İki azərbaycanlı rejissorun filmi Sarayevo Film Festivalında yarışacaq

İki azərbaycanlı rejissorun filmi Sarayevo Film Festivalında yarışacaq
18 İyul 2019
Mətni dəyiş

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu il 25-ci dəfə keçiriləcək "Sarayevonun Qəlbi" Sarayevo Film Festivalı avqust ayında başlayacaq. Bu ilki festivalda dörd kateqoriyada 53 film yarışacaq. Festival 16-23 avqust arası baş tutacaq.

"Sarayevo film festivalı" 1992-1995-ci illərdə Bosniya Hersoqoviniyada baş vermiş qanlı müharibənin izlərini silmək və Sarayevonu mədəniyyət və sənət mərkəzinə çevirmək məqsədiylə təsis olunub. Festival artıq 25 ildir ki, dayanmadan keçirilir.

Sarayevo film festivalında bu il 23 yeni filmin premiyerası baş tutacaq.

Festivalın təşkilat komitəsindən verilən məlumata görə bu il festivalda Bosniya və Hersoqoviniyadan əlavə Türkiyə, Serbiya, Ermənistan, Avstriya, Azərbaycan, Bolqarıstan, Xorvatiya, Albaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, Kosovo, Cənubi Makedoniya, Malta, Moldova, Çernoqoriya, Sloveniya Cənubi Kipr Yunan Respublikasından olan rejissorların filmləri iştirak edəcək.

Festivalda iki azərbaycanlı rejissorun filmi də yarışacaq. Bunlar biri gənc rejissor Teymur Hacıyevin çəkdiyi "Duz, istiot, zövqə görə" filmidir. Film 2019-cu ildə çəkilib və 22 dəqiqəlikdir. Teymur Hacıyevin filmi festivalın qısa filmlər bölümündə mübarizə aparacaq.

Festivalda iştirak edən ikinci film isə digər gənc rejissor Hilal Baydarovun "Xurmalar yetişən vaxt" filmidir. Film - sənədli filmlər nominasiyasında mübarizə aparacaq. 2019-cu ildə çəkilmiş bu film Azərbaycan və Avstriyanın birgə istehsalıdır.

Sarayevo film festivalında ümumilikdə 9-u uzun, 14-ü qısa metrajlı, 16-sı sənədli film və 14-ü tələbə filmi olaraq ümumilikdə 53 film yarışacaq.

Bu ilki festivalda 4 beynəlxalq, 24 regional və 2 Bosniya və Hersoqovina mənşəli filmin primyerası keçiriləcək.

Son 25 ildə festivalda bir çox tanınmış kino adamı iştirak edib. Onlar arasında Robert de Niro, Anjelina Coli, Bred Pit, Orlando Blum, Daniel Kreyq, Con Malkoviç, Morqan Friman, Jerar Departiye və Nuri Bilge Ceylan da var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun