BŞİH: ‘Çimərliklərdə qapılar, şlaqbaumlar, qiymət yazılan lövhələr götürülüb’

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) əməkdaşlarının 9 müxtəlif məkanda Xəzər sahilinə qoyulan qapı və şlaqbaumları, habelə qiymət yazılan lövhələri götürdükləri bildirilir.

Bu barədə BŞİH-in mətbiat xidmətindən danışıblar. Məlumata görə, iyunun 15-dən etibarən çimərlik mövsümü açıq elan edilib, BŞİH Ticarət və xidmət departamenti paytaxtdakı çimərliklərə baxış keçirməyə başlayıb.

BŞİH-dən habelə deyilib ki, departamentin əməkdaşları əvvəlcə Şıx çimərliyində olublar, həmin çimərlikdə 9 müxtəlif məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar, habelə qiymət yazılan lövhələr götürülüb.

Açıqlamaya görə, eyni zamanda, sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.

Mətbuat xidmətindən verilən məluata görə, reydlər bu gün, iyunun 28-də də davam edəcək və əsasən Bakının Xəzər dənizi sahili kəndlərindəki çimərlikləri əhatə edəcək.

Amma BŞİH-dən qeyd edilib ki, çimərlik ərazilərinin pulsuz olması ilə bağlı qaydalar özəl çimərliklərə aid deyil.

“Özəl çimərliklər deyildikdə isə ərazisi özəlləşdirilmiş, hotellər, istirahət məkanları tikilmiş çiməriklər başa düşülür. Bir də var ki, bir qapı qoyub, məftil çəkib, hər hansı xidmət yox, sadəcə vətəndaşdan dənizə çimməyə gəldiyinə görə, pul alınır. Bunlar aradan qaldırılacaq”, deyə BŞİH-dən deyiblər.

2000-ci illərdən etibarən Xəzərin sahillərindəki çimərliklərin hasara alınması, çimərliklərə gələn vətəndaşrlardan pul alınmasına başlandığı bildirilir. Bu məsələ dəfələrlə ən müxtəlif səviyyələrdə müzakirə olunub, tənqidlər eşidilib.

Ölkə mətbuatında yer alan məlumatlara görə, bu il bu məsələ ilə bağlı hətta bəzi çimərliklərdə narazılıq və insidentlər yaşanıb.

Əvvəlki məqaləƏli Nağıyevin və Vilayət Eyvazovun rütbələri artırıldı
Növbəti məqalədəİspaniyada Braziliya prezidentinin təyyarəsindən 39 kilo kokain çıxıb