxarıda qeyd etdiyim iki saatlıq ideyanın uzadılması ssenarinin gedişatında böyük xətalara gətirib çıxarır. Məntiqi ardıcıllıq itir, ardıcıllıq itdiyi üçün inandırıcılıq azalır, inandırıcılıq azaldıqca serialla izləyici arasına məsafə girir. Serial ideyada qazandığı xalları ssenaridə itirir. Elə məhz bu səbəbdəndir ki, geniş auditoriya tərəfindən sevilir, lakin bəyənməyən, “pisdir” deyən şəxslər də çoxdur.

Serialı zəiflədən faktorlar arasında kafi aktyor oyunu, süni dramatizm yaratmaq cəhdi və eşq-məhəbbət mövzusunu ümumi hekayəyə qatmaq da var. Xüsusilə bankın daxilində baş verən proseslər izləyicidə suallar yaradır. İnsanların təzyiq altında başqa bir şəxsə çevrilmək ehtimalı var. Serialın yaradıcıları da həmin ehtimalı nəzərə alıb insanların öz aralarındakı münasibətlərə mikroskopik lupada baxaraq yeni dad qatmaq istəyirlər. Lakin həmin istək sadəcə təxəyyüldə qalır. Dövlətin zərbxanasını soyan adamların eşq-məhəbbət dramı hekayəyə tam yapışmır, yamaq kimi görsənir. Bu münasibətlərdən hadisələrin inkişafı üçün lazımi qüvvə kimi istifadə edirlər, ancaq təcrübəli izləyiciyə bütün bunlar maraqsız, yersiz və boş cəhd kimi görsənir. Digər tərəfdən “Professor” tərəfindən qurulan planın heç də qüsursuz olmaması aydınlaşır. Planın əsas hərəkətverici qüvvələri insanlardır. Həmin insanların düşüncəsiz hərəkətləri plana və hər şeyi bilən ağıla şübhələr yaradır.

Yaxşı və pisləri saf-çürük etdikdən sonra növbə sonuncu sezondadır. Üçüncü sezonun məcburi uzadılması izləyici olaraq məndə gözləntini tamam yox etmişdi. Üstəlik yayımlanan treylerdə ölmüş personajın (Berlinin) yenidən göstərilməsi məsələni daha da pisləşdirirdi. Ancaq hadisələrin davam etdirilməsi və yenidən diriliş daha yaxşı, daha hazırlıqlı formada nəql edildi. Əvvəlki sezonda ölən şəxs ucuz seriallarda gördüyümüz kimi dirilmədi, ancaq çox sevilən obraz olduğuna görə indiki zamanda baş verən hadisələrə təsiri hələ də qalırdı. Bir oğrunun, yəni Rionun ələ keçməsi komandanın yenidən bir yerə yığışmasına və yeni bir planla onu geri qaytarmaq üçün hərəkətə keçməsinə gətirib çıxardı. Birinci və ikinci sezonlarda İspaniya zərbxanasını ələ keçirib pul çap edirdilərsə, üçüncüdə İspaniya dövlətinin qızıl rezervlərini və sirlərini ələ keçirmək əsas məqsədlərinə çevrilmişdi.

Qızıl rezervlərini əritmək, ölkənin bütün məxfi məlumatlarını ələ keçirmək maraqlı ideyadır, amma hər gözəl ideyanın da qurbanlar verərək həyata keçməsi qaçınılmazdır. Belə bir situasiyada irəliləyən “Kağız ev” oğrularla dövlət rəsmilərinin şahmat oyununu xatırladır. Bir dövlət, bir oğrular həmlə edirlər. Əsas məsələ həmin həmlələri əvvəlcədən təxmin etmək və hazırlıqlı olmaqdır.

İzləyicilərin diqqətini çəkən məqamlardan biri də həmin həmlələrin “Professor” tərəfindən aylar əvvəl dəqiqliklə hesablanmasıdır. Bir tərəfdə vətəndaşlarına qarşı amansızlıq edən dövlət, digər tərəfdə isə girov saxladıqları şəxslərə qarşı xoş davranan terroristlər. Bu ikili mübarizədə istər-istəməz terroristlər daha canayaxın və maraqlı görünürlər. Əvəzində serial bizə tamam başqa məqamı göstərmək istəyir: dünya təkcə ağlar və qaralardan ibarət deyil. Bu ağlar və qaraların arasında başqa rənglər, başqa nüanslar da var. Heç kim tam yaxşı olmadığı kimi, heç kim tam da pis deyil. İstəyir, amma edə bilmir.

Hekayə müəyyən vaxta qədər tərəfli irəliləyir. Dövlət qulluqçularının, polislərin, təhlükəsizlik  əməkdaşlarının daim ağılsız göstərilməsi hekayəni zəiflədir. Ağıllı olan işçi də birmənalı olaraq pisdir. Yalnız üçüncü sezonun sonlarında pislər və yaxşılar öz mövqelərini tərk edib iç-içə keçməyə başlayırlar. Ümumiyyətlə, müasir dövrümüzdə hekayələr nağılvarilikdən təmizlənmək üçün mütləq yaxşı və mütləq pisdən uzaq durmağa çalışır. Bəziləri bunu yaxşı bacardığı halda, bəziləri isə bacarmır. “Kağız ev” məhz ikincilərə aid olanlardandır.

Şahmat həmlələrinə başı qarışan izləyicini tovlamaq çətin deyil. Unutmaq lazım deyil ki, bu həmlələrin təkanverici qüvvəsi məhz insanlar, obrazlardır. Obrazların daxili psixologiyasını açmaq, onların hərəkətlərindəki səbəb-nəticəni izləyiciyə çatdırmaq üçün tez-tez keçmişə qayıdır, müxtəlif “fleşbək”lərlə hadisələri izah etməyə çalışırlar. “Professor”un öldürülmüş qardaşının planını həyata keçirmək arzusu, Tokyonun itmiş xoşbəxtliyini geri qaytarmaq istəyi başadüşüləndir. Digər obrazların xoşbəxt həyatı tərk etməsi və yenidən özlərini təhlükəyə atması isə suallar yaradır.

Göydən insanların üzərinə pul tökmək, daha sonra verilən bu “rüşvət”lə kütlənin bir anda küçələrə axışıb izdiham yaratması, dövlət əleyhinə mitinqlər keçirməsi məntiqsiz görsənir. Görünür, ssenaristlər də hadisənin absurdluğunu anladıqları üçün özlərini sığortalamağa çalışırlar. Deyirlər ki, bizlər, yəni üzündə Dali maskası olan soyğunçular bütün dünyada haqsızlığa, ədalətsizliyə qarşı çıxanların bayraqdarına çevrilmişik. Əlbəttə, bu hadisənin inandırıcılığı da çox azdır. Onların manifesti yoxdur, mübarizəsi sərhədlidir, yalnızca bank qarət edirlər.

[caption id="attachment_78215" align="aligncenter" width="1050"] Hacı Səfərov[/caption]

Bu tip irili-xırdalı səhvlər sezonun sonuna qədər davam edir. Sezonun sonuna, son ana qədər davam edən başqa şey də həyəcandır. Həyəcanın kəsilməməsi, daim sevilən obrazların çətin vəziyyətdə qalması izləyicini ekran başına kilitləyir. Həyəcanla dolan tamaşaçı həll yolu tapan sevimli obrazlarını görəndə sevinir, qəlbi rahatlaşır, bu rahatlıq isə çox çəkmir, çünki yeni çətinliklər ortaya çıxır. Elə bu minvalla da sezon bitir.

Bir çox çətinliklər geridə qalmış kimi görünsə də, yeniləri və ən çətinləri hələ qabaqdadır. Tokyonun dediyi “Müharibə başlamışdı” ifadələri izləyicini maraqda saxlamağa davam edir. Adrenalin mübtəlası olan oğrularla onu izləyən tamaşaçıların ortaq cəhəti həyəcan axtarışıdır. Bu həyəcan axtarışı “Kağız ev”i ən çox izlənən qeyri-ingilisdilli seriala çevirir. Bütün məntiqi xətalarına baxmayaraq, növbəti sezonu geniş auditoriya səbirsizliklə gözləməyə davam edəcək.

Vacib məqam serial yaradıcılarının tapdığı ortaq yolu nə qədər davam etdirəcəkləridir. Müəyyən məqamdan sonra təkrar-təkrar qızdırılıb qarşısına qoyulan həll yollarından bezən izləyici ayrı limanlara yelkən açacaq. Həmin yelkənlər açılana qədər isə biz də onlarla birlikdə izləyəcək, insanların nəyi niyə sevdiyini anlamağa çalışacağıq. Daha gözəl seriallarda görüşmək ümidi ilə...

Hacı Səfərov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun