Baş Prokurorluq "Gəncə işi"ndəki işgəncə iddialarını əsassız adlandırır

Baş Prokurorluq "Gəncə işi"ndəki işgəncə iddialarını əsassız adlandırır
14 İyun 2019
Mətni dəyiş

İyunun 13-də Sabunçu Rayon Mәhkәmәsindә şərti olaraq "Gәncә işi" adlanan prosesdә işgəncə şikayətləri ilə bağlı Baş Prokurorluğun qərarı açıqlanıb.

Bu barədə məhkəmə prosesində iştirak edən hüquq müdafiəçisi Oqtay Gülalıyev açıqlama yayıb.

Hələ mayın 16-da bu işdə mühakimə olunan qruplardan birinin Sabunçu Rayon Mәhkәmәsindә keçirilən prosesində tәqsirlәndirilәn şəxslərin mәhkәmә-tibbi ekspertizadan keçirilmәsi haqqında vəsatət təmin olunmuşdu.

Hazırda Sabunçu Rayon Məhkəməsində "Gəncə işi" üzrə ayrı-ayrı 8 nəfər müttəhimdən ibarət 2 qrupun prosesi davam edir.

O.Gülalıyevin sözlərinə görə, artıq işə yeni iki vəkil də qoşulub. Bunlar Şəhla HümbətovaZibeydə Sadıqovadır. O, proseslərdən biri haqqında bunları deyir:

"Hakim Dadaş İmanov vəkillərin və təqsirləndirilən şəxslərin çıxışını dəfələrlə kəsdi, onlara xəbərdarlıq edib işgəncə mövzusunda danışmalarına mane oldu...".

O.Gülalıyevin sözlərinə görə, vəkillər də öz növbəsində hakim D.İmanova yazılı etiraz təqdim ediblər. O.Gülalıyev bildirib ki, etiraza növbəti məhkəmə prosesində baxılması gözlənir.

Hüquq müdafiəçisinin sözlərinə görə, məhkəmənin ən diqqətçəkən məqamlarından biri işgəncə hallarının araşdırılması ilə bağlı Baş Prokurorluğunun məhkəməyə ünvanladığı qərar olub.

"Baş prokurorun birinci müavin Rüstəm Usubovun imzası ilə göndərilən qərarda təqsirləndirilən şəxslərə işgəncə verilməsi ilə bağlı iddiaların təsdiqini tapmadığı göstərilirdi...", -hüquq müdafiəçisi vurğulayıb.

O.Gülalıyevin deməsinə görə, əvvəlki iclaslardan fərqli olaraq iyunun 13-ə keçirilən prosesdə Avropa Birliyinin və ABŞ səfirliyinin nümayəndələri də iştirak ediblər.

Hüquq müdafiəçisinin bu açıqlamasına, hələlik, Baş Prokurorluqdan və işi aparan hakimlərdən münasibət almaq mümkün olmayıb.

Qeyd edək ki, mayın 16-da Sabunçu Rayon Mәhkәmәsindә "Gәncә işi" adlanan proseslərin birində tәqsirlәndirilәn şəxslərin mәhkәmә-tibbi ekspertizadan keçirilmәsi haqqında vəsatət təmin olunmuşdu. Onda hüquq müdafiəçiləri bildirmişdilər ki, hadisənin üstündən 10 ay keçsə də, işgəncə şikayətinin araşdırılması işdə müsbət dönüşdür. Üstəlik, məhbusların bəzilərinin bədənlərində hələ də işgəncə izləri qaldığı vurğulanırdı.

Ötən il Gəncə olaylarında həbs edilənlərin valideynləri də son aylar bir neçə dəfə etiraz aksiyası keçirərək işgəncə şikayətlərinin araşdırılmasını tələb etmişdilər. Onlar həmin olaylarda həbs edilənlərin həm Gəncədə, həm də Bakıda ağır işgəncələrə məruz qaldıqlarını vurğulamışdılar. Rəsmi qurumlar isə bu iddialara münasibət bildirməmişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun