"Salaam Cinema" film festivalı keçirir

"Salaam Cinema" film festivalı keçirir
23 May 2019
Mətni dəyiş
Bakının mərkəzində tarixi binanın (molokanların keçmiş ibadətxanası) qorunması uğrunda mübarizəsi ilə məşhurlaşan Salaam Cinema İctimai Gənclər Birliyi mayın 23-dən 26-na qədər Süleyman Rüstəm küçəsi, 10 ünvanında yerləşən bu binada IN-VISIBLE kino festivalını keçirir. Festivalın təşkilinə digər qeyri-formal gənclər təşkilatları da qoşulub. Tədbir Niderlandın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə keçirilir. Festival çərçivəsində mayın 23-də saat 19:00-da "Bığlı qadın. Saqqalsız kişi" adlı bədii sərginin açılışı olacaq. Saat 19:15-də ODA teatrının ifasında "Qadın səsi" teatr tamaşası nümayiş olunacaq. Saat 20:00-da Kann festivalının qalibi (2018), Hollandiyalı rejissor Lukas Horstun "Qızlar" filminin nümayişi olacaq. Saat 22:30-da konsert başlayacaq. Festival günləri ərzində səkkiz filmin nümayişi və daha sonra müzakirələri olacaq. Women sənədli filmi Azərbaycan kinematoqrafçıları tərəfindən çəkilib. Bütün filmlər Azərbaycanda ilk dəfə nümayiş olunur, deyə Salaam Cinema fəallarından Leyli Qafarova Turan-a bildirib. "Binanın gələcək statusunun və taleyinin müəyyən edilməsi ilə məşğul olması tapşırılan Gənclər Fondundan bildiriblər ki, biz iki ay burada qala bilərik", deyə Qafarova bildirib. Digər gənc fəal İlkin Hüseynov bildirib ki, fəallar binanın dövlət tərəfindən mühafizə olunan tarix və ya memarlıq abidəsi statusu alacağı anı gözləyirlər. Salaam Cinema bu ilin fevralında 1913-cü ildə tikilmiş və tərk edilmiş binanı kirayə götürüb. Orada kino nümayişləri, sərgilər, mədəniyyət mövzusunda müzakirələr aparılırdı. Mayın əvvəllərində bina sahibi polisin dəstəyi ilə fəalları köçürməyə çalışıb. Gənclər ictimaiyyətin dəstəyi ilə binanı müdafiə edib, gecə-gündüz növbə çəkib. Mayın 7-də birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, Bakıda Süleyman Rüstəm küçəsində qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altına götürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun