Gürcüstanda rusiyalı deputatlara görə kütləvi etirazlar başlanıb [video]

Gürcüstanda rusiyalı deputatlara görə kütləvi etirazlar başlanıb [video]
21 İyun 2019
Mətni dəyiş

Gürcüstanın Tbilisidə yerləşən köhnə parlament binasının qarşısına minlərlə etirazçı toplaşıb.

Gürcü mətbuatının xəbərinə görə, etirazçıların bir qrupu parlamentin həyətinə daxil ola bilib. Məlumata görə, daxili işlər naziri parlament binasına daxil olmağa çalışanların cəzalandırılacaqlarını deyib.

Bu hadisədən az əvvəl rusiyalı deputatın Gürcüstan parlamentində spikerin kreslosunda oturması siyasi qalmaqala səbəb olub. Bu gün Tbilisidə pravoslav ölkələrin parlamentlərarası assambleyasının 26-cı sessiyası keçirilirdi.

Bu tədbirdə Rusiya Federasiyasından da nümayəndələr iştirak ediblər. Nümayəndə heyətinə pravoslav assosiasiyasının prezidenti, kommunist Sergey Gavrilov başçılıq edib. Səhər saatlarında sessiyasını Gürcüstan parlamenti spikerinin kreslosunda oturmuş Gavrilov açıb. Bu, gürcü deputatların hiddətinə səbəb olub.

Azadlıq Radiosunun məlumatına görə, sessiyanın açılından sonra müxalifətdən olan deputatlar tribunanı bloklayaraq Rusiya nümayəndə heyətinin iclas zalına qayıtmasının qarşısını almağa çalışıblar. Bundan sonra Rusiya nümayəndələri mühafizəçilərin müşayiəti ilə binanı tərk ediblər.

İvanişvili müdaxilə edir

Daha sonra parlament binasının dəhlizlərinə vətəndaş cəmiyyəti fəalları doluşublar. Onlar az qala bu forumun təşkilatıçısı – Gürcü Arzusu fraksiyasının deputatı Zakaria Kutsnashvili-yə divan tutacaqdılar. Kutsnashvili baş verənləri “texniki səhv” adlandırıb:

"Mən Gürcüstan parlamenti spikerinin kreslosunda Rusiya deputatını görən gürcü cəmiyyətinin qıcıq və hiddətini başa düşürəm. Mən cəmiyyətimizdən üzr istəyirəm. Görünür mən təşkilatçılıq məsələləri üzərində daha yaxşı işləməliydim”.

Lakin münaqişə bu üzrxahlıqla bitməyib. Tezliklə parlamentin binası yüzlərlə insan tərəfindən dövrəyə alınıb.

Hakim partiyanın rəhbəri Bidzina Ivanishvili deyib ki, “işğalçı ölkənin nümayəndəsinə” parlamentdə meydan verənlər cəzalandırılacaqlar.

Bu forumun keçirilməsini və onda Gürcüstanın iştirakını Gürcüstan prezidenti, baş naziri və bir neçə yüksək vəzifəli şəxslər kəskin pisləyiblər.

"Gürcü Arzusu" "rus arzusu" imiş...

Müxalifət baş verənlərə görə hakim komandanı ittiham edir. Müxalif Vahid Milli Hərəkatdan millət vəkili Tinatin Bokuchayeva deyib:

"Bu gün bəlli oldu ki, “Gürcü Arzusu” əslində “rus arzusu” imiş. Bidzina Ivanishvilinin arzusu Vladimir Putinin arzusudur. Belə olmasaydı gürcü parlamenti spikerinin kürsüsündə rusiyalı deputat oturmazdı. Xalqımızın ruhuna və dövlətimizin qəlbinə bundan böyük tüpürcək ola bilməz”.

Lakin kommunist Gavrilov bundan sonra Gürcüstanı hədələyərək deyib ki, indi Moskva və Tbilisi arasında müxtəlif humanıtar və iqtisadi məsələlərə dair danışıqlar pozulmaq təhlükəsi ilə üzləşib.

O bunu da deyib ki, pravoslav forumunun da işini pozulmuş hesab etmək olar.

Bu arada müxalifət lideri Grigol Vashadze deyib ki, spiker Irakli Kobakhidze-nin, daxili işlər naziri Georgi Gakharia-nın və Milli Təhlükəsizlik Xidmətinin başçısı Vakhtang Gomelaurinin istefası üçün hökumətə bir saat vaxt verir.

Pravoslav Parlamentlərarası Assambleyası 1993-cü il Yunanıstan parlamentinin təşəbbüsü ilə yaradılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun