Haqqında qərar verilən mühacirin deportasiyası təxirə salınıb

Haqqında qərar verilən mühacirin deportasiyası təxirə salınıb
13 İyun 2019
Mətni dəyiş

İyunun 11-i Azərbaycan Naminə Demokratiya (AND) Hərəkatının üzvü, Avropadan yayımlanan “Turan TV”nin əməkdaşı Vüqar Niftiyev Almaniyada tutulub.

Polis onu Azərbaycana deportasiya etmək məqsədilə tutub saxladığını açıqlayıb. Turan-ın məlumatına görə, AND Hərəkatı dərhal “Sərhədsiz reportyorlar” təşkilatı, Almaniya Xarici İşlər Nazirliyi, Almaniya Federal Polisi ilə təmaslar qurub.

Hərəkartdan həmin instansiyalara bildiriblər ki, Vüqar Niftiyev Azərbaycanda həbs edilə, işgəncəyə məruz qala, nəticədə bu deportasiya beynəlxalq humanitar və siyasi qalmaqala səbəb ola bilər.

AND fəalları və digər siyasi mühacirlər Düsseldorf aeroportunda etiraz aksiyası da keçiriblər.

Hərəkatın iyunun 12-də yaydığı açıqlamada deyilir ki, göstərilən səylər nəticə verib. Son anda Vüqar Niftiyev təyyarədən düşürülüb və sərbəst buraxılıb. Deportasiya təxirə salınıb.

AND Düsseldorf aeroportundakı etiraz aksiyasının iştirakçılarına minnətdarlıq edir və Azərbaycan hakimiyyətini siyasi mühacirlərə, ölkə daxilində müxalifətçilərə qarşı təqiblərə son qoymağa çağırır.

AND Hərəkatı Strasburqda yerləşir. Hərəkata bir neçə ildir Avropada mühacirətdə yaşayan jurnalist – “Azadlıq” qəzetinin baş redaktoru, “Turan TV”nin rəhbəri Qənimət Zahid rəhbərlik edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun