Britaniyalı jurnalist: 'Azərbaycanlı aktivistlərin və jurnalistlərin dönməzliyi mənə ruh verir' [müsahibə]

Britaniyalı jurnalist: 'Azərbaycanlı aktivistlərin və jurnalistlərin dönməzliyi mənə ruh verir' [müsahibə]
16 İyul 2019
Mətni dəyiş

Tomas Layns (Tomas Lines) Britaniyalı jurnalist, araşdırmaçı, ticarət üzrə konsultantdır. 1980-ci illərdə Reuters agentliyində çalışıb. Edinburq (1987-1990) və London Universitetində (2015-2016) dərs deyib. 

Həmçinin, araşdırmaçı, jurnalist Avropa Parlamenti, Dünya Bankı, Greenpeace və Beynəlxalq Ticarət Mərkəzi kimi təşkilatlara konsultasiya xidməti verib. 1990-cı illərdə post-sovet ölkələrində, o cümlədən Azərbaycanda bir müddət yaşayıb.

Cavid Ağa Tom Laynsla onun Azərbaycanda keçirdiyi dövrlə bağlı söhbətləşib.

 - Azərbaycanla bağlı gəlişinizdən öncə bir fikriniz vardımı?

 - Elə də ciddi bir şey yox idi. 1992-ci ilin baharında bir neçə həftə Rusiyada (əsasən Moskvada) çalışmışdım. Rus dostlarıma Azərbaycana gedəcəyimi deyəndə ən çox aldığım cavab belə idi - "Тебе не страшно?" (Qorxmursan?) Buna görə də ora getməmişdən əvvəl hər ehtimaldan ötrü paltarlarıma zəncirlə yapışan bir pulqabı aldım. İstifadəyə yararlı idi, xoşuma gəldi və hələ də onun oxşarını işlədirəm (beləliklə, bilirəm ki, pulqabım hansı cibimdədir!). Amma Azərbaycanda və ya heç bir yerdə təhlükəsizliyim üçün ona ehtiyacım olmadı. Bu dostların mənə dedikləri Azərbaycanda tapdığım reallıqdan fərqli olaraq rus qərəzi haqda çox şey dedi.

Siyasətə gəldikdə, 1990-91-ci illərdə öncəki iş yerimdə SSRİ-nin dağılmasını izləyirdim. Ümumi sovet siyasətini 20 ildir tədqiq edən biri kimi Baltikyanı ölkələr, Ukrayna və həmçinin Rusiya kimi ölkələrin xüsusiyyətlərinə bələd idim. 2 il ərzində Belarus və Qazaxıstan kimi ölkələrə də səyahət etmişdim, amma Qafqaza heç ayaq basmamışdım. Buna görə də Azərbaycanda şahidi olacağım çox maraqlı vəziyyət barədə heç bir məlumatım yox idi.

 - Qaldığınız vaxt ərzində ölkədə olan siyasi-ictimai vəziyyəti necə dəyərləndirirsiniz?

 - Çox qeyri-stabil. Mən 1992-ci ilin sentyabrında Bakıya çatdım, Mütəllibov təzə devrilmişdi və prezident Xalq Cəbhəsindən Elçibəylə əvəzlənmişdi. Bakıda Dağlıq Qarabağ müharibəsinin ən çətin dövrlərini yaşadım. Heydər Əliyevin növbəti yayda baş verən yavaş saray çevrilişi vaxtı Brüsselə evakuasiya olundum və bir neçə ay sonra geri qayıdaraq 1993-cü ilin noyabrına qədər yaşadım. Hərbi vəziyyət və siyasi hərc-mərcliyə baxmayaraq Bakı heç müharibədə və ya ciddi krizisdə olan bir şəhərə oxşamırdı, 185 ildə ilk dəfə müstəqilliyini əldə etmiş bir kiçik dövlətdən gözləyəcəyiniz şövq yox idi. Ab-hava sakitçilik idi – düşünürdüm ki, bəzən həddən artıq sakit – məyusluq da vardı. Mən bu əhval-ruhiyyəni müharibədəki məğlubiyyətlərlə izah edirdim, şəhərin mərkəzindəki Şəhidlər Xiyabanını ziyarət edən insanların üzlərində bunu görmək olurdu. Elə bunun qədər enən yaşam standartları, keçmiş sistemin çöküşündən sonra gələn iqtisadi və siyasi qeyri-müəyyənliyin də təsiri vardı.

 - Başınıza gələn qəribə hadisələr olubmu?

 - Əlbəttə, o qədər! Elə buna görə burada yaşamağı sevirdim. Hər bir halda dilini bilmədiyim, çox çətin dəyişikliklərdən keçən uzaq bir ölkədə ilk dəfə olurdum. İlk qəribə şeylərdən biri yəqin ki, bu idi ki, əvvəlcədən məlumatlı olmayan heç bir xarici qonaq ölkədə müharibə getdiyindən xəbərdar ola bilməzdi.

İki başqa şey də olmuşdu, onları indi başa düşürəm. Bunlardan biri də Sovet İttifaqının bir hissəsində ofis təcrübəsidir. İş prinsipi, hətta bəzi alətlər də tamamilə fərqli idi. Qərb ofis həyatında böyük rol oynayan katiblər və makinaçılar – nadir hallarda üzə çıxan referentlər istisna olmaqla - heç yox idi. Əsas ofis elementlərindən yapışqant lent yox idi – kağızlar sancaqla, yapışqanla və ya simlə birləşdirilirdi. Ofisimizin müdiri bir dəfə yüksək vəzifəli bir şəxsə önəmli bir məktub yazacaqdı, buna görə də mənə qaralamasını göstərdi. Mən vəzifəli şəxsə olan yaltaq cümlərin sayından və əsas məsələyə ayrılan cümlələrin azlığından çox təəccübləndim. Bu da mənə Sovetlərdəki rəsmi münasibətlər haqqında bir-iki şey demiş oldu: bizdə biznes məktubları və bildirişlər faktlarla zəngindir və bacardıqca kiçik olmasına önəm verilir. Ən azından mənə elə gəldi ki, burada faktları və fikirləri yazmaq təhlükəli ola bilər.

1992-ci ilin dekabrında yaşadığım kiçik bir hadisədən də danışım. Bakıya yenicə qayıtmış və müdiriyyətin yaxşı təşkil etmədiyi öz ölkəmdəki bir işdən yeni qayıtmışdım. İlk səhər bir köhnə Zaporojets maşınını saxlayıb ofisə getdim. O vaxtlar insanlar şəxsi maşınlarını pul qazanmaq üçün taksi kimi sürürdülər. Arxa oturacaqda oturmalı oldum, çünki şoferin yanındakı oturacaq götürülüb yanına bir qutu yumurta qoyulmuşdu. İnsanların yaşam həvəsi və improvizasiyası mənə çox maraqlı gəldi.

 - Əsas siyasi fiqurlarla münasibətiniz olubmu? Məsələn, Elçibəy və ya Əliyevlə görüşdünüzmü?

 - Elə də yüksək vəzifəli adamlarla ünsiyyətdə olmadım. Heyf ki, adlarını artıq unutmuşam, amma görüşdüyüm ən yüksək vəzifəli şəxslər 1993-cü ildə Elçibəy dövrünün baş nazir əvəzi (deyəsən Əli Məsimov?) və prezidentin iqtisadi məsələlər üzrə köməkçisi idi (Məmmədov?). Sonuncu ilə öz işlərimə görə görüşmüşdüm, birinci üçün isə humanitar yardım üçün gələn Avropa İttifaqı rəsmilərinə qeyri-rəsmi tərcüməçilik edirdim. Amma nə görüşlər, nə də onların şəxsiyyəti haqda çox şey xatırlamıram.

 - Yerli camaatla əlaqələriniz necə idi? Onlarla necə əlaqə qururdunuz? Neçəsi ingiliscə bilirdi?

 - Yerli camaatla əlaqəm yaxşı idi, bu da öz növbəsində yəqin güclü azərbaycanlı və müsəlman qonaqpərvərlik ənənələrindən gəlirdi. Hansısa təhlükə baş versə məni qoruyardılar (amma təhlükə olmadı). O vaxtlar qərb cəmiyyətindən çox az adam Bakıdaydı və geyimimizdən olsun, başqa şeylərdən olsun anında tanınırdıq. Ofisimizdən bir gənc oğlan və ailəsi ilə dostlaşmışdım, evlərində tez-tez qonaq olurdum. İxtisası fizik olmağına baxmayaraq o dövrdəki çoxu kimi kariyera yolunu anidən dəyişmişdi (digərləri işsiz qalmışdılar), çox savadlı idi, söhbəti maraqlı idi. Çox az adam ingiliscə bilirdi, amma fərqi yox idi, çünki mənim yaxşı ruscam vardı. Azərbaycan dilini öyrənmək istədim, amma çox da yoxlamaq imkanım yox idi. Demək olar ki, bazarlardan başqa heç yerdə bu dili danışmırdılar və hamı rusca bilirdi.

 - Ölkəni tərk etdikdən sonra Azərbaycanı izlədinizmi? İzlədinizsə, sizcə Qərb mediası Azərbaycanı necə təqdim edirdi? Pozitivmi, neqativmi, maraqlımı?

 - Azərbaycan haqda maraqlandım, amma uzaqdan. Evə qayıdandan sonra 1994-cü ildə Ukrayna, Serbiya, Çernoqoriya və Özbəkistan kimi yerlərdə işlədim. 2000-ci ilin sonlarına qədər hətta Monqolustanda və qərb ölkələrində işlədim. Getmədiyim yeganə eks-Sovet ölkəsi yəqin ki, Ermənistan idi. Yəni Azərbaycan bir neçə ölkədən sadəcə biri oldu mənim üçün. Amma mənim üçün fərqli təcrübələrin başlanğıcı olduğu üçün məndə gözəl xatirəsi var.

Qərb mediasına gəldikdə, onların davranışını həm maraqlanan, həm də məlumatsızlıqdan gələn neqativlik kimi dəyərləndirərdim. SSRİ həmişə Moskvanın gözlərindən görülüb və dünyanın geri qalanı onun mürəkkəbliyindən xəbərsiz idi. Elə indi də Ukrayna məsələsinə Rusiyanın aspektindən baxılır, o ki qaldı daha kiçik və uzaq ölkələr. İngiltərədə 1966-cı ildəki Dünya Kuboku finalında olan hakim indilərədək rus kimi tanınırdı: insanlar Rusiya və SSRİ arasında ayrım etmirdilər. Əsasən ABŞ və Fransadakı böyük erməni diasporası, Azərbaycanın türk və müsəlman kimliyi və Azərbaycan cəmiyyətinin nisbətən qapalı olması (SSRİ-dən başqa ətraf dünya ilə əlaqəsinin olmaması) daha çox qərəz və yanlış anlaşılmalara gətirib çıxardı və yəqin hələ də var. Bunların hamısına təəssüf edirəm.

Buna oxşar bir şey erməni futbolçu Mxitaryanın bu bahar Avropa Kuboku finalında Bakıda oynamağından imtina etməsindən sonra yaşandı. İngilis jurnalistlər vəziyyətin siyasətini anlamağa cəhd etmədilər və ya araşdırmadılar ki, Mxitaryan Azərbaycanın narahatçılığını qazanacaq nələr edib. Onlar sadəcə düşündülər ki, haqlıdır və Azərbaycan rəhbərliyi - hətta gördüyüm qədərilə rəhbərlik hadisə boyunca normal yanaşma sərgiləsə belə – haqsızdır.

 - Azərbaycanın indiki vəziyyəti haqda nə düşünürsünüz? Ölkədə nələr dəyişib?

 - 1993-cü ildən bəri Azərbaycanı ziyarət etməmişəm deyə çətin bir şey deyim. Orda olarkən Xalq Cəbhəsi hökümətinə uğursuzluqlarına baxmayaraq rəğbətim vardı. Bundan əlavə ölkədəki müstəqillik hərəkatının tarixi məni yaxşı mənada təəccübləndirdi və digər Sovet ölkələrindəki orta sinif intellektuallarından gələn siyasi azadlıq və müstəqillik tələblərindən fərqli olaraq Azərbaycanda fəhlə sinfi hadisələrdə aparıcı rol oynayırdı. Təbii olaraq Əliyevin hakimiyyətə qayıtmasına təəssüfləndim, baxmayaraq ki, o təcrübəli siyasətçi idi və qeyri-stabil vəziyyətə son qoymuşdu. Avtoritar hakimiyyətin mövcudiyyəti ilə bağlı hələ də təəssüflənirəm, amma aktivistlərin və jurnalistlərin dönməzliyi mənə ruh verir.

 - Yenidən Azərbaycanı ziyarət etmək istərdinizmi?

 - Əlbəttə! Mənim ən çətin şəraitdə öz yolunu tapmağa çalışan o kiçik, uzaq ölkə ilə bağlı xoş xatirələrim var. Bir neçə il əvvəl Bakıda Dünya Kuboku üçün İngiltərə futbol komandasının matçı olanda getmək istədim, amma müəyyən səbəblərdən şərait imkan vermədi. Bakı gözəl şəhərdir və yenidən görmək istərdim. Arxitektura həvəskarıyam və həmin dövrdəki binaların pis vəziyyətini xatırlayıram. İndi eşitdiyimə görə isə görmək istədiyim dünyaca məşhur binalar ucaldılıb. İstərdim ki, yenə də təzə nərə balığından, narlardan, çox gözəl meyvə, tərəvəz və qoz-fındıqdan dadım, Azəri plovundan və digər delikateslərdən yenə yeyim!

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun