Zöhrab İsmayıl: "Əməkhaqqlarının artırılmasının əsas səbəbi ölkədəki sosial gərginlikdir"

Zöhrab İsmayıl: "Əməkhaqqlarının artırılmasının əsas səbəbi ölkədəki sosial gərginlikdir"
21 İyun 2019
Mətni dəyiş

İqtisadçı-ekspert Zöhrab İsmayıl Abzas-a minimum əməkhaqqının artırılmasının səbəblərini və bunun cəmiyyətə təsirləri ilə bağlı müsahibə verib. 

- Zöhrab bəy, minimum aylıq əməkhaqqının miqdarı artırıldı. Belə bir fikir var ki, hakimiyyət bunu ölkədə maaşların Ermənistanla müqayisəyə görə edib. Siz bu haqda nə düşünürsünüz?

- Burda məsələ yalnız Ermənistan məsələsi deyil, mən düşünürəm ki, devalvasiyadan sonra Azərbaycanda əməkhaqlarının real dəyəri çox aşağı səviyyəyə düşmüşdü. Maaşlar nəinki Ermənistandan, eyni zamanda böyük müharibə və iqtisadi problemlər yaşayan, ərazilərinin xeyli hissəsini itirən Ukrayna, kasıb Moldovadan aşağı səviyyəyə düşmüşdü.

Azərbaycanda maaşların dollarla, yaxud avroyla ekvivalenti acınacaqlı bir rəqəm idi, keçmiş SSRİ ölkələri arasında ən geridəki yerlərdən birini tuturdu.

Bilirsiniz ki, bu minimum əməkhaqqının ilk artırılması deyildi, bundan öncə bu ilin fevral ayında minimum əmək haqqı 130 manatdan 180 manata qaldırılmışdı.

Məncə, minimum əməkhaqqının artırılmasının səbəblərindən biri də ölkədə çox böyük sosial gərginliyin olmasıdır. Biz bu gərginliyi hər gün hiss edirik. Yalnız prezident administrasiyasının qarşısında az qala hər gün xalq tərəfindən piketlər keçirilir. İnsanlar tələblərinə görə oraya axışır.

Məsələnin ikinci tərəfi isə regionlardır. Xüsusən regionlarda durum çox ağırdır. O ki, qaldı Ermənistanla müqayisəyə, bəli bu versiyanın da əsası var. Bizdə hakimiyyət daim istəyir ki, misalçün, Ermənistanda iqtisadi artım 5 faizdirsə, qoy bizdə 10 faiz olsun.

- Sizcə, bu addımın siyasi səbəbləri də varmı? Çünki artım əsasən müəllimlərin və güc strukturları işçilərinin maaşlarına şamil olunur və bu qəbildən olan insanların seçkilərdə iqtidarın əsas dayağı olduğu deyilir.

- Təbii ki, burda siyasi faktorlar var, xüsusilə güc strukturlarında çalışanların maaşlarının artırılması tamam siyasi qərar idi. Xüsusilə hökümətin siyasətini həyata keçirən ictimai dövlət qurumlarında çalışan insanların maaşlarının artırılması həmin qurumlarda hakimiyyətə münasibətlə bağlı motivasiya yaratmaq üçün idi.

- Minimum əməkhaqqının yüksəldilməsini irəlidə baş tutacaq parlament seçkilərinə hazırlıq kimi qiymətləndirən ekspertlər var. Azərbaycanda bir qayda olaraq seçkilərdən öncə maaşlar və müavinətlərin yüksəldilməsi təcrübəsi artıq illərdir var. Sizin bu məsələdə mövqeniz necədir?

- Parlament seçkilərinin yaxın zamanlarda, növbədənkənar keçiriləcəyini düşünmürəm. Ancaq belə görünür ki, mümkündür ki, parlament seçkiləri bir qədər fərqli keçirilsin və hakimiyyət seçkilərə indidən hazırlaşmağa başlasın.

- Minimum əməkhaqqları yüksəldikdən sonra ölkədə bahalaşma olacağını gözləyirsinizmi?

- Bahalaşmanın kəskin olacağına inanmıram. Təbii ki, hakimiyyət illərdir ölkədə belə fikir yaratmağa çalışır ki, güya maaşların, pensiyaların artırılması zamanı qiymətlər də qalxa bilər. Maaşların yüksəldilməsi ölkədə əlavə pul kütləsi yaratdığı həqiqətdir, əhalinin alıcılıq qabiliyyəti yüksəlir. Bu da qiymətlərə cüzi təsir edə bilər, amma məncə bundan ehtiyatlanmaq lazım deyil, onsuz da əlavə pul iqtisadiyyata xərclənir. Əslində insanların gəlirlərinin artması iqtisadi inkişafa təkan verir. Ona görə də mən burda bir problem görmürəm.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun