'1,7 milyon dollara satılan vaqonu Azərbaycan 15,2 milyon dollara alıb' [araşdırma]

'1,7 milyon dollara satılan vaqonu Azərbaycan 15,2 milyon dollara alıb' [araşdırma]
12 İyun 2019
Mətni dəyiş

Polşa və Rusiyanın 1,7 milyon dollara satın aldığı vaqonu Azərbaycan 15,2 milyon dollara alıb. Azərbaycanın 2 vaqona xərclədiyi pula Rusiya və ya Polşa 18 vaqon əldə edir.

Bu haqda iqtisadçı ekspert Nemət Əliyev araşdırma aparıb. Abzas olaraq həmin araşdırmanı təqdim edirik.

Nemət Əliyev bildirir ki, Azərbaycan Dəmiryollarının adının hallanmadığı qalmaqal qalmayıb. Onun sözlərinə görə, bu Qapalı Səhmdar Cəmiyyətin yarıtmaz idarəçiliyi haqqında çox yazılar yazılıb, çox fikirlər deyilsə də, hələ ki, əməlli-başlı bir nəticə hasil olmayıb.

"Azərbaycan Dəmiryollarının “Bombardier” Şirkətindən aldığı avadanlıqların qiymətlərinin süni şəkildə şişirdilməsi, bu yolla Dünya Bankının Dəmiryollarına ayırdığı milyonlarla maliyyə vəsaitlərinin “otkat” şəklində ələ keçirilməsi və bu tip korrupsiya əməliyyatlarında iştirak etməyinə görə bu Kanada şirkətinə sanksiyaların tətbiq edilməsinə dair mətbuat səhifələrini bürümüş qalmaqalın səsi-sorağı səngiməmiş növbəti bir rüsvayçılığın da üstü açılıb: 2018-ci ildə Belarusdan 1 ədədi 3,533 milyon dollara satın alınan vaqonu Azərbaycan Dəmiryolları bu il elə həmin ölkədən 15,192 milyon dollara satın alıb".

Ekspert bildirir ki, vaqonun builki qiyməti ötənilki qiymətdən 4,3 dəfə baha və ya 11,659 milyon dollar çoxdur: "Bəlkə də dünya ticarət tarixində bu dərəcədə rüsvayçılıq olmayıb".

İki vaqona 30.3 milyon dollar ödənilib

DSK-nın Dövlət Gömrük Komitəsinə istinadən yaydığı məlumatlarda bildirilir ki, 2019-cu ilin I rübündə Azərbaycan Belarusdan əmtəə nomenklatura kodu 8603 olan 2 ədəd vaqon gətirib və buna görə 30 milyon 384 min dollar xərclənib. Bir ədəd vaqon 15 milyon 192 min dollara başa gəlib.

Başqa bir rəsmi məlumata görə isə nomenklatura kodu və adı eyni olan həmin vaqonun 1 ədədi 2018-ci ildə Belarusdan 3,533 milyon dollara satın alınıb (2018-ci ildə 8 ədəd vaqona 28 milyon 264 min dollar vəsait xərclənib).

Nemət Əliyev deyir ki, hökumət 8 vaqona görə 28,264 milyon dollar, 2 vaqona görə 30,384 milyon dollar ödəniş edib.

"Başqa sözlə desək, 8 vaqonun pulunun üstünə 2,1 milyon dollar da əlavə eləyib vur-tut 2 ədəd vaqon gətiriblər ölkəyə. Belə qaydada həyata keçirilən ticarət həm dövlət, həm də xalq adına böyük rəzalətdir. Bu rüsvayçılığa heç cür haqq qazandırmaq mümkün deyil".

İqtisadçı ekspertin sözlərinə görə, Belarusun rəsmi mənbələrinə istinadən apardığı araşdırmalar göstərir ki, Rusiya Federasiyası bu ilin I rübündə eyni əmtəə kodu və eyni adı olan vaqonun 3 ədədini Belarusdan 5,117 milyon dollara satın alıb. Baş tutmuş bu ticarət sövdələşməsində vaqonun bir ədədi Rusiya Federasiyasına 1,706 milyon dollara başa gəlib.

Hesablama Palatası haraya baxıb?

Azərbaycan isə eyni vaqonu 15,192 milyon dollara satın alıb. Polşa da 2019-cu ilin yanvar-mart dövründə həmin vaqonlardan 5 ədəd alıb və bu 5 vaqona görə Belarusa 8,495 milyon dollar ödəyib. Bu ticarət sövdələşməsində bir vaqon Polşaya 1,695 milyon dollara başa gəlib. Azərbaycan isə eyni adlı vaqona görə 15,192 milyon dollar ödəmə həyata keçirib.

Aydın təsəvvür olunsun deyə, bu rəsmi məlumatları cədvəl şəklində düzək. Cədvəldən açıq şəkildə görünür ki, bu ilin I rübündə Azərbaycana satılan vaqonun qiyməti ilə digər ölkələrə satılan vaqonların qiymətləri arasında fantastik fərq var.

Məlum olur ki, Rusiya və Polşanın Belarusdan orta hesabla 1,699 milyon dollara satın aldığı vaqonu Azərbaycan 9 dəfə baha qiymətə alıb. Qiymət fərqi bir vaqona görə 13,493 milyon dollar, 2 vaqona görə isə 26,986 milyon dollardır. Bu fərq məbləğinə Rusiya və ya Polşa 16 ədəd əlavə vaqon ala bilərdi.

Başqa sözlə, Azərbaycanın 2 vaqona xərclədiyi pula (30,384 milyon dollara) Rusiya və ya Polşa 18 vaqon satın ala bilərdi. Lakin bu dərəcədə elementar arifmetikanı Azərbaycan tərəfdən ticarət sövdələşməsini həyata keçirən səlahiyyətlilərimiz apara, nəzərə ala bilməyib, yaxud da almaq istəməyib.

Belarus vaqonları Azərbaycana nədən 9 dəfə baha satıb?

Burada çox yerinə düşən sual yaranır ki, axı Belarus Rusiya və Polşaya satdığı vaqonları Azərbaycana nədən 9 dəfə baha satıb? Bəlkə, bu fantastik qiymət fərqi Azərbaycan Dəmiryolları rəhbərliyinin diqqətindən yayınıb? Heç inandırıcı deyil.

Bəs dövlətin maliyyə vəsaitlərinin bu dərəcədə ucuz yollarla havaya sovrulması Maliyyə Nazirliyinin niyə diqqətini cəlb etməyib? Hesablama Palatası haraya baxıb? Azərbaycan Dəmiryollarının həyata keçirdiyi satınalmalara gözucu baxmaq kifayət idi ki, bu böyüklükdə qiymət kənarlaşmasını dərhal sezə biləsən.

Məsələni dramatikləşdirən növbəti bir hal ondan ibarətdir ki, Belarus ilə Azərbaycan arasında həyata keçirilən vaqon ticarətində Azərbaycanın ziyanına kəskin qiymət fərqi yalnız 2019-cu ilin yanvar-mart dövründə deyil, əvvəlki illərdə də yaşanıb.

2018-ci ilin yanvar-dekabr dövründə Belarus Respublikası “əmtəə nomenklatura kodu 8603” olan 31 ədəd vaqon ixrac edib. Bir vaqonun orta ixrac satış qiyməti Belarus üzrə 1,149 milyon dollar olub. Buna baxmayaraq, 2018-ci ildə Azərbaycanın Belarusdan satın aldığı bir vaqonun qiyməti bu orta qiymətdən 3 dəfə baha olmaqla 3,533 milyon dollar təşkil edib.

Nəticə çıxarmaq baxımından çox ibrətamizdir ki, Rusiya 2018-ci ildə Belarusdan satın aldığı vaqonun birinə 985,3 min dollar ödəyib. Azərbaycan eyni vaqona görə Rusiyanın ödədiyindən 3,6 dəfə çox pul sayıb (Belarusun rəsmi məlumatı).

Vaqonların orta ixrac satış qiyməti Belarus üzrə 2017-ci ildə 1,5 milyon dollar, 2016-cı ildə isə 2,4 milyon dollar olub. 2016-cı ildə Polşanın 2,0 milyon dollara, Gürcüstanın 2,8 milyon dollara, Rusiyanın isə 2,2 milyon dollara satın ala bildiyi vaqona Azərbaycan 3,4 milyon dollar xərcləyib (Rəsmi məlumata keçid).

Həm ölkələr, həm də illər üzrə aparılan təhlillərin ortaya çıxardığı bu rüsvayçı mənzərə süni qiymət şişirtmələri, israfçılıq, yeyinti, korrupsiya, tutduğu vəzifədən sui-istifadə və sairə hallar üzrə Azərbaycan Dəmiryollarının həyata keçirdiyi ticarət sövdələşmələrinin çox ciddi şəkildə yoxlanılmasını zərurətə çevirir. Odur ki, Maliyyə Nazirliyi özünü doğrultmalı, Hesablama Palatası hərəkətə keçməlidir.

Heç olmasa bu dəfə öz vəzifələrini icra etməli, havaya sovrulan milyonların büdcəyə qaytarılmasını təmin etməlidirlər. Çünki indiki zamanda həm dəmiryollarının, həm orada çalışan yüzlərlə insanların, həm də dövlət büdcəsinin itkiyə verilən o milyonlara ehtiyacı böyükdür.

Nəzərə almaq vacibdir ki, Azərbaycan Dəmiryollarının xərclərinin, borclarının böyük hissəsi dövlət büdcəsi hesabına ödənilir. Dövlət büdcə vəsaitləri hesabına bu sahəyə iri həcmli investisiya yatırımları həyata keçirilib. Odur ki, burada kiməsə, hər hansı güzəşt olmamalıdır.

Doğrusu, Belarusun öz ticarət partnyorları arasında bu dərəcədə ayrı-seçkilik yaratmaq istəməsi heç inandırıcı deyil. Bu dərəcədə ayrı-seçkiliyin haraya aparıb çıxara biləcəyini peşəkar ticarətçilər daha yaxşı anlayarlar. Məntiqlə, vaqon ticarəti aparılarkən qiymətdə güzəşt olmalıydısa, bu güzəşt Azərbaycana edilməliydi.

Hələ bir neçə il bundan əvvəl Rusiyanın “Qazprom” şirkəti tərəfindən qaz təchizatının dayandırılacağı ilə təhdid olunarkən Belarus prezidenti Lukaşenkonun İlham Əliyevə zəng edərək ondan 900 milyon dollar borc istəməsini, yəqin ki, çoxları xatırlayır. Bir telefon zəngi müqabilində böyük məbləğdə borc verərək düşdüyü çətin vəziyyətdən çıxardığımız bir ölkənin digər partnyor ölkələr ilə müqayisədə Azərbaycana 9 dəfə baha qiymət oxuması heç inandırıcı deyil.

Odur ki, Belarusla Azərbaycan arasında həyata keçirilən vaqon ticarətində gizli, qaranlıq məqamların olmasını inkar eləmək əsla mümkün deyil.

"Azərbaycan Dəmir Yolları" nə deyir? 

Nemət Əliyevin araşdırmasına cavab olaraq "Azərbaycan Dəmir Yolları"  bildirib ki, 2019-cu ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən Belarus Respublikasından hər hansı vaqon alınmayıb.

"Son günlər bəzi kütləvi informasiya vasitələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyəti ilə bağlı yayılan qərəzli və həqiqətə uyğun olmayan məlumatlara dair aşağıdakıları bildirməyi zəruri hesab edirik:

2018-ci ildə Belarus Respublikasından 2 ədəd sərnişin vaqonu deyil, İsveçrənin “Stadler Rail Group” şirkətindən onun Belarus Respublikasındakı zavodunda komplektləşdirilmiş hər biri 4 vaqondan ibarət olan 2 ədəd ən müasir texnologiyalar ilə təchiz edilmiş ikimərtəbəli “KİSS” markalı elektrik qatarları alınmışdır. Sözügedən qatarlar Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edirlər. Şəkilləri əlavə olunur".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun