Misirin həbsdə olan keçmiş prezidenti Mursi məhkəmə zalında həyatını itirib

Misirin həbsdə olan keçmiş prezidenti Mursi məhkəmə zalında həyatını itirib
18 İyun 2019
Mətni dəyiş

Misirin həbsdə olan keçmiş prezidenti Məhəmməd Mursi məhkəmə prosesi zamanı həyatını itirib. 

Misirin dövlət televiziyası xəbər yayıb ki, 67 yaşlı Mursi vətənə xəyanətdə ittiham olunan məhkəmə prosesində əvvəl özündən gedib, sonra həyatını itirib. Bundan sonra keçmiş prezidentin meyiti xəstəxanaya aparılıb.

Misirin baş prokuroru bildirib ki, Mursi məhkəmə iclasında çıxış etdikdən sonra anidən yerə yıxılıb. Onun sözlərinə görə, ekspertiza rəyində keçmiş prezidentin bədənində hər hansı xəsarət, yara tapılmadığı vurğulanıb.

Məhəmməd Mursinin ailəsi onun həbsxanadakı vəziyyətindən uzun müddət idi narahat olduqlarını dilə gətirirdilər.

Keçmiş prezidentin ən kiçik oğlu Abdulla Mursi 2018-ci ilin oktyabr ayında açıqlama verib ki, atasının yüksək qan təzyiqi və şəkər xəstəliyi var, amma onun müalicəsinə imkan verilmir, üstəlik təkadamlıq kamerada saxlanılır.

Abdulla Mursi 'Washington Post' qəzetində dərc olunan yazısında iddia edib ki, Misir rəsmiləri bu hərəkətləri qəsdən edir və atasının mümkün olan ən qısa vaxtda təbii yolla ölümünü istəyirlər.

2012-də seçildi, 2013-də hərbi çevrilişlə hakimiyyətdən salındı

[caption id="attachment_78900" align="aligncenter" width="1500"] 23 noyabr 2012 - REUTERS[/caption]

1972-ci ildə Qahirə Universitetinin Mühəndislik Fakültəsindən məzun olan Mursi 2012-ci ildə Mirisin demokratik seçki ilə vəzifəyə gələn ilk prezidenti olub. Amma 2013-cu il iyulun 3-də kütləvi etirazlardan sonra ordu tərəfindən çevriliş nəticəsində hakimiyyətdən salınıb.

Çevrilişdən sonra Mursinin lideri olduğu 'Müsəlman Qardaşları' hərəkatı qadağan olunub, yüzlərlə insan toqquşmalarda həyatını itirib, on minlərlə vətəndaş isə həbsə salınıb.

Mursi və 'Müsəlman Qardaşları'nın üç lideri "Xarici terror təşkilatları ilə əlbir olmaqla Misirdə sabitliyi pozmaq"da ittiham olunaraq 2015-ci ilin may ayında ömürlük həbs cəzasına məhkum edilib, həmin iş üzrə 16 nəfər haqqında isə edam hökmu çıxarılıb.

Dövlət ittihamçıları iddia ediblər ki, Müsəlman Qardaşları 2005-ci ildə Həmasın, Hizbullahın və İran İnqilab Keşikçilərinin hərbi təlim mərkəzlərinə adamlar göndəriblər.

Fəaliyyəti qadağan olunan Müsəlman Qardaşları isə iddiaları rədd edib və sivil hərəkat olduqlarını bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun