Braziliya Ali Məhkəməsi homofobiyanı cinayət əməli saymağa qərar verib

Braziliya Ali Məhkəməsi homofobiyanı cinayət əməli saymağa qərar verib
14 İyun 2019
Mətni dəyiş

Braziliyanın Ali Məhkəməsi homofobiyanı rəsmi olaraq cinayət əməli hesab etdiyini açıqlayıb.

Məhkəmənin 11 üzvündən 8-i homoseksuallar və transseksuallara nifrət dolu münasibəti irqçiliyə bənzər cinayət əməli hesab etməyin lehinə səs veriblər. Braziliyada irqçiliyə görə üç ilə qədər həbs, yaxud cərimə tətbiq olunur.

"Hər bir önyarqı zorakı cinayətdir. İstənilən diskriminasiya əzab oyadır", - bu haqda Braziliya Ali Məhkəməsinin hakimi Karmen Luziya ölkə mətbuatında bildirib.

O deyib ki, bəzi önyarqılar digərlərindən daha ağrılı olur. Belə ki, homofobiyadan insanlar və ailələr əziyyət çəkir, homofobiya valideynlər və uşaqlar, qohumlar və dostlar arasında uçurum yaradır.

Son illər Braziliyada homoseksual münasibətlərə qarşı nifrət dolu münasibət güclənib.

Braziliyada LGBT hüquqlarının müdafiəçisi olan "Grup Gay de Bahia" təşkilatı məlumat verir ki, bu ölkədə təkcə 2017-ci ildə homofobiya üzündən 387 cinayət işi baş verib, bu rəqəm 2016-cı il ilə müqayisədə 30 faiz çoxdur.

Braziliya parlamentində xeyli müddətdir homofobiya ilə mübarizə ilə bağlı qanun layihəsi üzərində müzakirələr aparılır.

Hal-hazırda ölkə parlamentinin böyük əksəriyyəti konservatorlardan ibarətdir. Ölkə prezidenti Jair Bolsanaru da homoseksualizm haqda mənfi fikirdə olduğunu dəfələrlə ifadə edib.

Braziliya parlamenti hələ də homofobiya ilə bağlı qanun layihəsini qəbul etməsə də Ali Məhkəmə müzakirələrdə fəal iştirak edir.

Ali Məhkəmədə homofobiya ilə bağlı qərara etiraz edən üç hakim bildirib ki, parlamentin müvafiq qanun layihəsi olmasa Ali Məhkəmənin hansısa əməli cinayət saymaq və o əməl haqda tədbir görməklə bağlı səlahiyyəti yoxdur.

Braziliya parlamenti də həmçinin Ali Məhkəmənin homofobiya ilə bağlı qərarını qanunsuz sayır, çünki bu ölkə Konstitusiyasına ziddir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun