Natiq Cəfərli: "Metropolitenin zərərlə işləməsi məntiqsizlikdir, deməli qeyri-şəffaf sxemlər...

Natiq Cəfərli: "Metropolitenin zərərlə işləməsi məntiqsizlikdir, deməli qeyri-şəffaf sxemlər...
30 İyun 2019
Mətni dəyiş

“Bakı Metropoliteni” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2 409,498 milyon manat təşkil edib.

Bu barədə qurumun maliyyə hesabatında qeyd edilib. Məlumata görə, ötən il yanvarın 1-i ilə müqayisədə 4,8% çoxdur.

2018-ci ildə “Bakı Metropoliteni”nin cəmi öhdəlikləri 0,7% artaraq 57,051 milyon manat, cəmi kapitalı isə 4,9% artaraq 2 352,446 milyon manat, o cümlədən nizamnamə kapitalı 6,3% artaraq 2 779,056 milyon manat olub.

2018-ci il üzrə zərər 55 milyon manat

2018-ci ildə nəqliyyat müəssisəsinin sərnişindaşımadan gəliri 54,186 milyon manat (2017-ci ilə nisbətən 22,25% çox), dövlət büdcəsindən aldığı subsidiya 48,8 milyon manat (8,45% çox), sair əməliyyat gəlirləri 5,763 milyon manat (8,25% çox) olub. [caption id="attachment_79401" align="aligncenter" width="1050"] "Bakı Metropoliten" QSC-nin rəhbəri Zaur Hüseynov[/caption]

Metropolitenin ötən il istifadə etdiyi elektrik enerjisinin dəyəri 11,408 milyon manat (0,2% az), istifadə etdiyi qazın dəyəri 225 min manat (8,7% çox), istifadə etdiyi suyun dəyəri 4,117 milyon manat (1% az) olub.

Həmçinin, işçi heyəti üzrə xərcləri 44,195 milyon manat (7,45% çox), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 85,144 milyon manat (4,65% çox) müəyyən olunub.

Ümumi zərər 400 milyon manatdan çoxdur

Qurumun hesabatında bildirilir ki, eyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 123 min manat (22,15% az), tikinti və avadanlıqlarının qalıq dəyəri 833 min manat (10,7% az), digər xərcləri 6,857 milyon manat (11,7% çox), sair əməliyyat xərcləri isə 3,609 milyon manat (24,6% az) təşkil edib.

Nəticə olaraq "Bakı Metropoliteni" ötən ili 54,871 milyon manat xalis zərərlə başa vurub. Bu göstərici əvvəlki illə müqayisədə 11,75% azdır.

Eyni zamanda, qurumun yığılmış ümumi zərəri isə 14,8% artaraq 426,610 milyon manata çatıb.

"Dövlət büdcəsindən ən çox dotasiya alan qurumlardan biridir"

Bakı Metropolitetinin zərərlə işləməsi mövzusunu Abzas-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, metropolitenin zərərlə işlədiyini bildirməsi nonsensdir, absurddur. Çünki dövlət büdcəsindən ən çox dotasiya alan qurumlardan biridir.

[caption id="attachment_79399" align="aligncenter" width="1050"] Natiq Cəfərli[/caption]

"Hətta iri satınalmaları da ayrıca dövlət büdcəsi hesabına metropolitenə təmin edirlər: vaqonlar, qatarlar və hətta yeni generatorlar ayrıca dövlət büdcəsindən ayrılan vəsait hesabına alınır. Ona görə də metropolitenin zərərlə işləməsi məntiqsizlikdir. Deməli burada qeyri-şəffaf sxemlər vasitəsilə xərclərin artırılmasından söhbət gedir".

"Normal bir audit aparılsa, həmin anda üzə çıxar"

Ekspertin sözlərinə görə, metropolitendə normal bir audit aparılsa, həmin anda üzə çıxar ki, metropolitenin sadə dillə desək bir manatlıq işi beş manata rəsmiləşdirilib.

"Bu rəsmiləşdirmənin korrupsiya sxemləri vasitəsilə həyata keçirildiyi bilinəcək. Çox güman ki, zərərlə işləməyində əsas səbəb də budur: xərclər kifayət qədər şişirdilir və xərclərin şişirdilməsi vasitəsilə korrupsiya sxemləri qurulur, buna görə də vəsaitin qeyri-şəffaf və qeyri-rasional xərclənməsi zərərlə işləməyin həcmini artırır".

Natiq Cəfərli bildirir ki, metropolitendə zərərlə işləmək üçün başqa heç bir əsas yoxdur.

İşçilərin maaşları da çox yüksək artırılmayıb

"Dediyim kimi ən çox dotasiya alan qurumlarından biridir, dövlət büdcəsindən tez-tez yardımlar alır. Yeri gəlmişkən, heç maaşları da çox yüksək artırılmayıb, cəmi son il yarımı götürsək, 7,1 faiz artıb maaşlar. Yəni zərərlə işləməyi izah edə bilərdilər ki, biz işçilərin maaşını kəskin artırmışıq, xərclərimiz çoxalıb – bu da baş verməyib".

İqtisadçının deyir ki, deməli əsas səbəb qeyri-şəffaflıqdır, ehtimal olunan korrupsiya sxemləridir, xərclərin şişirdilməsidir.

Ekspertin sözlərinə görə, kağız üzərində xərclər kifayət qədər şişir, daxilolmalarını doğru göstərsələr də metrodan istifadə edənlərin sayı bəllidir, ödənişin həcmi bəllidir.

Bir çox ölkələrdə müxtəlif tariflər var

"Bizdə hamı eyni cür ödəyir. Bir çox ölkələrdə başqa cürədir: tələbələrə bir tarif var, müəllimlərə, təqaüdçülərə bir tarif var. Amma Azərbaycanda eyni tarifdirsə, deməli metrodan istifadə edən insanların sayını metroya gedişhaqqına vuraraq gəlirləri hesablamaq olar.

İqtisadçı deyir ki, bunlarla bərabər metropoliten əlavə olaraq reklamdan da gəlir əldə edir, metronun müəyyən hissələrini icarəyə verməklə də gəlir əldə edir - bunları açıq hesablamaq mümkündür.

Dotasiya almaq üçün xərclər şişirdilir

N.Cəfərli bildirir ki, gəlirlər hesablandıqdan sonra ziyanla işləmək üçün, vergi verməmək üçün, müxtəlif ödənişlərdən məhrum olmamaq üçün, dotasiyanı almaqda davam etmək üçün xərcləri şişirdirlər və xərclərin kağız üzərində şişirdilməsi nəticə etibarilə metropolitenin ziyanla işləməyinin rəsmi şəkildə bəyan olunmasına əsas yaradır.

"Audit aparmaq üçün Hesablama Palatası var. Metropoliten dövlət qurumudur, Hesablama Palatasının borcudur ki, hər il sözügedən təşkilatda ciddi audit aparsın və nəticələri rəsmən elan etsin. Bu günə qədər metropolitendə normal auditin aparıldığı görülməyib. Azərbaycanda qanunlar var, onlar sadəcə olaraq işləmir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun