Ukraynanın yeni seçilmiş prezidenti and içib və parlamenti buraxdığını elan edib

Ukraynanın yeni seçilmiş prezidenti and içib və parlamenti buraxdığını elan edib
20 May 2019
Mətni dəyiş

Mayın 20-də Ukrayna Ali Radasında yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib.

Prezident and içdikdən sonra andiçmə mətnini imzalayıb və onu Konstitusiya Məhkəməsinin sədrinə təqdim edib. Sədr isə onun prezident vəzifəsinin icrasına başladığını elan edib.

Vladimir Zelenskinin andiçmə mərasimi Ukrayna parlamentinin sessiya zalında keçirilir.

V.Zelenski Ali Radada andiçmə mərasimində dövlət məmurları qarşısında ilk tələbini  də qoyub. "Çox istərdim ki, kabinetlərinizdə mənim şəkillərim, portretlərim olmasın. Çünki prezident büt deyil, onun portreti isə simvol xarakteri daşımamalıdır. Divarlara uşaqlarınızın şəkillərini asın və verdiyiniz hər qərarda onların gözlərinə baxın".

Mərasimdə Litva Prezidenti Dalya Qribauskayte, Macarıstan Prezidenti Yanoş Ader, Latviya Prezidenti Raymonds Veyonis, Estoniya Prezidenti Kersti Kalyulayd, Gürcüstan Prezidenti Salome Zurabişvili iştirak edirlər.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edir.

Mərasimin təntənəli hissəsindən sonra yeni prezident xarici dövlət başçıları və hökumət üzvləri ilə Prezident Administrasiyasında görüşəcək.

Bundan sonra Vladimir Zelenski dövlət başçısının rəsmi hakimiyyət rəmzlərini alıb.

Ukraynanın müstəqil xəbər agentliyi "Unian" xəbər verir ki, Zelenskinin Ukrayna prezidenti kimi ilk qərarı ölkə parlamenti olan Ali Radanı buraxmaq və növbədənkənar parlament seçkiləri keçirmək olub.

Zelenski parlamentdə çıxışı zamanı deyib ki, "Mən 8-ci çağırış Ali Radanı buraxıram. Ukraynaya eşq olsun!"

Prezident yeni parlament seçkilərinin gününü inaqurasiya mərasimindən dərhal sonra təyin edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun