Gürcüstanda yaşayan hüquq müdafiəçisi: Bura gələn azərbaycanlı fəallar təqib olunur

Avtandil Məmmədov

Avtandil Məmmədov Azərbaycanın şimal bölgəsində hüquq müdafiəçisi olaraq fəaliyyət göstərib. O, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşı, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin nümayəndəsi və şimal bölgəsində baş vermiş işgəncə faktlarının fəal araşdırmaçısı olub.

‘Abzas’ 3 ildir Gürcüstanda məskunlaşmış azərbaycanlı hüquq müdafiəçisi Aftandil Məmmədovdan həmin ölkədə baş verənlərlə bağlı onun fikirlərini alıb. Həmin müsahibəni təqdim edirik.

– Avtandil bəy, Azərbaycanda hüquq müdafiəçisi kimi fəaliyyətiniz nədən ibarət olub və sizə nə kimi təzyiqlər olub?

– Azərbaycanda hüquq müdafiəçisi kimi uzun müddət fəaliyyətim olub. 2006-dan, 2008-ci illərə kimi İnsan Hüquqları Resurs mərkəzinin, Quba-Xaçmaz bölgəsi üzrə könüllü olaraq aktiv fəaliyyətlərim olub. 2008-ci ildə İşgəncələrə Qarşı Azərbaycan komitəsinin üzvü və 2009 /2011-ci ilə dək, İQAK-nin Nəzarət Təftiş Komisiyasının əməkdaşı olmuşam. Eyni zamanda 2012 -2016 illərə kimi bir neçə QHT və təşkilatlarda Şimal bölgəsi üzrə əməkdaşlıqım olmuşdur.

Hüquq müdafiəçisi kimi fəaliyyətimə görə 9 fevral 2017-ci il tarixində mənə qarşı polis əməliyyat keçirib. Belə ki, polisin öyrətdiyi bir xanım şikayətçi qismində mənimlə görüşmək istədi, görüş zamanı polis əməliyyat keçirdi və xanımın üzərindən narkotik vasitə çıxdı. Xanım bu narkotikanı guya məndən aldığını bildirdi. Bu hadisədən sonra məni 9-11 fevral arası iki sutka Quba rayon polis idarəsində saxladılar. Polis idarəsində mənə bildirildi ki, əgər hakimiyyətlə əməkdaşlıq etməsəm mənim fəaliyyətinə imkan verilməyəcək, ictimai nüfuzuma xələl gətiriləcək bir maddə ilə ittiham ediləcəyəm. Bundan sonra mənə qarşı AR cinayət məcəlləsinin 178.2.2 maddəsi ilə cinayət işi qaldırıldı və bu maddə dələduzluq maddəsidir. Təbii ki, bu absurd bir addım idi, qondarma ssenari idi. Çünki 11 ildir Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul olurdum və hakimiyyət sırf bundan hiddətlənərək mənə qarşı belə maddə ilə cinayət işi qaldırmışdı. Bu 2013-cü ildən sonra ölkədə Vətəndaş Cəmiyyətinə qarşı olan hücumların tərkib hissəsi idi.

Həmçinin qeyd edim ki, həmin dönəmdə mən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini idim. Bu təşkilat daxilində fikir ayrılıqları mövcud idi. Təşkilat üzvləri arasında fikir ayrılığı mövcud idi, üzvlərin bir qismi hakimiyyət dairələrinə yaxın gedirdi, bir qismi isə insan haqqlarının müdafiəsi ilə daha ciddi məşğul olmağın tərəfdarı idi.

Aftandil Məmmədov Tbilisidə Əfqan Muxtarlıya dəstək mitinqində.

– Siz bu yaxınlarda mühacir kimi sığındığınız Gürcüstanda həbs olunubsunuz, hal-hazırda sizin məhkəmə işiniz nə yerdədir?

– Bildiyiniz kimi, hüquqi normalara görə üç instansiya var, yerli məhkəmə, apellyasiya və ali məhkəmə. İlkin prossesdə məhkəmə mənim azadlıqda qalmağımla bağlı qərar çıxartdı. Dövlət ittihamçısı buna etirazını bildirdi və apellyasiya məhkəməsinə protest verdi. Ondan sonrakı ikinci məkəmə prosesində də hakim mənim azadlıqda qalmağıma qərar çıxartmşdı. Bununla əlaqadar, Gürcüstan Azərbaycan sorğu verib. Sorğu əsasında Azərbaycan ciddi faktlar təqdim etməlidir. Qaldı sonuncu instansiya, əgər sonuncu instansiya məhkəməsi də mənim əleyhimə qərar verməsə onda mənim həbs təhlükəm qalmayacaq.

Bütün bunlardan əlavə həm də mənim Azərbaycana ekstradisiya məsələm də var. Mənim həqiqətən cinayət işi törətməyimlə bağlı Azərbaycan höküməti maddi sübutlar təqdim etməlidir. Mənim həqiqətən cinayət işi törətməyimlə bağlı Azərbaycan höküməti maddi sübutlar təqdim etməlidir. Mənim özümün də bu ittihama qarşı maddi sübutlarım var, bütün bunlara məhkəmə üç ay içərisində baxacaq.

Daha bir problemim isə sənədlərimin tamamının əlimdən alınması və Gürcüstandan heç yerə gedə bilməməyimdir. Azərbaycan pasportum məndən alınıb və Gürcüstan Miqrasiya Departamentində saxlanılır, digər bir sənədim, Gürcüstanda müvəqqəti yaşamaq üçün sənədim məndən alınıb və Gürcüstan Daxili İşlər Nazirliyində saxlanılır.

 

– Sizin başınıza gələnlər Gürcüstanda azərbaycanlı siyasi fəalların başına gələn ilk hadisə deyil, sizcə fəallara qarşı təqib işində gürcü hökümətinin azərbaycan höküməti ilə əməkdaşlıq etdiyi haqda iddialar doğrudurmu?

– Son illər Gürcüstanda azərbaycanlılarla bağlı bir çox problemlər yaradılır. İndiyədək Gürcüstandan Azərbaycana qayıdarkən xeyli siyasi fəallar saxlanılıb, müəyyən siyasi partiyaların funksionerləri sərhəddə saxta ittihamlarla tutulub. Gürcüstandan Azərbaycana qayıdarkən ictimai fəal, aktivist Mehman Qələndərov Azərbaycana qayıtdı və qayıtdıqdan sonra Gürcüstanda aksiyalardada iştirak etdiyi üçün onu həbs etdilər, nəticədə onu həbsxanada öldürdülər. AXC partiyasının sədr müavini Gözəl Bayramlı Gürcüstandan Azərbaycana qayıdarkən onun üzərində külli miqdarda pul qoydular, qeyd etdilər ki, güya deklarasiya yazmayıb və bu ittihamla ona qarşı cinayət işi qaldırdılar. Bundan sonra Əfqan Muxtarlı günün gündüz saatında paytaxt Tbilisidə başına torba keçirilərək oğurlanıb Azərbaycana təhvil verilmişdi. Ona qarşı “Dövlət Sərhəddini Qanunsuz Keçmək” ittihamı ilə cinayət işi qaldırılıb. Üçüncüsü və digəri isə Tiflisdəki siyasi fəallar haqqında danışım. Bilirsiniz ki, siyasi fəal Daşqın Ağalarlı Gürcüstanda yaşayırdı. O da burda təqib və təzyiqlərlə üzləşmişdi, o da Azərbaycana verilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Demək olar ki, Gürcüstandakı fəallar Əfqan Muxtarlı oğurlanandan sonra buranı tərk ediblər.

Mən özüm 1951-ci ildə qəbul olunmuş konvensiyaya görə Gürcüstan hökümətinə təslim oldmuşam. Bilirdim ki, axtarışdayam, təəssüf ki, bunlara rəğmən Gürcüstan höküməti bugünki gün də Azərbaycan siyasi hakimiyyətinin sifarişlərini yerinə yetirməkdədir. Bilirsiniz ki, Gürcüstan kiçik bir ölkədir, Azərbaycanla iqtisadi sahədə sıx əlaqələri var. Azərbaycan Gürcüstanın ən böyük investorudur. Azərbaycan iqtisadi müqavilələrdən istifadə edərək Gürcüstan hökümətinin qarşısında bir sıra tələblər qoyur. Bu tələblər Gürcüstanda olan ictimai-siyasi fəalları saxlamaq, buraya sığındığı halda onlara rədd cavabı vermək, qəbul etməmək, Gürcüstandan qovulma prosseslərini icra etməkdir.

Təbii ki, mənim işim də Azərbaycanın sifarişidir. Bu günki günə qədər Gürcüstan höküməti Azərbaycanın bir sıra tələblərini icra edib. Azərbaycanın Xarici İşlər Nazirliyi, Baş Prokurorluğu və Ədliyyə Nazirliyinin siyasi sifarişi ilə Gürcüstanda həbs olundum. Bəli bu sırf siyasi sifariş idi, başqa bir şey ola bilməz. Mən iki il iki aydır Gürcüstanda yaşayıram və Gürcüstan qanunvericiliyinə qarşı heç bir addımım olmayıb. Mən “Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunu” qeydiyyata keçirdərək Gürcüstanda hüquq müdafiəçisi kimi fəaliyyətimi davam etdirirəm. Həmin institutun direktoruyam. Burda da hətta həmin institutun bank hesablarını dondurublar.

Həmçinin qeyd edim ki, mənə qarşı izlənmə faktı ilə bağlı 2018-ci ildə videolentə almışam.  Bunları Gürcüstan prokurorluğuna təqdim etmişəm və hazırda Gürcüstanın cinayət məcəlləsinin 151-ci maddəsinə, yəni təqibolunma faktı ilə bağlı cinayət işi başlanılıb. Həmçinin özümə qarşı təxriban gözləyirəm. Çünki, hal-hazırda hakimiyyət məni tələb edir, ola bilsin ki, qisas məqsədi üçün mənə qarşı hansısa təxribat həyata keçirilsin.

Avtandil Məmmədov Tbilisi məhkəməsinin önündə.

– Yəqin ki, ölkədəki hüquq-mühafizə sistemi ilə əməkdaşlıq etsəydiniz sizinlə hökümət sərt davranmazdı. Sizə belə təkliflər olunurdumu?

– Təbii ki, başıma gələnlərin hamısı fəaliyyətimlə əlaqəlidir.  Bilirsiniz ki, keçmiş dönəmlərdə də Azərbaycanda təzyiqlərə məruz qalmışam. Azərbaycanda polis, icra hakimiyyəti orqanları, prokurorluq tərəfindən kifayət qədər təzyiq və təqiblərə məruz qalmışam. Bəli, məndən tələb olunurdu ki, fəaliyytin və görüşlərin haqda bizi xəbərdar elə, bizə hər şeyi bildir. Necə ola bilər ki, vətəndaş cəmiyyəti kiminləsə görüş keçirsin və onla bağlı mütləq hüquq-mühafizə orqanlarının xəbəri olmalıdır? Bu absurd bir məsələdir. Mən belə tələbləri heç vaxt icra etməmişəm.

Azərbaycanda olduğum son dövrlərdə hakimiyyət mənim hüquq müdafiəsi sahəsində işlərimlə bağlı narahat idi, mən bununla bağlı 2017-ci ilin 2 fevralında açıqlama da vermişdim və həmin açıqlamadan sonra saxlanıldım. Hüquq-mühafizə orqanları mənim İşgənclərə Qarşı Azərbaycan Komitəsinin səlahiyyətlərindən istifadə edərək işgəncə faktlarının üstünü açmağımdan narahat idi.

Gəncə hadisələrindən sonra qohumum, Quba rayon sakini Nizami Nəcəfovun Xaçmazda qanunsuz olaraq öldürülməsinə səssiz qalmadığım, bunu ictimailəşdirdiyim üçün mənim ailəmə təzyiqlər başlamışdı. O hadisədən sonra mənim anamın yaşadığı evə polis basqın etdi, bacımın həyat yoldaşını polis şöbəsinə apardılar, qarşısına narkotik ittihamı qoydular və bacımla boşanmasını tələb etdilər.

Mən zaman-zaman ictimaiyyətə hüquq-mühafizə orqanlarının özbaşınalıqları haqda faktlar təqdim etmişəm. 2014-cü ildə “Keçmiş MTN-nin Quba əməliyyatı”, 2018-ci ildə “DTX-nın öldürdüyü şəxs başlığı” ilə çıxışlarım olub.