Problemli kreditlərlə bağlı kompensasiyaların mayın 31-nə kimi ödəniləcəyi deyilir

Problemli kreditlərlə bağlı kompensasiyaların mayın 31-nə kimi ödəniləcəyi deyilir
20 May 2019
Mətni dəyiş

"Problemli kreditlərin həli məsələsində Koreya təcrübəsi doğrudan da mütərəqqidir".

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılov Bakıda keçirilən “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya Təcrübəsi” mövzusunda keçirilən beynəlxalq konfransda qeyd edib.

O, problemli kreditlərlə bağlı fərmanın 600 mindən yuxarı insanı əhatə edəcəyini və bununla bağlı xeyli iş görüldüyünü vurğulayıb.

"İşlər davam etdirilir. Bu fərman insanların sosial durumunun yaxşılaşdırılmasına xidmətə hesablanıb. Bütün restruktizasiya olunan bank faizləri ilə bağlı məhkəmə işlərinə isə xitam veriləcək. Bütün kompensasiyaların mayın 31-nə kimi ödənilməsi nəzərdə tutulub", - deyə Nəzarət Palatasının nümayəndəsi bildirib.

Bu il fevralın 28-də prezident İlham Əliyev banklara 10 min dollara qədər borcu olan fiziki şəxslərə güzəşt edilməsi ilə bağlı fərman verib. Sənədə görə, vətəndaşa devalvasiyalar nəticəsində dəyən ziyanın böyük bir hissəsi dövlət hesabına ödənməlidir.

2015-ci ildə Azərbaycanda iki dəfə (fevral və dekabr) devalvasiya baş verib. Birinci devalvasiyada 1 dollar 78 qəpikdən 1 manat 5 qəpiyə yüksəlib. İkinci devalvasiyadan sonra isə 1 dollar 1 manat 55 qəpiyə bərabər olub. Bunun ardınca 1 dollar 1 manat 90 qəpiyə qədər bahalaşsa da, sonradan 1 manat 70 qəpik civarında dəyişməz qalıb.

Həmin devalvasiyalardan sonra xarici valyutada götürülən kreditlərin qaytarılmasında çətinlik yaşanıb. Hazırda ölkədə problemli kreditlərin ümumilikdə 1.6 milyard manata yaxın olduğu açıqlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun