“Salaam Cinema”nın binasının tarixi abidələr siyahısına salınması üçün araşdırma aparılır

“Salaam Cinema”nın binasının tarixi abidələr siyahısına salınması üçün araşdırma aparılır
16 May 2019
Mətni dəyiş

“"Salaam Cinema"nın yerləşdiyi binanın memarlıq üslubu və tarixiliyi nəzərə alınaraq Nazirlər Kabinetinə müraciət olunub”.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov mediaya açıqlamasında deyib.

O, “Salaam Cinema”nın yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması üçün araşdırma aparıldığını qeyd edib:

“Araşdırmadan sonra sənədləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmişik. Binanın siyahıya salınması ilə bağlı müvafiq qərar isə Nazirlər Kabineti tərəfindən veriləcək”.

"SalaamSinema" qeyri-rəsmi kinohəvəskarlar cəmiyyətinin rəhbəri İlkin Hüseynov isə Turan-a açıqlamasında bildirib ki, molokanların keçmiş ibadət evinin ətrafında yaranmış münaqişənin həlli ilə Azərbaycan prezidenti yanında Gənclər Fondu məşğul olur.

"Hazırda S.Rüstəm küçəsi, 10 ünvanında yerləşən bu binanın gələcək statusunun müəyyən edilməsi prosesi gedir. Proses üç aya qədər sürəcək. Məsələ Milli Elmlər Akademiyasında da öyrənilir, belə ki, binanın tarixi dəyərini müəyyən etmək lazımdr. Sonra məsələ ilə digər instansiyalar məşğul olacaqlar".

Münaqişə mayın 6-da yaranıb. Binanın sahibi "Salaam Cinema Baku" qrupunu binadan çıxarmaq, binanı isə sökmək istəyib. Lakin gənclər çıxmaqdan imtina ediblər və dövlətdən memarlıq tikilisinin saxlanmasını tələb ediblər.

Gənclərin birinci vitse-prezident Mehriban Əliyevaya müraciətindən sonra çıxarılma prosesi dayandırılıb.

Gənclər bildiriblər ki, bina dövlətin mühafizəsinə götürüldükdən sonra oranı tərk edəcəklər: "Bina onun formal sahibi Valeh Qasımovdan alınmalıdır, çünki o, binanı sökmək niyyətindədir".

Gənc fəallar ehtimal edirlər ki, binanın sahibi onun qəzalı və sökülməli olduğunu elan etməyə nail olar.

"Biz tarixi binaya sahib olmağa iddia etmirik. Hesab edirik ki, onu azərbaycanlı molokanlara qaytarmaq düzgün olardı ki, onlar orada öz dini ayinlərini icra etsinlər. Biz onlarla görüşdük və bu barədə danışdıq", - İ.Hüseynov bildirib.

Turan agentliyinin araşdırması göstərib ki, Rabitə Nazirliyinin mülkiyyəti olan bina keçmiş rabitə naziri Əli Abbasovun dövründə özəlləşdirilib. Belə güman etməyə əsas var ki, binanın real sahibi V.Qasımov deyil. Bakının mərkəzində çox məhdud sayda şəxsin obyekt özəlləşdirməsinə imkan verilir. Yerli sakinlərdn biri deyib ki, binanın əsl sahibi hansısa generaldır.

Hələlik molokanların ibadət evində bir neçə gənc növbə çəkir. V.Qasımovun nümayəndələri də oraya gəlir. Onlarla gənc fəallar arasında münasibətlər gərgindir. Binaya giriş sərbəstdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun