‘MeydanTV’ işi ilə bağlı daha iki şəxsin ölkədən çıxış qadağası götürüldü

Vüqar Əli və Orxan Məmmədov

Hazırda Avropada yaşayan Orxan Məmmədovun və musiqiçi Camal Əlinin qardaşı Vüqar Əlinin ölkədən çıxışına qoyulan yasaq götürülüb.

Hər iki şəxsin ölkədən çıxışına qoyulan qadağa MeydanTV-yə qarşı açılan cinayət işi ilə bağlı olduğu bildirilirdi.

Qadağanın götürülməsi ilə bağlı Orxan Məmmədova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsindən məktub gəlib.

Məktubda bildirilib ki, “Meydan TV” internet media kanalının vəzifəli şəxsləri barəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə zərurətin aradan qalxması ilə əlaqədar Orxan Çingiz oğlu Məmmədov barəsində tətbiq edilən sərhədkeçməyə məhdudiyyət tədbiri mayın 13-dən ləğv olunub.

Hazırda Almaniyada yaşayan musiqiçi, Meydan TV-nin əməkdaşı Camal Əlinin qardaşı Vüqar Əlinin də Azərbaycandan çıxışına qoyulan qadağa götürülüb. Bu o, sosial şbəkədə məlumat yayıb. Onun sözlərinə görə, mayın 20-də Daxili İşlər Nazirinə yenidən şikayət göndərib ki, işinə bir də baxsınlar.

“Bundan öncə dəfələrlə mən və vəkilim yazsaq da, heç bir cavab verilmirdi. Bu gün isə DİN əməkdaşı zəng edərək onlar tərəfindən hər hansı bir məhdudiyyətin olmadığını və ölkədən çıxa biləcəyimi bildirdilər”.

İndiyədək müstəqil jurnalistlər Aynur Elgünəş, Sevinc Abbasova, Aytac Əhmədova, Aytən Fərhadova, İzolda Ağayeva, Natiq Cavadlı, yazıçı Rasim Qaraca istintaq idarəsində olublar. Onların da ökədən çıxışına qoyulan qadağa aradan götürülüb.