20 ildən sonra ilk dəfə iqtidar və müxalifət namizədlərinin seçki debatı [maraqlı detallar]

20 ildən sonra ilk dəfə iqtidar və müxalifət namizədlərinin seçki debatı [maraqlı detallar]
16 İyun 2019
Mətni dəyiş

İyunun 23-də Türkiyədə İstanbul şəhərinə rəhbərlik uğrunda təkrar seçki keçiriləcək. Seçkidən əvvəl iqtidar AKP-nin namizədi Binali Yıldıram və müxalif CHP-nin namizədi Ekrem İmamoğlu canlı yayımda debata çıxacaqlar. 

Abzas olaraq seçkidən əvvəl baş tutacaq debat və seçki ilə bağlı maraqlı detalları sizə çatdırmağa çalışacağıq.

Seçkilərlə əlaqəli bu cür debat Türkiyədə təxminən 20 ildən sonra ilk dəfə baş tutacaq. İstanbul Böyükşəhər Bələdiyyə başqanlığı uğrunda 31 martda baş tutan seçki may ayının əvvəlində ləğv edildi.

Türkiyə siyasətində belə bir fikir var, "İstanbulda qələbə qazanan Türkiyəni qazanır". Ölkənin ən böyük şəhəri olan İstanbul həm maliyyə resursu baxımından, həm də siyasi baxımdan çox əhəmiyyətli yerdir. Ona görə, bu günlərdə Türkiyənin ən əsas gündəmi təkrar seçkilərdir.

31 martda baş tutan seçkilərdə qələbə qazanan müxalif namizədi Ekrem İmamoğlu və iqtidarın namizədi Binali yıldırım 16 iyunda canlı debata çıxacaqlar. Artıq debatla bağlı bir çox detal razılaşdırılıb.

Debat saat neçədə və hansı kanalda yayımlanacaq? 

Bazar günü baş tutacaq debat Türkiyə saatı ilə 21:00-da başlayacağı açıqlanıb.  İstanbulda Lütfi Kırdar Kongre Mərkəzində reallaşacaq yayımı bütün kanallar yayımlaya biləcəklər.

Məlumata görə, proqramın təşkilatçılığını və texniki bazasını AKP və CHP birlikdə təmin edəcəklər.

Moderator kim olacaq?

Debatın aparıcılığını Türkiyənin tanınmış aparıcılarından, FOX TV-də "Çalar saat" proqramını təqdim edən İsmail Küçükkaya olacaq.

İqtidar namizədi B.Yıldırım ilk olaraq qocaman jurnalist Uğur Dündarın moderator olmasını təklif edib. Aparıcı öncə təklifi qəbul edib, amma sonra  debatı idarə etməkdən imtina edib.

U.Dündar təkliflə bağlı deyib ki, onun moderator olacağı təqdirdə hər iki namizədə və Türkiyə demokratiyasına zərər verə biləcək bir sıra hazırlıqlar edildiyini görür: "Buna görə 50 ildir sadiq qaldığım ümumbəşəri jurnalistika prinsiplərindən dolayı moderatorluq etməməklə bağlı qərarımı ictimaiyyətə hörmətlə təqdim edirəm".

Debatın formatı necə olacaq?

[caption id="attachment_78854" align="aligncenter" width="1280"] İsmail Küçükkaya[/caption]

Aparıcı İsmail Küçükkaya proqramın formatı ilə bağlı mətbuata açıqlamasında bildirib ki, hər iki namizədə fərqli suallar verəcək: "Eyni sualı hər iki namizədə verməyəcəm. Bəzi sualları İmamoğluna, bəzi sualları Yıldırıma verəcəyəm".

Aparıcının sözlərinə görə, debat başlayana qədər nə namizədlər, nə də başqa kimsə sualları bilməyəcək. İ.Küçükkaya bildirib ki, ümumilikdə namizədlərə 20 sual verəcəyini planlaşdırıb.

Proqram nə qədər davam edəcək?

AKP və CHP-nin yaydığı məlumata görə, debatın nə qədər davam edəcəyi ilə bağlı konkret qərara gəlməyiblər: "Proqramın vaxtı sərbəst buraxılıb".

Ancaq aparıcı İ.Küçükkaya bildirib ki, hər namizədə 45 dəqiqə vaxt verməyi planlaşdırır. Ekrem İmamoğlu isə proqramda 10 dəqiqəlik reklam fasiləsi veriləcəyini deyib.

Bütün bunları nəzərə alanda reklamlarla birgə debatın 1 saat 40 dəqiqə davam edəcəyi gözlənilir.

Namizədlər necə hazırlanıb?

Məlumata görə, müxalif partiyanın rəhbərliyi debatdan əvvəl jurnalistika təcrübəsi olan milllət vəkillərini proqram hazırlıqlarına görə İstanbula səfərbər edib. Bu şəxslərin veriliş vaxtı da debatın keçiriləcəyi yerdə olacaqları bildirilir.

İmamoğlunun debatda qısaca bələdiyyə başqanlığı təcrübəsindən, həyata keçirdiyi layihələrdən və yeni ideyalardan, edəcəyi proyektlərdən danışacağı deyilir. CHP Binali Yıldırımın uzun zamandır İstanbul siyasətindən uzaq olmasını da avantaja çevirməyi hədəfləyir.

İqtidar partiyasında isə Yıldırımın soyuqqanlığı, siyasi təcrübəsi, zarafatcıllığı debat üçün üstünlük olaraq görülür. Hökumətə yaxın media vurğulayıb ki, moderatorun müəyyənləşdirilməsi prosesində aktiv olan AKP namizədinin xüsusilə müxalif aparıcıların adlarını çəkməsi özünə əminlikdən irəli gəlir.

Yıldırımın bu seçimi partiyada "rəqib meydança taktikası" kimi qiymətləndirilir. O, bu davranışı ilə "istədiyiniz yerdə, istədiyiniz şəxslərlə müzakirəyə hazıram" mesajı verdiyi deyilir. Eyni zamanda iqtidar namizədinin kampaniya dövründə "haqsızlığa məruz qaldığını önə çəkən" İmamoğlunun bu arqumentini əlindən almağı hədəflədiyi deyilir.

Bu səbəbdən Uğur Dündarın aparıcılıq təklifini qəbul etməməsi iqtidar düşərgəsində "itirilmiş xal" kimi qəbul edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun