Sayt redaktoru Əli Həsənov haqda yazdıqdan 4 saat sonra həbs olunduğunu deyir

Sayt redaktoru Əli Həsənov haqda yazdıqdan 4 saat sonra həbs olunduğunu deyir
13 İyun 2019
Mətni dəyiş
Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimova 5 il 6 ay həbs cəzası kəsilib. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. İ.Rəhimov CM-in 182-ci maddəsi ilə - rəhbərlik etdiyi saytda müxtəlif adamlar haqqında onları rüsvay edən materiallar yaymaqla hədələyib, pul almaqda təqsirli bilinib. Bu haqda Turan Agentliyi məlumat yayıb. Lakin o, özünü təqsirli bilmir. Hökmdən öncə məhkəmədə son sözündə də deyib ki, bu gün həbsdə olmasının səbəbi cinayət törətməsi yox, prezidentin köməkçisi Əli Həsənov və adamlarının maraqlarına toxunması, dövlət büdcəsindən mediaya ayrılan pulların mənimsənilməsi barədə araşdırma yazılarıdır: "Təsadüfi deyil ki, 26 oktyabrda realliq.info saytında "Əli Həsənova açıq məktub - özümü sizin yerinizə qoya bilmədim" başlıqlı yazıdan dörd saat sonra həbs olundum". İ.Rəhimov ötən ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunub. İttihamda yazılıb ki, o, saytda tabeliyində olan şəxslərlə birlikdə realliq.info və başqa reket saytlar yaradıb. Həmin portallarda müxtəlif adamlar haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, onlardan pul alıb. Hədələnən adamların sonradan DTX-ya şikayət etdiyi və bunun əsasında əməliyyat keçirildiyi bildirilir. Amma İ.Rəhimov ittihamı rədd edir və prezidentin köməkçisi Əli Həsənov və Mətbuat Şurasının sədri Əflatun Amaşovun sifarişi ilə həbs olunduğunu iddia edir. O, həbsindən öncə "Turan" informasiya agentliyinə izlənməsi barədə açıqlama verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun