Ukrayna prezidenti koretjindəki maşınların sayını səkkizdən ikiyə salıb

Ukrayna prezidenti koretjindəki maşınların sayını səkkizdən ikiyə salıb
28 İyun 2019
Mətni dəyiş

Ukrayna prezidenti Vladimir Zelenski şöhrət qazandığı “Xalqın xidmətçisi” serialının birinci mövsümündə öz avtomobil kortejindən imtina edərək velosipedə keçir və paytaxtı tıxaclardan qurtarmaq üçün idarələrini Kiyevin ətraflarına köçürür.

Andiçmə mərasimindən bir ay keçmiş Zelenskinin kortejindəki maşınların sayı səkkizdən ikiyə endirilib. Bu barədə Azadlıq Radiosunun Ukrayna bürosu xəbər yayıb.

Jurnalistlərə açıqlamasında prezident bildirib ki, hələlik “təhlükəsizlik səbəbindən” işə velosipedlə gedə bilmir.

Zelenski indi də serialdakı kimi prezident administrasiyasını çoxdan yerləşdiyi Bankova küçəsindən Ukrayna Evi adlanan binaya köçürmək istədiyini deyib. Ancaq bu işin bir əmması var: Bu bina Kiyevin mərkəzində yerləşir və köçmə baş verərsə tıxaclar daha da arta bilər.

Prezidentliyin reputasiyasını təmizləmək

Zelenskinin əks arqumenti isə belədir: prezident administrasiyasını Bankovadakı iri sütunlu, labirintə bənzər dəhlizlər və gizli koridorlarla dolu, qızılı ornamentli nəhəng binadan çıxarmaq prezidentliyin özünü qeyri-şəffaflıq və korrupsiya reputasiyasından təmizləmək üçün lazımdır.

Brejnev dövründə, 1978 – 1982-ci illər arasında tikilmiş Ukrayna Evi isə içərisində iri atrium olan beşmərtəbəli binadır. SSRİ-nin süqutuna qədər bu binada Lenin muzeyi yerləşib.

Bina sovet dövrünə aid olsa da, bu gün onu 2013 – 2014-cü illərin Avromaydan küçə etirazları və rusiyapərəst prezident Viktor Yanukoyvch-in hakimiyyətdən getməsi ilə assosiasiya edirlər. Etirazçılar polisi buradan sıxışdırıb çıxarıblar. O vaxtdan bina sərgi mərkəzi kimi fəaliyyət göstərir.

Prezident administrasiyasının bu binaya köçürülməsi və binanın təmiri xəbərinin özü də eynilə “Xalqın xidmətçisi” filminin epizodunu xatırladan tərzdə hazırlanmış video vasitəsilə Zelenskinin sosial media hesabında paylaşılıb.

Videoda rəsmilərdən birinin təbirincə desək, binanı prezident və işçiləri üçün açıq, şüşə divarlı, “Avropa üslubunda ofisə” çevirmək planlaşdırılır. Yuxarıdakı üç mərtəbədə inzibati idarələr, ikinci mərtəbədə birgə iş məkanı yerləşəcək. Birinci mərtəbədə isə kafe və piyadalar üçün məkan planlaşdırılır. Binanın kənarında isə “Avropa meydanı” adlı fontanlı və skamyalı meydan yaradılacaq.

Videoda Zelenskiyə Dnepr çayına, ya da Avropa meydanına baxan kabinetlər arasında seçim təklif olunur. Zelenski Avropa meydanına baxan kabineti seçir və bunun “rəmzi” mənası olduğunu deyir.

"Büdcədən bir qəpik də götürülməyəcək"

Prezident administrasiyasının Ukrayna Evinə köçürülməsini problemli edən təkcə tıxac məsələsi deyil. Tənqidçilər dövlət büdcəsindən binanın təmirinə ayrılan pullara görə də narahatlıq ifadə edirlər. Zelenskinin işlər müdiri Andriy Bohdan maliyyənin Avropa Birliyi ölkələrindəki qeyri-hökumət təşkilatlarından gələcəyini deyib.

“Biz büdcədən bir qəpik də götürməyəcəyik”, - Bohdan deyib.

Bankova küçəsindəki binaya gəlincə, Ukrayna prezidenti oranın muzeyə çevrilməsini istədiyini deyib.

Zelenski və köməkçiləri bu binanın labirintvari dəhlizlərini və həddindən artıq bəzəkli interyerindən gileylənirlər. Məsələn, prezidentin kabineti mərmər və qızılı ornamentlərlə bəzədilib. Vanna otağı da həmçinin. Digər kabinetlərin çoxunda iri büllur çilçıraqlar və ekzotik taxta ornamentlər var.

Ukraynada bir çoxları üçün bu bina “köhnə korrupsiyanın” təcəssümüdür.

Bankovadakı bina sonuncu dəfə Yanukovych-in prezidentliyi dövründə təmir olunub. Xələfləri Yanukovych-i yaxınları ilə birlikdə Rusiyaya qaçmazdan əvvəl dövlət büdcəsindən 100 milyard dollar oğurlamaqda günahlandırır.

Videoda Milli İncəsənət Muzeyinin direktoru Zelenskiyə deyir ki, planlaşdırılan köçdə bir əsrlik tarixi olan daha bir rəmzilik var.

Kiyevdə ilk Lenin muzeyi 1919-cu ildə, Ukraynanın qısamüddətli müstəqilliyinə son qoyulduqdan sonra yaradılıb. “1919-cu ildə ilk Lenin muzeyi açılanda o, Mərkəzi Parlament binasında yerləşdirilmişdi. İndi isə siz Lenin muzeyinə köçmək istəyirsiniz. Bu, bir növ tarixi ədalətdir”, – Olha Balashova deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun