Avropa Azərbaycanı seçki ilə bağlı konkret addımlar atmağa çağırır

Avropa Azərbaycanı seçki ilə bağlı konkret addımlar atmağa çağırır
13 İyun 2019
Mətni dəyiş

Avropa Şurası Nazirlər Komitəsinin 4-6 iyun iclasında Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı seçki hüquqlarının pozuntusu yönündə qəbul etdiyi qərarların icra vəziyyətini müzakirəyə çıxarıb.

1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.

İnsan hüquqları üzrə məlumat portalı gozetci.az bildirir ki, 4-6 iyun iclasında Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarına və komitənin çağırışlarına baxmayaraq Azərbaycan hökumətinin seçki islahatı keçirmək üçün hər hansı real addım atmamasından narahatlığını ifadə edib.

Qərarlar 2005 və 2010-cu illərdə keçirilmiş parlament seçkilərindəki pozuntular və bu pozuntulardan şikayətlərin effektiv araşdırılmaması, nəticədə ərizəçilərin azad seçki hüququnun pozulması ilə bağlıdır.

Avropa Məhkəməsi 23 qərarında 2005 və 2010-cu illərdə Azərbaycanda keçirilmiş parlament seçkilərində 50 ərizəçinin seçki hüququnun pozulduğunu elan edib.

İclasda qeyd olunub ki, hüquqları pozulan ərizəçilərdən 4 nəfərinə Avropa Məhkəməsinin təyin etdiyi kompensasiya ödənməyib.

Bildirilib ki, azad seçki hüququ Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat verilən fundamental hüquqlardan biridir və sənədi imzalayan hər bir dövlət azad və ədalətli seçkilər keçirmək öhdəliyi götürüb, ancaq Azərbaycan hökuməti seçki hüquqlarının təkmilləşdirilməsi üçün tələb edilən islahatları həyata keçirmir.

Nazirlər Komitəsi Azərbaycan hökumətini seçki qanunvericiliyini və təcrübəsini konvensiyanın tələblərinə uyğunlaşdırmaq üçün konkret addımlar atmağa çağırıb.

Komitə bu ilin dekabrında keçiriləcək növbəti iclasında bu məsələnin müzakirəsini davam etdirəcək.

Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun