Bu il başlayandan Azərbaycan 20 hərbçisini itirib

Bu il başlayandan Azərbaycan 20 hərbçisini itirib
23 İyul 2019
Mətni dəyiş

2019-cu ilin əvvəlindən Azərbaycanda təhlükəsizlik və müdafiə sektorunda 20 hərbi qulluqçu dünyasını dəyişib.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (XHTİ) məlumat yayıb. Açıqlamada deyilir ki, dünyasını dəyişənlərin 5 nəfəri döyüş, 15 nəfəri isə qeyri-döyüş itkisidir.

Qeyri-döyüş itkisinə gəlincə, 1 hərbçi xəstəlik, 2 nəfər isə bədbəxt hadisə (donvurma) nəticəsində dünyasını dəyişib.

4 nəfər naməlum hadisə səbəbindən, 2 nəfər avtoqəzada, 4 nəfər mina-mərmi partlayışından həlak olub. 1 hərbçi intihar edib. 1 nəfər sərhəd pozucuları ilə atışmada həlak olub.

Həlak olanların 18 nəfəri Müdafiə Nazirliyinin, 2 nəfəri isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olub.

2019-cu ildə 12 hərbçi yaralanıb və ya xəsarət alıb. 8 nəfər mərmi partlayışından, 2 nəfər erməni gülləsindən, 1 nəfər sərhəd pozucuları ilə atışmada, 1 nəfərsə naməlum səbəbdən xəsarət alıb.

XHTİ-nin rəhbəri Cəsur Sümərinlinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə itkilərin sayının artıb (15 olmuşdu, o cümlədən 2 döyüş).

"Ordu mövzusu" Azərbaycan cəmiyyəti üçün qapalı qalır. Hərbi hissələrə ancaq müəyyən jurnalistlər buraxılır. Ümumi siyasət ondan ibarətdir ki, təhlükəsizlik və müdafiə sektorunda baş verən neqativ hadisələr gizlədilsin", - C.Sümərinli bildirib.

Azərbaycan Müdafiə Nazirliyi hələlik XHTİ-nin məlumatına reaksiya verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun