Sağlamlıq durumu kritik olan Nardaran məhbusunu azadlığa buraxılmadı

Sağlamlıq durumu kritik olan Nardaran məhbusunu azadlığa buraxılmadı
12 İyun 2019
Mətni dəyiş

Bu gün, iyunun 12-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Abzas xəbər verir ki, təqsirləndirilən şəxslər məhkəmədə olmasalar da, vəkilləri Fəxrəddin Mehdiyev, Bəhruz Bayramov, dövlət ittihamçısı Müstəcəb Əliyev, eləcə də media və ictimaiyyət nümayəndələri prosesdə iştirak ediblər.

Vəkil Bəhruz Bayramov çıxışında təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirməklə, qərar verilərkən Əbülfəz Bünyadovun səhhətinə diqqət yetirilməsini məhkəmədən istəyib:

“Qeyd edim ki, ekspertiza Nardaran əməliyyatında polislərin qumbara qəlpəsindən ölməsi barədə rəy verib. Amma hadisə yerində qumbara atıldığını təsdiqləyən heç bir sübut yoxdur. Əbülfəz Bünyadovun bədəninin 80 faizi işləmir. Mən hər dəfə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə gedib onunla görüşəndən sonra azı bir həftə özümə gələ bilmirəm. Qərar verəndə bu nüansı nəzərə almağınızı xahiş edirəm”.

Vəkil Fəxrəddin Mehdiyev isə çıxışında hər iki şəxsə qarşı irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilməsini istəyib və Bünyadovun durumunun nəzərə alınmasını məhkəmədən istəyib:

“Belə vəziyyətdə olan adamın həbsdə saxlanması humanizm prinsiplərinə də ziddir”. Qısa müşavirədən sonra məhkəmə tərkibi kassasiya şikayətinin təmin edilmədiyini elan edib.

Xatırladaq ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib.

O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.

E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Bünyadovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib.

Həbsdə olan Ə.Bünyadov bir müddət azadlığa çıxıb. 11 iyul 2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Bünyadovun 15 il, Elxan İsgəndərovun 14 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

3 iyul 2018-ci il tarixdə dövlət ittihamçısı çıxışında Elxan İsgəndərovun 14 il azadlıqdan məhrum edilməsini, Ə. Bünyadovun isə 15 il azadlıqdan məhrum edilməsini, bundan əvvəl istintaq dövründə 11 ay, 5 gün həbsdə yatması, ona görə bu müddət çıxılmaqla 14 il 25 gün azadlıqdan məhrum edilmə cəzası və həmin müddətin 3 ilini Qobustan həbsxanasında çəkməklə qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkəmədən xahiş etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun