Vəkil Yalçın İmanovun məhkəməsi Gəncədə keçiriləcək

Vəkil Yalçın İmanovun məhkəməsi Gəncədə keçiriləcək
7 May 2019
Mətni dəyiş

Mayın 17-də Gəncə Apellyasiya Məhkəməsi hüquqşünas Yalçın İmanovun şikayətinə baxacaq. Prosesə sədrlik hakim Afiq Hüseynzadəyə həvalə olunub. Yalçın İmanov apellyasiya instansiyasından Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il qərarının ləğvini istəyir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

Bu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi iş üzrə yekun qərar çıxarıb, Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verib.

Ötən il Gəncə İnzibati-İqtisadi Məhkəməsində ilkin baxış zamanı Yalçın İmanovun 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddiası icraata götürülməyib. Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə çəkişmələr aparsa da, nəticə əldə edə bilməyib. Məhkəmələr onun Rəyasət Heyətinə qarşılıqlı iddiasını icraata götürməməyi iddianın müstəqil tələb olması ilə əsaslandırıb. Bunu nəzərə alan hüquqşünas müstəqil tələblə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə şikayət edib, Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə şikayətində hüquqşünas Rəyasət Heyətinin 20 noyabr 2017-ci il iclasının qərarının surətinin ona təqdim olunmadığını bildirib. Ancaq həmin prosesdə də qərarın surəti ortaya çıxarılmayıb. Fevralın 13-də Vəkillər Kollegiyasının nümayəndəsi vəsatət qaldıraraq bildirib ki, qərarın qəbulundan sonra, 2018-ci il yanvarın 4-də protokoldan çıxarış Yalçın İmanova təqdim olunub, ancaq o, məhkəməyə müraciət üçün qanunla müəyyən edilən bir aylıq müddəti ötürüb və iddiaya baxılması mümkün sayıla bilməz. Hakim bu vəsatəti təmin edib, iddiaya baxışı dayandırıb.

Sumqayıt Apellyasiya Məhkəməsinə üz tutan Yalçın İmanov bu qərardadın ləğvini istəyib. Ancaq Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Qərar aprelin 2-də çıxarılıb. Yalçın İmanov Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun