Oktay Şirəliyev bloqeri həbs etdirməkdən əl çəkdi

Oktay Şirəliyev bloqeri həbs etdirməkdən əl çəkdi
14 İyun 2019
Mətni dəyiş

Səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin qarşısında təkbaşına aksiya keçirib, xəstəxanalarda rüşvətə etiraz edən bloqer Teymur Kərimovu həbs etdirmək fikrindən daşınıb.

Nazir bu barədə Nəsimi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsinin geri qaytarılmasını istəyib. Bu, iyunun 14-də məhkəmədə elan olunub.

Azadlıq Radiosunun məlumatına görə, hakim Azər Tağıyev bildirib ki, bu, ərizədən imtina kimi qəbul olunur. Ona görə də O.Şirəliyevin iddiası icraata götürülmür.

Nazir T.Kərimovun CM-nin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cəzanın ən yuxarı həddində cəzalandırılmasını istəyirdi.

O.Şirəliyev iddia ərizəsində yazırdı ki, bloqer nazirliyin qarşısındakı aksiyada səsləndirdiyi fikirlərlə onu təhqir edib, mənimsəmədə, rüşvət almaqda, insan ölümündə suçlayıb: ​

""Yarıtmaz səhiyyə" ifadəsindən istifadə edərək, Azərbaycan səhiyyəsinin dünya ölkələri arasında sıfırıncı vəziyyətdə olduğunu, mənim araqdan içərək yatdığımı, həkimləri diləndirdiyimi, tibb bacılarının pul üstündə bir-biri ilə dalaşdığını, səhiyyə sistemində korrupsiyanın tüğyan etdiyini, Səhiyyə Nazirliyi üçün insan həyatının önəmi olmadığını, qanın 95 manata satıldığını və bütün bunları mənim yaratdığımı deyib. Bundan başqa, Səhiyyə Nazirliyinə işarə edərək, "bunlar insan qətlinə fərman verənlərdir" deyib".​

T.Kərimov mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına etiraz aksiyası keçirib. O, onkoloji xəstə olan anasına xəstəxanada lazım olan dərmanlar, reaktivlərin verilmədiyini, rüşvət tələb olunduğunu iddia edib.

"Artıq pulum qurtarmışdı, dərmanları ala bilmirdim. 500 manat pul lazım idi. Ona Səhiyyə Nazirliyinin qarşısında paltarlarımı satışa çıxarmaqla aksiya elədim", - T.Kərimov belə deyib.

Səhiyyə Nazirliyi isə dövlət xəstəxanalarında müayinə və müalicənin pulsuz olduğunu bildirir.

T.Kərimovun anası iyunun 7-də dünyasını dəyişib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun