Generalın bacısı oğlu xuliqanlığa görə saxlanılıb

Generalın bacısı oğlu xuliqanlığa görə saxlanılıb
16 May 2019
Mətni dəyiş

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, mayın 13-də saat 23 radələrində Nərimanov rayonunun A.M.Cümə küçəsində bir qrup şəxsin ictimai asayişi pozan xuliqanlıq hərəkətləri etmələri barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal hadisə yerinə çıxan Polis Şöbəsinin əməkdaşları tərəfindən onlardan 5 nəfəri saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxslərin Bakı şəhər sakinləri İsa Əzizov, Samir Binnətəliyev, Rəcəb Həmidov, Telman BalayevValid Məmmədli olduqları müəyyən edilib.

Onlardan 1 ədəd “Vinçester” markalı tüfəng, 2 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd elektroşoker götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisənin digər iştirakçılarının da tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, mediada yayılan məlumata əsasən, saxlanılmış İsa Əzizov iş adamı, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Nadir Əzizovun oğlu və Ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevlə deputat Adil Əliyevin bacısı oğlanlarıdır. Onun adı indiyədək bir neçə bu tipli olayda hallanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun