Əhali gəlirlərinin təxminən yarısını ərzaq məhsullarına xərcləyir [infoqrafika]

Əhali gəlirlərinin təxminən yarısını ərzaq məhsullarına xərcləyir [infoqrafika]
14 İyul 2019
Mətni dəyiş

Yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8 faiz üstələyərək 18 milyard manata bərabər olub.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir. Məlumata görə, ticarət dövriyyəsinin 8 milyard 944,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9 milyard 33 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Satılmış məhsulların dəyəri keçən ilin yanvar-iyun aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,1 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 18 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf edilib.

İlin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 20 faizi ticarət müəssisələri, 49 faizi fərdi sahibkarlar tərəfindən, 31 faizi isə bazar və yarmarkalarda satılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8 faiz, fərdi sahibkarlar üzrə 0,2 faiz artıb, bazar və yarmarkalarda isə 5,3 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 303,2 manat və ya keçən ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 11,5 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Əhali gəlirlərini hara xərcləyir? Infogram

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun