Nazim Bəydəmirli "Azərbaycan xarici ölkələrə krediti 1-2 faizə, öz vətəndaşlarına 20-30 faizə verir"

Nazim Bəydəmirli "Azərbaycan xarici ölkələrə krediti 1-2 faizə, öz vətəndaşlarına 20-30 faizə verir"
15 İyun 2019
Mətni dəyiş
İqtisadçı-ekspert və keçmiş millət vəkili Nazim Bəydəmirli "Abzas"a ölkə əhalisinin son illərdəki ağrılı problemlərindən biri olan uşaq pullarından danışıb. İqtisadçı həmçinin ölkədəki investisiya mühitinin pisləşməsi xronikasından, tibbi sığortadan, oldqca yüksək olan kredit faizlərindən, sahibkarlığa hökümət orqanlarının yaratdığı maneələrdən danışıb.   - Nazim bəy, Azərbaycanda uşaq pulları xeyli müddətdir ləğv olunub. Bununla bağlı belə bir arqument var ki, xalqın təbii artımı yüksəkdir və ölkədə demoqrafik problem yoxdur. Siz necə düşünürsünüz, uşaq pulları bərpa edilməlidirmi? - Uşaq pulu təkcə əhalinin sayını artırmaq üçün görülən tədbir deyil, bunu belə qiymətləndirənlərə çox təəssüf edirəm.  Bunu belə əsaslandırırlar ki, Azərbaycanda güya demoqrafik problem yoxdur kimi əsassız iddianı ortaya ataraq uşaqpulunu ləğv ediblər. Yəqin ki, uşaq pulunu ləğv etməyə səbəb dövlət büdcəsinə qənaət məqsədi daşıyır. Onu deyim ki, uşaq pulu təkcə sovet ənənəsi kimi qiymətləndirilməməlidir. Məsəlçün, müasir Avropanın təşəbbüslərinə baxsanız görərsiniz ki, o dövlətlər həm də yeni doğulan vətəndaşların, böyüməkdə olan uşaqların gələcəkləri üçün müəyyən müavinətlər təyin edirlər ki, həm vətəndaş özünü himayəsiz hiss etməsin, həm gələcəkdə bu uşaqları böyütmək üçün maddi sıxıntılar çəkməsin. Əslində ölkənin gələcəyini düşünən hakimiyyətlər müxtəlif təşəbbüslər həyata keçirirlər. Siz biliriniz ki, son zamanlar Azərbaycanda 3 və daha çox uşaq nadir görülən hadisədir. Yeni doğulan uşaqların sağlamlıq və təhsillə bağlı problemləri olduğu üçün bu vətəndaşlar sonradan həm öz ailələri üçün, həm də cəmiyyət üçün problemə çevrilirlər. Belə uşaqlara uşaq vaxtı kifayət qədər baxmadığımız üçün sonradan o əlil də ola bilir, təhsilsiz də ola bilir və belə uşaqlar üçün dövlət sonradan daha böyük xərclər çəkməyə məcbur olur. Deyim ki, SSRİ-də də uşaq pulları vermə mexanizmi bazar iqtisadiyyatına uyğun deyildi və  əslində SSRİ-nin "planlı iqtisadiyyat" adlanan iqtisadi sistemi vardı, bu o idi ki, dövlət vətəndaşı qul kimi işlədirdi, rəqabət mühiti yox idi və hərəyə bir şey verirdi ki, ayaqüstə qala bilsinlər. Yəni keçiş SSRİ ilə indiki vəziyyəti müqaisə etmək iqtisadi nihilizmdir, iqtisadiyyatdan başı çıxmamaqdır.   - Azərbaycanın uşaq pulları verməklə bağlı vəsait çatışmamazlığı olduğu deyilir, dövlət bu pulu hardan tapa bilər? - Hesab edirəm ki, dövlət maliyyəni tapmalıdır. Beynəlxalq tədbirlərin keçirilməsinə, idman yarışlarının keçirilməsinə bundan da böyük pullar ayrılır. Təbii ki, onlar da lazımdır, ancaq əhalinin sosial rifahı daha önəmlidir. Təsəvvür edin Ukrayna kimi müharibə aparan dövlət, Rusiya kimi dövlət uşaq pullarını verməyə pul tapır. Hələ mən Almaniya, İngiltərə, İsveçrə kimi ölkələrdən danışmıram. Bəzi məmurlar və deputatlar deyirlər ki, Azərbaycanda demoqrafik problem yoxdur, təbii artım kifayət qədər yüksəkdir. Qeyd edim ki, statistikaya görə Azərbaycanın son təbii artımı 1,8 faizdir və bu normadan aşağıdır, bizim ölkədə artım normal olsaydı indi vətəndaşlarımızın sayı 15 milyon olmalıydı. Həmçinin, deməliyəm ki, uşaq pulu təkcə doğumu stimullaşdırmaq məqsədiylə verilmir. Bu ona görə verilir ki, insanlar dövlətin atalıq qayğısını üzərlərində hiss etsinlər, uşağın sağlam böyüməsi və qidalanmasında dövlətin də iştirakı olsun.   - Bizə yaxın postsovet ölkələrində və inkişaf etmiş dünya ölkələrində uşaqlara verilən sosial müavinətlərlə bağlı məlumat verə biləsinizmi? - Bəli, ilk öncə elə qonşuluğumuzdakı Rusiya Federasiyasını götürək. Bu ölkədə birinci uşaq doğlunada ona bir yaş yarımına qədər hər ay 42 dollar, təqribən 2718 rubl verilir, üç yaşa qədər bu vəsait daha da artır. Əgər ikinci uşaq olarsa ona daha artıq, 84 dollar ödəyirlər. İkinci uşaq olanda valideynlərə birdəfəlik vəsait olaraq 6979 dollar ödənir. Müqaisə üçün deyim ki, bizim ölkədə birdəfəlik vəsait 90 manatdır, prezidentin sonuncu sərəncamından sonra bu rəqəm 200 manata qaldırıldı. İndi başqa bir keçmiş sovet ölkəsi olan Ukraynadan misal gətirim. Bu ölkədə 6 yaşına qədər uşaqlara hər ay 46 dollar müavinət verilir, həmçinin yeni doğulan hər körpəyə 1545 dollar birdəfəlik vəsait ödənilir. Bundan əlavə Ukraynada uşağını tək böyüdən analara 6 yaşa qədər 67 dollar, 6-18 yaşa qədər 83 dollar, hətta 18-23 yaş arası tələbələrə belə əgər ancaq valideynlərindən biri varsa, ayda 79 dollar ödənilir. Hər iki valideynini itirmiş uşaqlara isə 6 yaşa qədər 133 dollar, 6-18 yaş arası 166 dollar, 18-23 yaşa arası isə 157 dollar ödənilir. İndi isə iqtisadi inkişaf etmiş ölkələrdən misallar gətirək. Almaniyada hər uşağa aylıq 184 avro vəsait ödənilir. Bundan əlavə əgər uşaqlar iki olarsa onda 368 avro, üç olarsa 558, 3 uşaqdan çox olarsa hər uşağa 215 avro ödənilir. Bu müavinətlər Almaniyada 25 yaşa qədər ödənilir. Bundan əlavə Almaniyada dövlət yeni doğulan körpələrə üç il ərzində dotasiya ödəyir. Bu dotasiyalar 170 avroya qədər olur. Bundan əlavə məktəbdə oxuyan hər uşağa dərsdən kənar vaxtını faydalı keçirməsi üçün illik 100 avro, aylıq isə 10 avro ödənilir. Fransada bir uşaqlı ailələr vəsait verilmir, bunu çoxuşaqlılığı stimullaşdırmaq üçün edirlər. Əgər uşaqların sayı iki olarsa, hər uşağa aylıq 120 avro ödənilir. Uşaqların sayı 3 olarsa 274 avro, 4 uşağa 428 avro ödənilir. İngiltərədə 10 yaşa qədər uşaqlara əgər evin bir uşağıdırsa hər ay 105 avro, iki uşaq varsa uşaqların hərəsinə 70 avro ödənilir. İsveçrədə uşaq pulları 16 yaşa qədər verilir və müxtəlif əyalətlərdə müavinətlərin miqdarı 165-350 avro arası dəyişir. Ancaq 16-25 arası gənclərə 210-440 avro arası müavinət verilir. İsveçrə uşaqların müdafiəsi məsələsində ən yaxşı ölkələrdən biridir. ABŞ-da uşaq pulu verilməsə də. Uşaqlar üçün dotasiya nəzərdə tutulur. O isə vergidən azad olunma vasitəsilə valideynlərə verilir. Yəni, hər uşaq üçün valdieynlərə ildə 1000 dollar güzəşt edilir. Orda müavinətlər var, ancaq imkansız və yoxsul ailələrə şamil edilir. Çox təəssüf edirəm ki, Azərbaycanda sonuncu qanunvericilik dəyişikliyinə qədər vəziyyət daha pis idi. Dediyim kimi, bir yaş yarımına qədər 44 manat, bir yaş yarımdan 3 yaşına qədər 27 manat 50 qəpik ödənilir. Bu isə ancaq işləyib Dövlət Sosial Müdafiə Fonduna pul ödəyirsə o halda onlara uşaq pulları ödənilir. Ancaq ölkədə gör nə qədər analar işləmir və onlara bu müavinətlər praktiki olaraq verilmir.   [caption id="attachment_78770" align="aligncenter" width="1280"] Nazim Bəydəmirli[/caption]   - Tibbi sığorta sistemi bu il ərzində pilot layihə kimi Azərbaycanın dörd rayonunda həyata keçirilib. Bundan əvvəl on ildən çox zaman içində hökümət tibbi sığortanı ləngidib.  Siz tibbi sığortanın iqtisadi uğurlu olacağına inanırsınızmı? - Əvvəla onu qeyd edim ki, tibbi sığortanın indiyə kimi tətbiq olunmamasının səbəbi müxtəlif qurumlar arasındakı çəkişmələrin nəticəsidir. Daha dəqiqi Dövlət Sosial Müdafiə Fondu və Səhiyyə Nazirliyi arasında bu mövzuda uzun illərdir fikir ayrılığı olub. Sığorta şəvvaflıq tələb edir, bir neçə qurumun bir-birinə nəzarətini tələb edir, Səhiyyə Nazirliyinin dövlət vəsaitlərini nəzarətsiz xərcləməsi isə tibbi sığortanın hələ də tətbiqinə mane olub. Biz 2009-cu ildə konstitusiyaya dəyişiklik edərək Azərbaycan Respublikasını sosial dövlət adlandırmışıq. Sosial dövlət olan ölkədə insanlar maddi sıxıntıdan intihar etməzlər, insanların yaşam tərzi, müalicəsi dövlətin üzərində olmalıdır. O cümlədən sosial dövlətdə də "pulu olmayan müalicə almamalıdır" fikirləri ümumiyyətlə ağla gəlməməlidir. Gəlin baxaq görə ölkədə hal-hazırda tətbiq olunan pilot layihələrin ictimai müzakirəsini görmüşükmü? Xeyr, bu haqda cəmiyyətə heç nə açıqlanmayıb. Ancaq keçən ilin statisikasına görə 6 milyon insan güya pulsuz müayinə olunub. Bunu həkimlərin sayına bölmüş olsaydıq, həkimlər fiziki olaraq onu həyata keçirə bilməzdilər. Mən hesab edirəm ki, əgər tibbi sığorta sisteminə keçid zamanı dövlət və özəl xəstəxanalarının hüquq və vəzifə bərabərliyi təmin ediməsə yenə də inhisarçılığın bir növü ortaya çıxacaq. Xəstələr məmur sahibkarlığına bağlı olan klinikalara daha çox yönləndiriləcək və inhisarçılıq bu sahəni də korlayacaq. O halda bu layihədən yaxşı bir şey gözləyə bilmirəm.   - Bu yaxınlarda hökümət mediası ölkəyə çinli investorlarının 600 milyon dollar vəsait yatıracaqları haqda xəbəri yaydı. Müstəqil iqtisadçı-ekspertlər isə ölkəyə bu il qoyulan investisiyaların miqdarının artdığını yox azaldığını deyir. Siz Çin investisiyası ilə bağlı deyilənləri həqiqət hesab edirsiniz, yoxsa bu hökümətin iqtisadiyyatla bağlı piarıdır? - Onu qeyd edim ki, 2012-ci ildən bəri Azərbaycanda investisiya mühitinin pisləşdiyi müşahidə olunur. Bu beynəlxalq reytinqlərdə də öz əksini tapıb. Bunun səbəbləri biznes dözümlülüyü, inhisarçı güclərin fəallığıdır. Məsəlçün, 2012-ci ildə metallurgiya sahəsində qoçu dəstələri ortaya çıxdı. Bu dəstələr Bakı Steel Company-ə məxsus idi. Onlar metal istehsalçılarına 20-dən yuxarı basqın etdi. Bundan əlavə daş karxanalarında da bənzər basqınlar olub. Bunların arxasında məmur sahibkarlığı durur. Buna görə də beynəlxalq reytinq agentlikləri də öz hesabatlarında Azərbaycanda investisiya mühitinin pisləşdiyini açıqlamağa başladı. Bu da faktdır ki, hər hansı bir korporativ idarəetmə mədəniyyəti yüksək olan, varlı və böyük bir şirkət bir ölkəyə investisiya qoyanda onun beynəlxalq reytinqinə baxır. 2012-ci ildən bəri əksinə Azərbaycandan kənara investisiyaların axını müşahidə olunur. Məsələn, həmin illərdə azərbaycanlılar tərəfindən Gürcüstana 600 milyon dollar investisiya qoyulub. Türkiyədə, Ukraynada Azərbaycan kapitalı ilə minlərlə yeni şirkətlər açılıb. O baxımdan Azərbaycana hansısa investisiya şirkəti gəlirsə əsasən neft-qaz sektoruna gələ bilər. Yaxın 3-4 ildə dövlət başçısı xaricdə yaşayan azərbaycanlıları Azərbaycana investisiya etmək çağırışı ilə çıxışlar edib. İstənilən ölkənin xarici investisiyaya ehtiyacı var. Bu həm də texnoloji, mədəni inkişafdır, modernləşmədir. Ona görə də təssüf edirəm ki, Azərbaycanda özəl biznesə yaradılan maneələr, reyder hücumları ölkəni beynəlxalq investorların gözündə intizamsız bir tərəfdaş kimi göstərdi. Hüquq mühafizə orqanlarının belə şeylərə təpki göstərməməsi də bizim beynəlxalq investisiya reytinqlərimizi aşağı salır. Çin bütün ölkələrlə münasibətdə iqtisadi ekspansiya siyasəti aparır. Çinin məqsədi öz mallarını və xidmətlərini satmaqdır. Ancaq, daxildə bizim öz sahibkarlarımızın görə biləcəyi işlərə çin şirkətlərinin cəlb olunması təhlükəli məqamdır. Bizim potensialımız Çinlə müqaisədə olduqca azdır. Çin şirkətləri burda bazarı ələ keçirib monopoliya yarada bilər və bizim xalqımız onlar üçün qul kimi işləməyə məcbur qalar. Məsələn, o layihələrin birini eşitmişdim, Kürdəmirdə pomidor-xiyar yetişdirmək. Bizim sahibkarlarımız nə dərəcədə imkansızdır ki, çinlilər gəlib burda pomidor yetişdirir. Bundan əlavə bizim vətəndaşların kredit almaq imkanı çox məhduddur. Bizdə biznes kreditləri 20 faizə qədər, istehlak kreditləri 30 faizdən yuxarıdır. Çində isə biznes kreditləri 1-2 faizə qədərdir. Belə halda biz onlarla nə rəqabət apara bilərik, nə məhsul istehsal edə bilərik.   - Ümumiyyətlə, bu tez-tez dilə gətirilir ki Azərbaycanda kredit faizləri yüksəkdir və bu faizlər ölkə iqtisadiyyatına mənfi təsir edir. - Əslində hökümət ilk növbədə kredit faizlərini aşağı salmaq üzərində düşünüməlidir. Bunu neft fondunun yaxud Mərkəzi Bankın vəsaiti hesabına etmək olar. Əgər özümüzə bir malı yüksək faizlə alsaq təbii ki, gəlirlərimiz azalacaq, maaşımızdan daha çox vəsait ödəməli olacağıq və sağlamlığımıza, qidalanmamağımıza daha az vəsait qalacaq. Əgər vətəndaş kasıblayırsa, dövlət də kasıblayacaq. Bizim ölkə bəzən öz gəlirlərinin bir hissəsini xarici banklara illik 1-2 faizlə işlətməyə verir, ancaq öz vətəndaşına xeyli baha qiymətə verir. Əgər faizlər yüksək olsa deməli insanlar öz bizneslərini qura bilmirlər, işlərini yarada bilmirlər, deməli maaşlar az olur və vergi bazası genişlənmir.   - Hakimiyyət tez-tez son dövr ölkədə aparılan islahatlardan danışır. Bu islahatlara həmçinin iqtisadi islahatlar da daxildir. Azərbaycanda istehsalat, yaxud xidmətlə məşğul olan bir müəssisədə 16-18 dövlət orqanının yoxlama aparmaq icazəsi var. Bəs sizcə dövlət özəl sahibkarlıqla hansı məsafədə dayanmalıdır ki, insanlar rahat bizneslə məşğul ola bilsinlər? - Ən birincisi onu deyim ki, bizdə bəzən iqtisadi cinayətkarlıqla dövlət resurslarını şəxsi resursları kimi istifadə etmək qarışdırılır. Biz bəzən eşidirik ki, kediti qaytara bilməyən şəxsləri dövlət həbs edir. Bu sivil ölkələrdə cəfəngiyyatdır. Belə işlər əslində mülki iddia əsasında aparılmalıdır və kreditə görə heç kim həbs olunmamalıdır. Bizim ölkədə isə kreditə görə həbslər adətən yuxarıdan sifarişlə həyata keçirilir və bu biznes mühitinə etibarı azaldır. Siz təsəvvür edin ki, bir xarici investor eşidir ki, Azərbaycanda insanlar krediti qaytara bilmədiyinə görə həbs olunur, onda həmin investor bizim ölkəmizə nə maraq duyar. Bu əslində dövlətin iqtisadi prosseslərə müdaxiləsidir. Bütün sivil ölkələrdə kreditorla debitor arasında münasibət mülki məcəllə ilə tənzimlənir. Bizdə niyə elə deyil? Çünki, həmin bankların arxasında müəyyən məmurlar var və bu məmurlar hüquq-mühafizə orqanlarının vasitəsilə borclu vətəndaşı tutdura bilir. Bu doğru deyil. Bizim ölkədə ən yayılmış həbs maddələrindən biri dələduzluqdur. Bu polisin əlində sevimli arqumentdir. İqtisadi mübahisələri olan iki nəfərin arasındakı danışıqlar pozularsa polisə bir şikayət edilən kimi polis adamı dələduzluq ittihamı ilə həbs edir. Halbuki, bu doğru deyil. Belə mübahisələrə iqtisadi aspektdən baxaraq həll etmək lazımdır. Onu deyim ki, bir neçə il öncə ölkəmizdə inzibati iqtisad məhkəmələri də yaradılmışdı. Görünən odur ki, bu məhkəmələr öz işlərinin öhdəsindən gələ bilmədilər. Sivil ölkələrdə sahibkar bir halda məsuliyyətə cəlb olunur. O da budur ki, vergiləri vaxtında ödəməsin. Ancaq Azərbaycanda illər boyu məmurlar bəzi sahibkarlara patronajlıq edirlər, onlara vergidən yayınmağa şərait yaradıblar, digər sahibkarları vergilərin əliylə həbs ediblər. Buna görə də mənim fikrimcə biznes sahəsində ən böyük problem sahibkarların indiki idarəetməuə inam və etibarının olmamasıdır. Bu etibarı geriyə qazandırmaq üçün, inhisarçılıq ləğv olunmalıdır, məmur sahibkarlığı ləğv olunmalıdır, məhkəmə hakimiyyətinin müstəqilliyi təmin olunmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun