Seçim: monarxiya, yoxsa xalqın seçimi? - Hacı Səfərov

Seçim: monarxiya, yoxsa xalqın seçimi? - Hacı Səfərov
27 May 2019
Mətni dəyiş

Son dövrlərdə ən çox diqqətimi çəkən film növü sənədli filmlərdir. Lakin Azərbaycan kinematoqrafiyasına və gənclərin meyillərinə baxdığım zaman belə bir mənzərəylə qarşılaşıram: Əksər rejissorlar sənədli filmlər çəkmək istəmir. Çəkilənlər də tarixi, hadisələri, faktları yenidən interpretasiya etmir, hər şeyi olduğu kimi, heç bir yaradıcı toxunuş olmadan bizə göstərməklə kifayətlənir. Belə olduqda insanda istər-istəməz sual yaranır: Sənədli filmlər həyatı olduğu kimi lentə almaqdır, yoxsa onu yenidən fiksə edib mənalandırmaqdır?

Müqəddiməni çox uzatmadan bu yaxınlarda yayımlanmış “Seçim: monarxiya, yoxsa xalqın seçimi?” sənədli filminə keçmək istəyirəm. Filmin rejissoru Əli Əliyev, senaristləri isə Sevda Sultanova və Vəli Ağsuludur. Bu sənədli qısa filmin (metrajı 40 dəqiqədir) əsas məqsədi son 17 ildə Azərbaycan siyasi tarixində baş verən üç referendumdan və insanların həyatındakı təsirindən bəhs edir. Üç referendumu şərh edən üç şəxs var. Həmin şəxslər bizə kifayət qədər tanışdır: Hikmət Hacızadə, Erkin Qədirli və Zahid Oruc. Hikmət Hacızadə və Erkin Qədirli müxalif cəbhəni təmsil edir, Zahid Oruc isə iqtidarın qərarlarını müdafiə edir.

Film üç müxtəlif düşüncəli şəxsin fikirləri ətrafında qurulur və inkişaf edir, digər tərəfdən isə insanların gündəlik həyatlarından çeşitli kadrlarla tamamlanmağa çalışır. Sənədli filmlərin vacib elementi olan “Danışan başlar” burda da qarşımıza çıxır. Lakin qurulan kamera bucaqlarından da aydın olur ki, burdakı “danışan başlar” maksimum  səmimi ab-havada danışdırılmağa cəhd edilir. Bu məqsədə təkcə Hikmət Hacızadə ilə söhbətdə nail olunub. Digər tərəfdən partiya qərargahında danışan Erkin Qədirli və kresloda oturub müsahibə verən Zahid Oruc filmin atmosferini tamam ayrı yerə çəkir. Üç müsahibin arasında keçid edərkən ayrı-ayrı dünyalara səyahət edirmişsən kimi təəssürat yaranır. Belə olduqda izləyici filmin yaratmaq istədiyi atmosferə girə bilmir. Bir yanda səmimilik, bir yanda isə rəsmilik var.

Bu müsahiblərə Xocalı nümayişindən kadrlar yoldaşlıq edir. Müsahiblərin iddia etdiyi və müdafiə etdiyi fikirlər həmin görüntülərlə birləşdirilməyə çalışılır. İzah edilən fikirlər və göstərilən kadrlar arasında paralellik quraraq dərin altməna yaradılmağa çalışılır. Amma bu altmənanın verilmək forması heç uğurlu alınmır. Digər tərəfdən filmin 17 illik dövrü əhatələmək istəyi ekranda aydın şəkildə göstərilmir. Hər üç referendum barəsində yalnızca Erkin Qədirli məlumat verir, müəyyən dərəcədə tarixi və siyasi kontekstini açıqlayır ki, bununla da mövzuya tam yad olan, 20-30 il sonra izləyəcək xəyali tamaşaçı üçün azacıq da olsa məlumat payı ayırır. Digər müsahiblər isə dövrlə, şərtlərlə, faktlarla maraqlanmır. Onların əsas istəyi və arzusu beyinlərindəki düşüncələri insanlara çatdırmaqdır. Film də öz müsahiblərindən fərqlənmir. Heç bir tarixi faktdan söz açılmır. Daha çox spekulativ məsələlər üzərinə fokuslanır. Bu spekülativ məsələlər rejissorun vermək istədiyi mesajla bütövləşmir. Sadəcə müsahib danışır, görüntü gedir, vaxt ötür və ortada yalnızca fikirlər qalır. Bu həmin fikirlərdi ki, müsahiblər başqa media quruluşlarına, jurnalistlərə mövzu barədə danışanda da eyni cavabları verirlər. Təbii ki, başqa-başqa cavablar verməyini gözləmək haqsızlıq olardı, lakin vurğulamaq istədiyim məqam budur: Əgər rejissor öz incə toxunuşlarıyla sadə söhbətlərdən ümumi ideyanı çıxara bilmirsə, filmi hansısa KİV-ə verilən müsahibədən fərqləndirən məqam nədir?  Belə olduğu halda ilk abzasda ortaya qoyduğum sual yenidən aktuallaşır. Sənədli filmlər həyatı olduğu kimi göstərməkdən daha çox, onu yenidən mənalandırmaq cəhdidir. Əgər rejissor öz istəyini ekranda realizə edə bilmirsə, deməli təkcə həyatı lentə almaqla məşğuldur.

Həqiqətən də “Seçim” filmi həyatı lentə alır. Hikmət Hacızadə çay dəmləyir, Zahid Oruc öz kreslosu arxasında danışır, hətta ondan müsahibə alan şəxs də arada telefonuna baxır, Erkin Qədirli isə öz partiyasının gələcəyə dair balaca ümidlərindən bəhs edir. Bizə deyilmək istənən şeylər isə “Ölkəm” romansının arxasına gizlənir. Kənd camaatının gündəlik həyatı və bu romansın ifası ilə hər şey ifadə edilməyə çalışılır. İfadə cəhdinin kifayət etmədiyi isə gün kimi aydındır. Bəlkə də müsahib sayı daha çox, tarixi faktlar isə tutarlı şəkildə, ardıcıllıqla göstərilsə və bizi bu nöqtəyə gətirib çıxaran hadisələr səbəb-nəticə əlaqəsi qurularaq verilsə, hər şey tamam başqa cür ola bilərdi. Digər tərəfdən isə 40 dəqiqəlik filmdə 17 ili tam əhatə etməsini gözləmək biraz xəyalpərəstlikdir. Həm də film çəkməyin çətinlikləri, siyasi mövzuların təhlükəliliyi nəzərə alındıqda məsələnin bu cür yozumu daha da başa düşülən olur. Ancaq filmlər uzun illər sonra əsasən öz daxili parametrlərinə görə dəyərləndirildiyi üçün indiki çətinliklər, siyasi vəziyyət və sair və ilaxır kimi səbəblər  izləyiciyə maraqlı olmayacaq.

“Seçim”i indi bir kənara qoyub başqa bir sənədli filmə keçmək istəyirəm. Errol Morrisin 1988-ci ildə çəkdiyi “Nazik mavi xətt (The Thin Blue Line)” həyata birbaşa təsir edən azsaylı filmlərdən biridir. Rəndl Deyl Adams adlı şəxsin haqsız yerə həbs olunması və ölümə məhkum edilməsi filmin çıxış nöqtəsidir. Rejissor baş vermiş cinayət hadisəsini şahidlərdən və cinayət haqqında araşdırma aparan şəxslərdən müsahibələr götürərək yenidən canlandırır. Bir növ hadisəni interpretasiya edir və mənalandırır. Polisin etmədiyi və ya edə bilmədiyi araşdırmanı rejissor özü edir. Ölümə məhkum olan adamla söhbətləşir. Kameraya baxıb danışan adam isə bizi həqiqətən inandırır ki, o, cinayəti törətməyib. Digər tərəfdə isə rejissor öz sözünü və fikirlərini ifadə etməkdən çəkinmir. Açıq-aşkar şəkildə günahsız adamın ölümə məhkum edilməsində əsas günahkarın dövlət qurumları və onların öz işlərinə dırnaqarası yanaşması olduğunu göstərir. Rejissor filmiylə həyatı yenidən mənalandırır. İzləyənlərə hadisələrin başqa cür ola biləcəyinə dair şübhə toxumları səpir və bu barədə düşünməyə səsləyir. Təsadüfi deyil ki, film göstərilməyə başlayandan sonra ölümə məhkum edilmiş Rəndlın cinayət işi yenidən araşdırılmağa başlayır və günahsız olduğu ortaya çıxır. Bununla da həyatı yenidən mənalandırmaq cəhdi xoşbəxt sonluqla bitir. Rəndl həbsdən azad olur və ömrünün geri qalan hissəsində “Ölüm cəzası”na qarşı mübarizə aparır. Filmin  burda yazılanlardan əlavə toxunduğu başqa məqamlar da var. Bu məqamlar əsasən insan xarakteri, şərin dünyəviliyi, məsuliyyətsizliyin gətirib çıxardığı dəhşətli fəsadlar barədədir. Rejissor bir yandan öz cinayətini aydınlaşdırmağa çalışır, digər yandan isə məsələni dünyəviləşdirərək və vacib suallar verərək 30 il sonrakı xəyali izləyicisi üçün də aktual olmasını planlayır. Film ortaya çıxandan 31 il sonra Azərbaycan adlı uzaq diyarda bir şəxs izləyib haqqında düşünürsə, suallar verirsə, rejissor istəyinə çatıb desək yanılmarıq.

Təbii ki, bu iki filmin müxtəlif şərtlər altında, müxtəlif büdcələrlə və fikirlərlə çəkildiyi aydındır. Hətta onları müqayisə etmək belə hər ikisinə haqsızlıqdır. Lakin vurğulamaq istədiyim məqam tamam ayrıdır. Bir filmin təsir gücü düşündüyümüzdən daha böyük ola bilər. Ola bilər ki, kiminsə həyatını xilas etsin və ya hansısa hadisə haqqında məlumatlandırsın.  Sənədli filmlərin gücü bizə yaşamadığımız, yaşaya bilmədiyimiz həyatları, taleləri göstərməkdən qaynaqlanır. “Seçim” bir izləyici kimi çox az məlumat, təcrübə verdiyi halda, “Nazik mavi xətt” kifayət qədər dolğun həyat biliyi öyrədir. Bəlkə də kultlaşmış bir filmlə hələ kino sənayesi olmayan, rejissorların müxtəlif çətinliklərlə üzləşdiyi ölkədə çəkilən qısa filmi qarşı-qarşıya qoymaq çox böyük haqsızlıqdır. Lakin getmək istədiyin yeri bilməsən, heç yana gedə bilməzsən. Sadəcə yerində sayarsan. Daha yaxşı yerlərə gəlib çıxmaq üçün belə nişanlar vermək qəbahət sayılmamalıdır.

Daha yaxşı yerlərə - həyatın yenidən mənalandırıldığı sənədli filmlərə -çatmaq  ümidiylə.

Hacı Səfərov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun