'Çernobıl' serialı: Svetlana Aleksiyeviçin adı başlıqlarda niyə yazılmayıb? [müsahibə]

'Çernobıl' serialı: Svetlana Aleksiyeviçin adı başlıqlarda niyə yazılmayıb? [müsahibə]
25 İyun 2019
Mətni dəyiş

HBO kampaniyası tərəfindən çəkilən "Çernobıl" serialı bir anda bütün dünyada böyük uğur qazandı. IMDB film saytında səsvermənin nəticələrinə görə, bu serial "Taxt Oyunları"nın (Game of Thrones) uğurunu geridə qoydu və hazırda reytinq üzrə birinci yerdədir.

Tənqidçilər qeyd edirlər ki, filmin müəllifləri sovet yaşam tərzinin təfərrüatlarını və fəlakətin nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin hislərini tarixə hörmətlə yanaşı fövqəladə dəqiqliklə təsvir etməyə müvəffəq olmuşlar.

Partiya rəhbərliyi və xüsusi xidmət orqanları həqiqəti gizlətməyə çalışdıqları üçün tam olaraq açıqlanmasa da, 33 ildən sonra, bu gün dünya Çernobıl AES-də nə baş verdiyindən xəbərdardır. Ancaq az adam xatırlayır ki, ilk dəfə bu fəlakət haqqında belarus yazıçı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç 1997-ci ildə "Xalqlar Dostluğu" jurnalında dərc olunmuş "Çernobıl duası. Gələcəyin xronikası" adlı kitabında ətraflı danışıb.

Aleksiyevich yanğınsöndürənlər, xilasetmə qrupları, siyasətçilər, həkimlər, fiziklər və siravi vətəndaşlar da daxil olmaqla beş yüzdən artıq qəza şahidi ilə söhbət aparıb. HBO serialı üçün böyük ölçüdə məhz onun kitabı əsas götürülüb.

Azadlıq Radiosu Belarus xidmətinin jurnalisti Anna Sous serial və faciə haqqında yazıçı ilə söhbət edib.

 - Serialda Ulyana Homyuk (bu rolu Emily Watson ifa edir) adlı uydurma obraz var. Bəzi KİV-lər yazırdılar ki, onu xüsusi olaraq sizə bənzər yaradıblar, bu bir növ sizə edilən bir iltifatdır. Onun filmdəki hekayəsi sizin "Çernobıl duası" hekayənizdən götürülüb. Bu hekayəni götürə biləcəkləri başqa heç bir yer yoxdur. Bəs siz özünüz bu xarakteri necə qiymətləndirirsiniz?

- Kitabdan yanğınsöndürənlər haqqında olan yalnız bu hekayə deyil, bir neçə hekayə götürülüb. İnsanların reaksiyaları haqqında da xeyli səhnələr var: məsələn, insanların körpüdən yanğını izlədikləri, ilkin təəssüratlarını bölüşdükləri epizodlar da bura daxildir. Rejissor bütün bunların Çernobıl kitabından götürüldüyünü etiraf edir. Mənim onlarla müqaviləm var idi, bütün müəllif hüquqlarım qorunub.

- Bəs niyə sizin adınız başlıqlarda yoxdur?

- Mənim təmsilçim bu məsələ barədə serialın yaradıcılarına tələb göndərmişdi. Onlar bizə cavab vermədilər. Lakin sonra qəzetlər bu barədə yazmağa başlayanda, xüsusilə də mənim isveç qəzetinə verdiyim bir müsahibədən sonra serialın rejissoru bunun texniki səhv olduğunu bildirdi.  Əslində isə bu məsələ həll olunacaq.

- Belə bir təsəvvür yaranır ki, filmdəki professor Leqasov obrazını da müəlliflər xüsusi olaraq, sizin rəhbəriniz Ales Adamoviçə çox oxşayan biri olaraq yaradıblar. Bəlkə müəlliflərin özlərinin belə xəbəri olmadan müqayisələr aparılır? Lakin belaruslar özləri bunu görürlər?

- Düşünmürəm ki, onlar obrazları məndən götürüblər. Süjetə əsas, təkanverici personaj daxil etmək lazımdır. Amma bu qadının rolunda mən də ola bilərdim, bəlkə də ona görə ki, bu dövrün qadınının hiss etdiklərini mənim görüşlərimdən götürüblər.

Mənim üçün bu yanaşma çox önəmlidir. Mənim təkcə "Müharibə qadın simasında deyil" kitabımda yox, bütün kitablarımda qadın qəhrəmanlar həmişə çox olub. Çünki işin mahiyyətini çox dəqiqliklə ortaya çıxaran qadın əlaqələridir. Yəqin ki, buna görə serialda yalnız Leqasov olmasın deyə qadına ehtiyac var idi. Orada iki kişi olsa idi, heç bir süjet xətti olmayacaqdı. Amma kişi və qadın olanda bu artıq iki fərqli düşüncə, iki dünya görüşüdür. Və bu artıq maraqlıdır.

Adamoviçə gəldikdə isə mən inanmıram ki, onlar bunu təxmin eləyə bilsinlər. Bəzən belə şeylər qəribə formada bir-birilə uzlaşır. Və ya necəsə fikir yaranır. Məncə burada da eynisi baş verib. Onların məqsədinin bu olduğunu düşünmürəm. Çernobıl tamamilə bizim tariximizdir, onların elədiyi isə kosmopolit bir işdir, burada insan artıq tarixdən uzaqlaşıb, sanki fəzadadır. Orada isə cisimlər arasında artıq tamamilə fərqli bir əlaqə var.

- "Çernobıl duası" nəşr olunduğu vaxtdan bəri neçə film studiyası, rejissor, kino, teatr nümayəndələri əsəri ekranlaşdırmaq üçün sizə müraciət edib?

- Bütün dünyada xeyli tamaşa göstərilir. Bordo şəhərində "Çernobıl duası" əsasında çəkilmiş tamaşaların festivalı keçirildi: hər biri fərqli yanaşma ilə təxminən 17 tamaşa. Əvvəlcə isveç, sonra isə polyak rejissorların tamaşasını izləmək çox maraqlı idi.

[caption id="attachment_79183" align="aligncenter" width="900"] Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç[/caption]

Filmlərə gəldikdə, onlar da kifayət qədər çoxdur – məhz "Çernobıl duası" əsasında 10-a yaxın film çəkilib. Hətta ən son çəkilmiş "Qapı" filmi öz nominasiyasında Oskara qədər irəliləyib və az qalsın hədəfinə çatacaqdı da. Bundan başqa "Çernobıl səsləri" adlı, bu yaxınlarda çəkilmiş möhtəşəm bir film daha var.

Lakin məni həmişə məmnun etməyən şeylər var idi. Hətta amerikalılar mənə müəllif hüquqlarını almaq üçün müraciət etdikdə mən təmsilçimə dedim: "Bəli, daha bir əvvəlkilərə bənzər film". Mən yaxşı alınacağına qətiyyən əmin deyildim, bəlkə də məni razı salan yeganə şey qonorar oldu. Ancaq məlum oldu ki, onlar nə qədər təəccüblü də olsa, deyildiyi kimi bəşər tarixinin ən yaxşı filmini çəkməyi bacardılar. Bu, əlbəttə ki, çox maraqlıdır.

- Sosial şəbəkələrdə serialda bəzi qeyri-uyğunluqların olduğunu yazırlar.

- Mənim üçün əsas məsələ Çernobılla bağlı həqiqətlərin dərk edilməsidir, bəzi təfərrüatlar elə də əhəmiyyətli deyil.

- Siz bu tənqidlərə necə baxırsınız, sizcə onlar nə dərəcədə əsaslıdırlar?

- İnsanlar mədəniyyət məhsullarından lazımi istifadəni bacarmırlar. Onlar bütün bunları öz anladıqları səviyyədə qəbul edirlər.

Birincisi, bu bədii filmdir və müəlliflər məsələyə özlərinin anladığı tərzdə münasibət bildirməkdə və ya əlaqələndirmə aparmaqda sərbəstdirlər. Amma yox, bir də görürsən biri çıxıb deyir ki, nazir əslində şişman və yaşlı olub, serialda isə gəncdir. Və ya pəncərələr nəsə fərqli görünür. Ona qalsa hansısa bir dənizçi Jeleznyakın dediyinə görə, Eyzenştyenin məşhur "Potemkin" filmində uşaq arabasının pilləkənlərdən uçması da inqilaba işarə etmir. Yəni ki, Çernobıl haqqında həqiqətlər təkcə hadisə şahidlərinin dediklərinə qalsa işimiz çətin olar.

Yaradıcı insanlar, rəssamlar gördüklərindən öz dünyalarını yaradırlar. Əsl sənətçi elə bu demək deyilmi? O, öz dünyasını yaradandır. Burda da eynilə bu insanlar öz dünyalarını, müasir dövrün təhlükələrini yaradıblar. Biz sivilizasiyanın intihara apardığı – dəmirin bizimlə savaşdığı, texnologiyanın bizə qarşı çevrildiyi yoldayıq. Biz artıq bərabər gücə malik deyilik, onlar bizim nəzarətimizdən çıxıblar. Və bu, hələ başlanğıcdır.

Bəs sırada nə var? Mən belə bir müşahidə eləmişəm ki, əvvəlcə Rusiya mətbuatında serial haqqında müsbət fikirlər səsləndi. Sonra görünür, Kremldən tapşırıq gəldi və birdən-birə onlar çox vətənpərvər oldular. Ardıyca məlum oldu ki, Rusiya artıq özü iki serial çəkir. Və burada süjet belədir ki, bizim kəşfiyyatçılar stansiyada amerikalı casus yaxalayırlar.

Mən bütün bunları oxuduğumda düşündüm ki, aman tanrı, doğrudanmı, otuz ildə düşüncələrdə heç nə dəyişməyib? Belə çıxır ki, biz bütün olanlara rəğmən yeni dünyaya daxil ola bilməmişik. Axı Çernobıldan, Fukusimadan sonra tamamilə aydın idi ki, yer üzü çox kiçikdir və hamımızındır. O, insan və təbiətdən, insan və kosmosdan ibarətdir, ruslar, belaruslular və ya amerikalılardan ibarət deyil.

Çernobıl zonasında olanda mən özümü ən az belaruslu hesab edirdim. Orada mən naməlum bir bionövün nümayəndəsi idim. Nə fransız, nə amerikalı, məhz bionöv nümayəndəsi. Mən heyvanların və quşların necə əziyyət çəkdiyini görmüşəm. Sanki canlı aləm əziyyət çəkirdi və mən onun bir parçası idim.

Sizin dediyiniz isə çox aqressiv tənqidlərdir. Mən belə bir məktub oxuduğumu xatırlayıram: "Əlbəttə, bu serial Aleksiyeviçin kitabı əsasında çəkilib. Burada onun hissləri və yanaşması təsvir olunub. Siz nə gözləyirdiniz ki? Əlbəttə ki, bu məşhur rus fobiyasıdır və xüsusi olaraq hazırlanıb, rəqiblərimiz bu yolla bizim energetikamızın imkanlarına və potensialına qalib gəlmək istəyirlər…". Bunu oxumaq və dinləmək mümkün deyil.

- Serialda sizə ən çox, ən güclü təsir edən nə idi?

Çox təsirli filmdir, çox güclü təəssüratlar var. Onda həm qorxu, həm düşüncə, həm də gözəllik payı var. İçində bir çox şeyi birləşdirən, açıq şəkildə olmayan pislik məni həmişə narahat eləyib. Hətta müharibə də çox gözəldir. Mən gecə göy üzündə atəş yağdıran “Qrad”ların necə gözəl olduğunu görmüşəm. Yuxarıda gözəllik, aşağıda isə ölüm. Hərbi geyimli kişilər də çox yaraşıqlı görünürlər. Dinc sakinlər arasında belələri yoxdur. Bu həm maraqlıdır, həm də çox gözəldir. Onlar filmdə bütün bunlara riayət ediblər.

- Biz indi görürük ki, belaruslar Çernobıldan çox əziyyət çəkdiklərinə, xeyli agrı-acı gördüklərinə baxmayaraq, bu faciəni indi tamamilə yeni bir tərzdə qəbul etməyə başlayırlar. Serialın müəllifləri bunu necə bacarıblar? Axı faciə bu insanlara heç toxunmayıb, onlar Belarusiyadan, hətta bizim regiondan belə deyillər. Siz necə hesab edirsiniz?

- Bilirsinizmi, qərblilərin, istənilən ölkədə, hətta döyüşlər gedən Suriyada, Taylandda, Kolumbiyada, Yaponiyada və ya Almaniyada mənim kitabımı oxuması məni həmişə təəccübləndirirdi. Bu fərqli yanaşmadır. Orada insanlar başqa şeylər haqqında düşünür. Onları cinsiyyət məsələləri də narahat edir: hansı qadınla və ya hansı kişiylə həyatımı keçirdim; biz necə bir dünyada yaşayırıq, dünyada nələr dəyişir. Orada ətraf mühit anlayışı çox güclüdür. Düşünürəm ki, bu bizə də nüfuz edir: çünki dünyada baş verən dəyişikliklər gözlərimizin önündə aydın görünür. Arktikada quru torpağın üstünə sərilmiş qütb ayıları qorxu doğurur.

Lakin Çernobıl, və ya mənim onu adlandırdığım kimi Apokalipsisin məşqi necəsə yan keçdi: mədəniyyəti, incəsənəti ötdü. Bu mövzunun bizim həyatımızda xüsusi yeri var idi, baxmayaraq ki, artıq Fukusima baş vermişdi. İndi biz, xüsusilə də gənclər, bu barədə daha çox düşünməyə başlamışıq. Və təsadüfü deyil ki, bu filmi daha çox gənclər izləyir, hətta deyirlər ki, klublarda izləyir və müzakirələr aparırlar. Onlar artıq başqa insanlardır, onlar üçün, xüsusilə də Qərbdə, ekoloji problemlər yaşamağa məcbur olduqları tarixdir. Onlar ekoloji tarixdə yaşamaq məcburiyyətində qalacaqlar: ekoloji qaçqınlar olacaq, ekoloji problemlər bəşəriyyətin öhdəsindən gələ bilməyəcəyi ölçüdə böyük olacaq.

Və budur, hər şey tamamlanıb– peşəkar və texniki Hollywood imkanları və ixtiraları ilə çox yaxşı qurulmuş bir film. Ümumiyyətlə, hər şey çox yaxşı uyğunlaşıb. Rejissor milliyyətinə görə isveçdir. Ətraf mühit məsələləri isveçlərin şüuraltında çox güclu yer eləyib, ekoloji problemlərə, ekoloji məhsullara, yaşayış yerlərinə çox diqqət yetirilir. Həqiqətən də, hər şey çox yaxşı şəkildə bir araya gəlib.

Mən istərdim ki, insanlar bu serialı izləsin və düşünsünlər. Çunki biz artıq bu aləmə daxil olmuşuq və getdikcə daha da artan təhlükələr arasında yaşamaq məcburiyyətindəyik. Bu da sizin üçün süni intellekt və robotlar. Bax bu, tamamilə yeni bir dünyadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun