İntiqam Əliyev ikinci romanını bitirmək üzrədir, birincisini isə uşaqları hələ də oxumayıb [müsahibə]

İntiqam Əliyev ikinci romanını bitirmək üzrədir, birincisini isə uşaqları hələ də oxumayıb [müsahibə]
2 İyun 2019
Mətni dəyiş
Selcan Yağmurun İntiqam Əliyevlə müsahibəsi

1 iyun - Uşaq Günündə istedadlı gənc yazar Selcan Yağmur ilk dəfə jurnalist qismində hüquqşünas-yazıçı İntiqam Əliyevdən geniş müsahibə alıb.

Müsahibədə məşhur qələm sahibinin yaradıcılıq planları ilə yanaşı, uşaq-böyük münasibətləri və digər maraqlı məsələlərə toxunulub.

Selcan Yağmur: İntiqam bəy, işlər necə gedir? Deyirlər ikinci romanınızı yekunlaşdırmaq üzrəsiz.

İntiqam Əliyev: Nə bildiniz? Uşaqlar deyib?

 - Yerin də qulağı var, bəy. Yeri gəlmişkən, uşaqlar demiş, sizin birinci romanınız var idi ha, adı da deyəsən, “Meydan” idi, Nərminlə Nəcmin oxudularmı barı? Saytlar yazmışdı ki, qızınız səhifəsi 20 qəpikdən 50 səhifə oxuyub, oğlunuz isə oxumaqdan qəti imtina edib. Onu da deyirlər ki, qızınızdan gizli səhifənin birini 50 qəpiyə qaldırmısız, amma Nəcmin deyib vur öldür məni, oxumaram ki, oxumaram. Nə təhər oldu bu işin axırı, oxudu?

 - Yox ey, oxumadı.

 - Vay-vay, çox təəssüf edirəm. Bəs Nərmin necə? Heç olmasa o, oxudumu? Qızların ürəyi yuxa olur, atasının xətri üçün oxuyar yəqin.

[caption id="attachment_78410" align="aligncenter" width="1280"] Selcan Yağmur[/caption]

 - Yox, o da oxumayıb. Siz deyən qızlar qaldı keçmişdə, indikilərin ürəyi daşdır. Nərmin eşidəndə ki, ona səhifəsinə 20 qəpik ödədiyim halda, qardaşına 50 qəpik təklif etmişəm, məni şantaj eləməyə başladı ki, özün hüquq müdafiəçisisən, amma uşaqların arasında cinsi ayrı-seçkiçik edirsən, oxuduğu 50 səhifənin pulunu da çığırda-çığırda 50 qəpikdən alıb getdi.

 - Aaa... Heç Nərmini belə bilməzdim. Bəs sonrası nə oldu? Heç olmasa, sonra oxudumu romanı?

 - Yox ey, oxusaydı, nə dərdim?! Neçə dəfə bir ata kimi xahiş etdim ki, barı sən oxu, evdə oxuyan bir nəfər olsun ki, başqalarından üzüm gəlsin xahiş etməyə ki, siz də oxuyun. Yoxsa adama deməzlər ki, evində heç kim oxumayıb, biz niyə oxuyaq?! Qız qırmızı-qırmızı üzümə durdu ki, qalan səhifələrin pulunu da 50 qəpikdən ver, oxuyum. Mən də hesabladım ki, 400 səhifədən çoxdur, 50 qəpikdən 200 manatı keçir. Bu kitabdan mən nə satıb, nə qazanmışam ki, o qədər pulu götürüm verim kiməsə?! Heç kitabı havayı verirəm, götürən yoxdur. İmtina etdim, sərf eləmir...

 - Vay-vay, nələr olurmuş, nələr. Bizim evdə də yazanlar var, vallah mənə səhifəsini 10 qəpikdən ödəsələr, bütün romanlarını oxuyaram. Ay İntiqam bəy, özünüz demiş, onsuz da alan və oxuyan yoxdursa, bəlkə, səhifəsini azaldasız, heç olmasa, az ziyan az olar...

 - Hə, bu barədə özüm də düşünmüşım. Elə ona görə də, bu biri  romanımın həcmini iki dəfə azaltmışam, cəmi 200 səhifədir. Bunu da oxuyan olmasa, 20-30, maksimum 50 səhifəlik romanlar yazmağa başlayacam, heç olmasa, belə şantajçılara rast gələndə də, ziyanım çox böyük olmasın.

 - Keçmiş olsun, İntiqam bəy. Heç bilmirəm nə deyim. Yeri gəlmişkən, Uşaq günü bayramınızı da təbrik edirəm...

 - Çox sağ olun, Selcan xanım. Bu uşaqlar imkan verirlər ki, adamda bayramlıq əhval olsun...

Jurnalist üzünü yana çevirib çiyinlərini çəkə-çəkə: “Qəribə adamlar var, romanını uşaqların belə oxumursa, onu yazmağa nə ehtiyac var?!” - deyib uzaqlaşır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun