Kirovun qətlində, Bağırova sui-qəsddə günahlandırılıb güllələnən Azərbaycan alimi…

Vəli Xuluflu

Dosye: 1894-cü il mayın 26-da Azərbaycanda Yelizavetpol quberniyasının (indiki Şəmkir rayonunun) Xuluflu kəndində doğulub. İbtidai təhsilini mollaxanada alıb (1905-1907). Sonra “Mədrəseyi-Ruhaniyyə”ni bitirib (1912). Həmin məktəbdə müəllim saxlanıb, elə həmin vaxtdan gizli inqilabi işə qoşulub, Gəncə quberniyasında qəza partiya komitəsinin katibi işləyib 1921-1922). Bakıda ADU-nun şərqşünaslıq fakültəsində təhsilini davam etdirib, eyni zamanda yeni türk (Azərbaycan) əlifbası komitəsində işləyib (1922- 1927).

“Bakı fəhləsi” kooperativ nəşriyyatında və Azərnəşrin bədii ədəbiyyat şöbəsində əməkdaşlıq edib (1927-1929). Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi katib, onun yenidən təşkilindən sonra isə Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru olub (1929-1932).

Şifahi xalq ədəbiyyatının toplanması və nəşrində önəmli rol oynayıb.

İnstitut ləğv ediləndən sonra bir müddət bir müddət Mərkəzi Arxiv İdarəsinin müdiri, həmin ilin may ayından Dövlət Elm Şurasının sədr müavini, 1936-cı ildən isə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Tarix İnstitutunun direktor müavini, filialın baş mütəxəssisi vəzifələrində çalışır.

1-ci epizod

Yuxarıdakı dosye Azərbaycanın görkəmli aydınlarından biri Vəli Xuluflunun qısa həyat hekayəsidir. Halbuki Azərbaycan folklorunun toplanması və nəşrində, eləcə də yeni türk (Azərbaycan) əlifbasının hazırlanmasındakı xidmətlərindən uzun-uzadı danışmaq mümkündür.

1927-ci ildə aşıq Hüseyn Bozalqanlının dilindən qələmə aldığı iki, 1929-cu ildə dörd qolu və 6 nağılvari hekayət olmaqla  “Koroğlu” dastanını kitab halında nəşr etdirməsi mədəniyyət tariximizin ən parlaq hadisələrdən biridir.

Bayatı, tapmaca kimi folklor örnəklərimizin toplanmasından tutmuş aşıq klassikasının Qurbani, Xəstə Qasım, Dədə Ələsgər, aşıq Hüseyn Şəmkirli görkəmli simaları barədə ilk bilgilər, yaradıcılıqlaarından saysız-hesabsız nümunələr əldə edilməsinəcən Vəli Xuluflunun zəhməti misilsizdir.   

Ancaq bu yazıda biz əsasən onun həyatının faciəli sonluğundan bəhs edəcəyik.

2-ci epizod

Əslində Vəli Xuluflu siyasi baxışları etibarilə Sovet hökumətinə yad deyildi.

1919-cu ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) sıralarına qoşulmuşdu.

Lakin çox keçmədən onun siyasi dünyagörüşündə təbəllüatlar başladı.

Gəncə quberniyasında aparılan sovetləşmə prosesində fəal iştirak edən Xuluflu cəmi 1 il sonra bolşeviklərin etimadını itirir.

O, yeni qurulan hökumətlə bağlı gözləntilərində aldadıldığını anlayır, Cümhuriyyətin süqutuna təəssüflənməyə başlayır.

Xuluflunun baxışlarındakı bu dəyişikliyin önəmli səbəblərindən biri sovetləşmənin zor gücünə aparılması, insanlara divan tutulması idi.

1921-ci ildə partiya sıralarında aparılan “təmizləmə əməliyyatı” zamanı firqə üzvlüyündən çıxarılır. Ona artıq inanmır və etibar etmirdilər…

3-cü epizod

Vəli Xuluflu 1918-ci ilin 28 Mayında qurulan Cümhuriyyətinin süqutunun tarixi səhv olduğunu və XI Qızıl Ordunun Azərbaycana gəlişinin işğal mahiyyətini daşıdığını başa düşmüşdü. Dünyagörüşündəki bu dəyişiklik aydın hiss edilirdi.

Odur ki, ona qarşı siyasi etimadın sarsılmasını və firqə üzvlüyündən çıxarılmasını anlamaq çətin deyil.

Üstəlik, ortada başqa bir önəmli detal da vardı: sovetləşmə başladıqdan sonra Gəncəbasar bölgəsində yeni hökumətə qarşı mübarizə aparan qaçaqlar meydana çıxmışdı.

Bu qaçaqların bir çoxu Şəmkirdə, Vəli Xuluflunun doğulduğu kəndin yaxınlığındakı meşələrə çəkilmişdilər. Yerli camaat bu qaçaqlara arxa durur, gizli şəkildə yardım əli uzadırdılar.

Üstəlik, bu qaçaqlardan biri – Qaçaq Əbdüləli V.Xuluflunun yaxın qohumu idi. Odur ki, başda Azərbaycan SSRİ-nin Daxili işlər naziri postunu tutmuş, Sovet Rusiyasına qarşı Gəncə üsyanının (1920-ci il) qan içində yatırılmasında fəal iştirak etmiş Həmid Sultanov başda olmaqla, bolşevik hökumətinin nümayəndələri ondan qaçaqların ələ keçirilməsində köməklik göstərməyi tələb etməyə başladılar. Bolşeviklərin fikrincə, Vəli Xuluflu yerli camaatı dilə tutub qaçaqların dəqiq yerlərini öyrənə, eləcə də sovetləşməyə qarşı silahlı mübarizəyə qalxanları tələyə salmaq üçün həmkəndlilərindən istifadə edə bilərdi.

Lakin Vəli Xuluflu bu cür tələblərə susmaqla cavab verirdi.

Beləcə, hər şey bolşevik hökuməti nümayəndələrinin ona etimadının tam tükənməsi ilə nəticələndi.

Firqə üzvlüyündən çıxarıldıqdan bir müddət sonra V.Xuluflu artıq Gəncədə qalmağın mənasızlığını başa düşdü və Bakının yolunu tutdu.

4-cü epizod

Vəli Xuluflu ətrafında şübhələr 1927-ci ildə Bakıda keçirilən I Türkoloji qurultaydakı çıxışından sonra daha da dərinləşdi.

Həmin çıxılşında görkəmli alim türk xalqlarının ortaq keçmişə və mədəniyyətə, eyni dilə malik olmasından danışıb daha da yaxınlaşmalarının önəminə diqqət çəkmişdi.

Onun oxşar fikirləri universitet mühazirələri zamanı da tez-tez dilə gətirdiyi anlaşılınca V.Xuluflunun adı Dövlət Təhlükəsizlik Komitəsi (DTK) əməkdaşlarının “qara siyahısına” düşdü.

Ancaq alim özü bundan xəbərsiz idi, elmi fəaliyyəti ilə məşğul olurdu.

5-ci epizod

Nəhayət, 1937-ci il gəlib çatdı.

Ölkəboyu başda tanınmış aydınlar, elm, mədəniyyət, ədəbiyyat xadimləri olmaqla on minlərcə insanın sonuna çıxan amansız dövlət terroru başladı.

Həmin il yanvarın 28-də Vəli Xuluflu “əksinqilabçı və millətçi təşkilatın üzvü” kimi Dövlət Təhlükəsizliyi İdarəsinin 4-cü şöbəsi tərəfindən həbs olundu.

Bu həbslə bağlı orderin altında Azərbaycan SSR DTK-nın üçüncü şöbəsinin rəisi, dövlət təhlükəsizlik leytenantı Qalstyan və Azərbaycan SSR xalq daxili işlər komissarı Yuvelian Sumbatov-Topuridzenin imzası vardı.

6-cı epizod

V.Xuluflu həbs edildiyi günlərdə onun ailəsinə qarşı isə ayrıca amansızlıq baş verir: həyat yoldaşı Fatmanisə, qızı Sunduz, oğlu Çingiz və qayınanası Fatma xanım qışın şaxtalı çağında ovaxtkı Şorş küçəsindəki mənzildən çıxarılır. Üstəlik, ailə üzvlərinə özləri ilə heç nə götürməyə icazə verilmir.

Küçəyə atılan və başsız qalmış ailə indiki Vaqif küçəsindəki, ikimərtəbəli mülkün bir otaqlıq yarımzirzəmisinə sığınmalı olurlar.

7-ci epizod

Vəli Xulufluya qarşı elan edilən ittihamlar tükürpədici idi. Belə ki o:

– Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) I katibi olmuş (1921-1925) Sergey Mironoviç Kirovun qətlində (1 dekabr 1934-cü il) iştirakdan tutmuş 1934-1937-ci illərdə partiya və hökumət rəhbərlərinə qarşı terroracan;

– Bölgələrində silahlı üsyan etmək üçün hazırlıq işləri aparmaqdan tutmuş Azərbaycan SSRİ KP MK-nın 1933-1953-cü illərdə I katibi olmuş Mir Cəfər Bağırova qarşı sui-qəsdəcən ən ağılalmaz ittihamlarla təqsirləndirilirdi.

Ona yönəldilən suçlamalar arasında Azərbaycanın başqa bir görkəmli aydını, ünlü ədəbiyyatçı, dilçi və türkoloq Bəkir Çobanzadə ilə pantürkist münasibətlər də vardı, Tarix İnstitutunda “ziyanlı işlər” aparmaq da.

8-ci epizod

Vəli Xuluflu saxta ittihamlar üzərində qurulmuş istintaq boyunca ağır işgəncələrə məruz qalır, dəfələrlə döyülür.

Lakin ittihamları qəbul etmir.

Üstəlik, ondan alim dostlarına qarşı ifadə almaq cəhdləri boşa çıxır.

(Baxmayaraq ki, bir çox dostları işgəncələrə dözməyib Vəli Xulufluya qarşı ifadə vermişdilər).

Qızı Sunduz xanımın çox sonralar xatırladığına görə, nənəsi ilə anasının söhbətlərindən eşidib ki, atasının istintaqına hətta bir dəfə Mir Cəfər Bağırovun özü də gəlib, Vəli Xulufluya müstəntiqin yazdıqlarına qol çəkməyi təklif edib, ancaq bunun da nəticəsi olmayıb.

Nəhayət, 1937-ci il oktyabr ayının 12-də keçirilən məhkəmə prosesində Vəli Xuluflu əksinqilabi fəaliyyətdə, pantürkist təşkilat yaratmaqda və Türkiyənin xeyrinə casusluqda təqsirli elan olunur və haqqında ölüm hökmü çıxarılır.

Bundan bir gün sonra görkəmli alim güllələnir.

1956-cı il noyabın 17-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyası Vəli Xuluflunun işinə yenidən baxır və fəaliyyətində cinayət tərkibi olmadığına qərar, bu səbəbdən də ona bəraət hökmü verir.

Ancaq istər Vəli Xuluflu, istərsə də digər repressiya qurbanları haqqında Stalinin ölümündən sonra (1953-cü il) verilən bu bəraət hökmlərinin heç biri günahsız insanların dövlət əli ilə terrorunun vicdanlara vurduğu yaranı sağalda bilməz.

9-cu epizod

Vəli Xuluflu güllələndikdən sonra ailəsinin daha dəhşətli günləri başladı.

10 aprel 1938-ci ildə onun həyat yoldaşı Fatmanisə Xuluflu həbs olundu və cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edildi. Ardınca da Rusiyanın Volqaboyu ərazisindəki Potma islah əmək düşərgəsinə göndərilir.

Uşaqları    qızı 15 yaşlı Sunduzla oğlu 14 yaşlı Çingiz nənələri Fatma xanımın himayəsində qaldılar.

Ailənin maddi durumu ağır idi. Qohum-əqrəba “xalq  düşməninin” ailəsindən uzaq qaçır, kimsə onlara yardım əli uzatmaq istəmirdi. Uzun məhrumiyyətlərdən sonra Vəli Xuluflunun etibarlı dostlarından biri Fatma xanım Maksim Qorkinin adını daşıyan kitabxanaya xadimə düzəlir.

Fədakar nənə həm nəvələrinin qarnını doyur, həm də onların təhsil almasına çalışır. Nəticədə həm Sunduz, həm də Çingiz orta məktəbləri əla qiymətlərlə bitirir, Azərbaycan Sənaye İnstitutuna daxil olurlar.

1946-cı ildə Fatmanisə xanım azadlığa buraxılır.

Bu həm də o vaxtdır ki, istər həyat yoldaşları, istər övladları, istərsə də qayınanası V.Xuluflunun aqibətindən hələ də xəbərsiz idilər. Ailə üzvləri ümid edirdilər ki, o sağdır…

10-cu epizod

Əslində Fatmanisə xanım Vəli Xuluflunun 1937 terrorundan salamat qurtulacağına o qədər də inanmırdı. Çünki mümkün deyildi ki, o, sağ olsun, ancaq ailə üzvlərinə bir şəkildə ismarış göndərməsin, onlardan hal-əhval öyrənmək istəməsin.

Fatmanisə xanım ərin ərinin ölümü haqda yalnız Stalinin ölümündən sonra başlayan yumşalma dövründə xəbər tutur.

Dərhal da onun günahsız güllələndiyini sübut etməyə başlayır. Buna nail olsa da, bir cəhdi nəticəsiz qalır: həyat yoldaşının harda dəfn olunduğunu öyrənə bilmir…

Elnur Astanbəyli